13 Iyul 2024 14:34
281
GÜNDƏM

Hərbçilərimiz şərti düşmən hədəflərini məhv etdi - VİDEO

"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir.

Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, plana uyğun olaraq, təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı vasitəsilə uçuşlar həyata keçirərək, təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.

Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin qarşısını alaraq onun canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.

Eyni zamanda təlimə cəlb edilən komandolarımız qrup şəklində sürətlə şərti düşmənin arxasına sızaraq mövqeyin ələ keçirilməsi, eləcə də hakim yüksəkliklərin və yolların nəzarət altında saxlanılması üzrə tapşırıqları icra ediblər.

Həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yaralı hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onların döyüş meydanından təxliyə olunması həyata keçirilib.

"Birləşdik - 2024" beynəlxalq təlimində qarşıya qoyulan bütün tapşırıqlar iştirakçı dövlətlərin hərbi qulluqçuları tərəfindən yüksək peşəkarlıqla icra edilir.