Günahkar bizik...

CƏLİL CAVANŞİR
34014 | 2014-01-08 07:26
İntihar xəbərləri oxuduqca içimdə nə isə qırılır. Demək olar ki, hər gün oxşar xəbərlərlər rastlaşırıq. Ötən ilin son günləri bütün ölkəni sarsıdan intihar hadisəsi - Qarabağ qazisinin özünü yandırması - unudulmadan daha bir nəfər sosial problemlər ucbatından özünü yandırdı.
İl başlayar-başlamaz ordumuzun bir əsgəri intihar etdi. Eyni gündə sonradan psixi problemləri olduğu deyilən bir gənc özünü körpüdən atdı...
Hələlik oxuduğum ən son intihar xəbəri Şamaxıda baş verib. 11 yaşlı Pərvanə həmkəndlisi 14 yaşlı Nuranənin intiharından təsirlənərək özünü asıb. Onun həyatını xilas etmək mümkün olsa da, qızcığaz komadadır.
Qəribə burasındadır ki, kütləvi şəkildə intihar cəhdlərinin qınanılması prosesi başlayıb. Heç kəs səbəbləri müzakirə etmək istəmir. Nəticəni isə müzakirə etməyin heç bir faydası yoxdur.
Mən bir neçə dəfə müəyyən səbəblərdən intihara cəhd etmişəm və intiharın necə çətin qərar olduğunu yaxşı bilirəm. İnsanın özünə xəsarət yetirməsi, şüurlu şəkildə ölümü seçməsi necə asan ola bilər axı?
Lağ edənləri, "Allah intihar edənləri bağışlamır", "Gərək ailəsini düşünəydi", deməklə ağıllı görünməyə çalışanları anlaya bilmirəm. Sizcə əlində olan ən qiymətli şeydən - canından - vaz keçməyi bacaran adamın bütün bunları düşünmək şansı varmı? Sizcə normal düşünən beyinlə intihar qərarı verilə bilərmi?
Qınamaq, lağ eləmək çox asandır. Bir anlıq özünüzü həmin insanların yerində hiss edin. Barmağınıza iynə batırmağa cəsarətiniz çatarmı?
Azərbaycan kimi ölkələrdə heç kəs harınlıqdan, "doymuşluqdan" intihar etmir. Az qala bütün intiharların səbəbi sosial problemlər, cəmiyyətdəki natamamlıqlar, məmur özbaşnalığı, ordudakı haqsızlıqlardır...
Günahkarlar da, problemlərin kökü də bəllidir. Ancaq biz rahat, isti evimizdə, bilgisayarın qarşısında oturub intihar edənləri qınamaqla məşğuluq. Eyni zamanda ailə inistutundakı boşluqlar da bu cür dəhşətli hadisələrə təkan verir.
İntiharın hansı psixaloji problemlərdən qaynaqlandığını, qoy bu sahənin adamları yazsın.Mən isə kiçik amma önəmli bir məqama diqqət çəkmək istəyirəm.
Şamaxıda qonşusunun intiharını təqlid edən kiçik qızcığazın xəbərini oxuyanda yadıma heç vaxt unutmayacağım bir uşaqlıq xatirəsi düşdü.
...Kəndimizdə cavan bir oğlan heç kəsə bəlli olmayan səbəblərdən intihar etmişdi. Ailəlikcə bostanda, əkin sahəsində işləmək üçün bağımıza getmişdik. Mənim 9, qardaşımın 8 yaşı vardı. Valideyinlərim və qonşularımız nahar vaxtı oturub özünü asan gənci qınayır, özünü necə, hansı şəraitdə asmağından danışırdılar. Söhbətin uzandıqca, uzanırdı. Qəfildən anam qardaşımın yanımızda olmadığının fərqinə vardı. Təlaşla çığırmağa, vurnuxmağa başladı. Qonşular da narahatçılıqla ətrafa səpələnib qardaşımı axtarırdı. Hardan ağlıma gəldisə bilmirəm, çığırdım: "Ana, yəqin o özünü da özünü asıb." Yəqin bir az öncə eşidiyim söhbətin təsirindən idi. Amma ehtimalım düz çıxdı. Qardaşım gecələr qalmaq üçün istifadə elədiyimiz köhnə avtobusda nazik iplə özünü asmağa cəhd etmişdi. 8 yaşlı uşaq eşitdiyi söhbətlərdən təsirlənmişdi. Onun hədəqədən çıxmış gözlərini hələ də unuda bilmirəm.
O gün qardaşım özünə gələnə qədər qonşuların və anamın özlərinə necə nifrin yağdırdıqlarını xatırlayıram. Anam dizinə döyüb ağlayırdı ki, "Ay dili qurumuşlar, heç uşağın yanında da, özünü asan adamdan danışarlar?".
Bəlkədə qardaşım artıq bu əhvalatı unudub, amma mən unuda bilmirəm.
İntihar xəbərlərinin bəh-bəhlə tirajlanması, bəzi saytların bu cür xəbərlərin əvvəlinə "ŞOK", "DƏHŞƏT", "QANDONDURAN" yazması, hətta televiziyalarda süjetlərin hazırlanması zərərli tendensiyadır.
Bilmirəm, bəlkə də peşəkar jurnalistikada bu tip xəbərlərin tirajlanması normaldır. Amma Azərbaycanda yaşadığımızı unutmayaq. Faktiki olaraq bu tip xəbərlər insanlarda böyük bir ümidsizlik, ruh düşkünlüyü yaradır. Hətta xəbərlər təhrikedici tərzdə hazırlanır.
Nəticələr isə, ortalıqdadır.
Düşünürəm ki, redaktorlar və krimnaldan yazan müxbirlər bu məsələdə maksimum məsuliyyətli və həssas olmalıdır. Elə insanlarımız da.
Bəlkə də gözümüzün qarşısında baş verən intiharların səbəb bizim laqeyidliyimiz və biganəliyimizdir. Bəlkə də günahkar bizik...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV