Həyat gözlərində əlvan rəngdə idi - Əntiqə Kərimzadə yazır…
( Məmməd Dəmirçioğlunun əziz xatirəsinə )
Külək yaman əsir… Bu dəfə qərbdən əsir… Bəlkə də qərbdən yox, külək sözdən fırçaya doğru əsir. Kiminin gözündəki rəngi üşüdür, kiminin də içindəki xatirə dolu misraları… Hər əsən küləkdə bir tablo şeir gəlir İncəyə. Hələ molbertin fırçadan üz döndərməyi varmış… Bu dönüşün heç fərqinə varmadıq. Hər payız gəlişini pəncərələrdən bildirər. Məmməd Dəmirçioğlu sözə və molbertə hopduğu kimi payız da pəncərələrə hopar. Həyat onun gözlərində əlvan rəngdə idi. Elə ürəyi də rəsmləri kimi isti rəngə boyanmışdı. Payız yarpaqları kimi kövrəlmək ona doğma hislər idi. Özü deyərdi ki, gülmək çox çətin işdir. Çətinliyin səbəbin soruşanda isə belə deyərdi; -“ gərək elə güləsən ki, kədərə acıq verəsən. Bu, varsa nə xoşbəxt sənə, dərdiş” Nə yazıq ki, Dəmirçioğlu bu dəfə kədərə acıq verə- verə gülə bilmədi. Nə özü güldü, nə sözü , nə də ki gözləri rəsm güdən, ürəyi söz istəyən insanlar…
O gün İncəyə getmişdim. Elə bil təbiətin rəngi solub, sözü quruyub İncənin. Buludlar çiçəklərin üstünə sərilib ki, ağılar deyiləndə çiçəklərin ağladığını görən olmasın. Birdəki görən olsa nə fayda… O nəmləri silməyə nə söz var idi, nə də bir parça rəsm. Hər ikisi də Məmməd Dəmirçioğlu ilə dəfn olunmuşdu. Bəli, ruhumuza dəfn etmişdik. Hər kəsdən kənarda bir ozan gördüm. El dili ilə desək, heç kəsə qaynayıb-qarışmırdı. Adam gözlərindən şairə, üst-başından isə rəssama oxşayırdı (təbii ki, nə demək istədiyimi anladınız).
Axşamüstü idi, hər kəs öz komasına çəkilmişdi. Mənim isə diqqətim gördüyüm iki dünyalı adamda idi. Onu sezmək mənə nəyisə öyrədirdi. Bir soruşun, nəyi?- Heç özümün də içimdə özümə izah edə bilmədiyim bir sızıltını, bir təlatümü, bir darıxmağı öyrədirdi… O darıxmaq ki, fırçanın molbertdən ötrü darıxdığı an idi. Hə, deyəsən özüm də söhbətimdən yayınıram. Qayıdım qocanı sezməyimə. Hamının diqqəti ondan çəkiləndən sonra özünü İncədəki yarpaqları tökülmüş, beli bükülmüş çinarın altına yetirdi. Başladı “ney-ney” deyib mizrabını simə vurmağa nalə ilə, qəhər ilə, nisgil ilə… Elə bil ozan da Dəmirçioğlunun yoxluğundan nisgilli idi. Elə nisgilli idi ki, həmin nisgili heç dediyi türkülərə( nəğmələrə) də bükə bilmirdi. Amma ürəyinə yaman bükmüşdü o nisgili. Qaranlıq başımızın üstünü haqlamışdı. Yaxınlaşıb nədən belə dərdli oxuyursan, dedim. Guya onu anlamıdım. Mənə elə baxdı ki, elə bil Dəmirçioğlunun şeirləri məni danladı (həmişə özü məni danladığı kimi). Üzümə məzlum-məzlum baxıb mənə cavab verdi, söyləyəcəyim şeir sənə verəcəyim cavabların ən doğrusudur ,-dedi.
“Bədbəxtlik çoxaldıqca, çal-çağır da çoxalır. Deyəsən gülüb-oynamaq zamanı gəldi”, -deyib oxumağa başladı
İnanmıram əcəl ilə,
Ölmək dünyanın sonudu.
Birdən-birə havalanıb,
Gülmək dünyanın sonudur..
Hansı ki bu kiçik nəğməni Məmməd Dəmirçioğlu ölmündən bir gün əvvəl oxumuşdu. Bunu eşidəcək İncə Dərəsi dağ olub özünü sinəmə çəkdi. Heç bəlkə də Dəmirçioğlu sinəsində belə dağ gəzdirmirdi . Dəmirçioğlu bizə fırçası və sözü boyda dərd verib getdi.
Həmişə deyirdi ki, bütün analar eyni cür ağlayır. Deyirdi ölmümdən qorxuram. Elə bilirdim ki, bu qorxu hamıdakı kimi bəşəri qorxudur. Sonra izah edirdi. Deyirdi ki, analar kimi övladını ürəklə ağlayan ikinci bir bəşər övladı ola bilməz. Mən öləndə məni kim ağlayacaq? Axı anam yoxdu deyib, bir az da uşaqlaşıb kövrəlirdi. Biraz gözlərini əllərinin içinə zilləyib sonra sözünə davam edirdi. Məni ən çox nəğmələrə hopan və dillərdə gəzən şeirlərim ağlaycaq deyirdi.
Nə qədər söhbətimizdə mövzunu dəyişmək istəsəm də, o, sözümü kəsmə deyib, davam edirdi. Bu minvalla hər görüşümüzdə onunla qəmli notlara köklənib sağollaşırdım. Son zamanlar isə əksinə, heç vaxt ölümdən danışmazdı. Həmişə dünyanın faniliyinə boyun əy, amma üzülmə, kədərlənmə deyirdi. Hələ gedişlərdən danışanda üzümü onun şeirləri ilə örtmək istəyirdim ki, sızladığımı görməsin. Bəzən gördüklərini görməzdən gəlirdi. Amma rəsmlərinə köçürüb, misralarına calayırdı. Deyirdi ki, vaxtsız heç yarpaq da saplağından qopmaz. Mən də əlbəttə ki, onun sözünü təsdiqləyirdim. Ehh.. dünyadan xəbərsizimişəm. Bir vaxtlar təsdiqlədiyim sözünü üsyankarcasına inkar etməyə başladım.
Onun xatirəsini anmaq üçün onu ancaq SÖZlə yad etməliydim.
Bu şeir vaxtsız yazıldı və sızıltı ilə oxunur. Axı bu şeirin yazılmağı və deyilməyi üçün hələ illər var idi.
Sənə bir söz deyəcəm,
Ölüm dünyadan böyük.
Ağ misraya bükdüyün,
Zülüm dünyadan böyük.
Sözü rəngə caladın,
Bir tablo şeir yazdın.
Silinməz qara rəngi,
Ömür tablona cızdın.