11 Dekabr 2023 13:02
1190
ƏDƏBİYYAT

“Heydər Əliyev Cavidə görə yerli vəzifə sahiblərini danlamışdı ki...” - Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

“Hər gün saat 9-da Şirvanşahlara gəlirdim. Fasiləyə qədər orda olurdum. Fasilədə muzeyə baş çəkirdim. Sonra təzədən Şirvanşahlara qayıdırdım, bir də, dediyim kimi, gecə saat 10-da, 11-də evə gəlirdim. Noyabrın 1-də axşam, direktor Rüfət Acalovun otağındaydım. Teymur Əliyev zəng vurdu. 1-indən 2-sinə keçən gecə cənazə Şirvanşahlardan Əlyazmaların zalına gətirildi, ikinci mərtəbəyə. Ayın 2-də, saat 12-də Əliyev gəldi. Fəxri qarovulda durdu. Sonra Əliyev mənə yanaşdı. 100 illik yubiley tədbirləri ilə maraqlandı, dedim hər şey yaxşıdı, ancaq muzey məsələsi qalıb. Soruşdu ki, harda yaşamısız, evimizin yerini göstərdim. Sual verdi ki, bura məgər yaşayış binası olub? Dedim ki, xeyr, seminariyaydı, amma iki ailə burda yaşayıb, Pənah Qasımovun və Cavidin ailəsi. Əliyev gedəndən sonra xüsusi təyyarəylə Naxçıvana uçduq. Həbibə də mənimlə birgəydi.  

Amma o gün dəfni çatdıra bilmədilər, çünki Naxçıvan ictimaiyyəti də Cavidlə vidalaşmaq istəyirdi. Hadisələr elə gətirdi ki, ayın 1-dən, 2-nə keçən gecə öz evində, 2-dən 3-nə keçən gecə isə Naxçıvanda evində gecələdi. Cavid 3-də saat 3-də dəfn olundu, indiki məqbərənin yerində. Məqbərə tikilənə qədər məzar çox bərbad vəziyyətdə idi. Əliyev artıq Moskvaya getmişdi, işdən çıxmışdı. O Naxçıvana qayıdana qədər belə oldu. Naxçıvana gələndən sonra isə ən əvvəl Cavidin məzarını ziyarət etdi. Yerli vəzifə sahiblərini danlamışdı ki, mən bu qədər əziyyətlə Cavidi gətirdim, siz isə bir qəbir də düzəldə bilməmisiz. Qəbir artıq uçub-dağılmışdı. 1992-ci ildə Cavidi Bakıda 110 illiyi qeyd olunmadı, amma Əliyev bunu Naxçıvanda etdi. 

- Siz burda olanda Cavidin tabutunu açıb baxdınız?

- Sən nə danışırsan? Bunun bir mənası vardımı? Digər tərəfdən o elə bağlanmışdı ki, onu açmaq mümkün olmazdı. Bir də ki, buna ehtiyac yox idi. Həmid Cəfərov tabutu geniş düzəltdirmişdi ki, ona rahat olsun. Qutuda məzarının torpağını da gətirmişdi. O qutu indi muzeydədi. Qutunu, necə ki, oranın Vilayət Komitəsinin katibi möhürləyib. İndiyə qədər o qutu açılmayıb. Bir də axı, bu torpağı aparıb hara səpməliyəm ki... Naxçıvandakı qəbrinə səpməyi də mənasız bir şey hesab edirəm. 20 ildir ki, mən o qutunu açmamışam. Heç kəs də onu açmaq ixtiyarında deyil. 

- Sonra məqbərə məsələsi yubandı...

- Təxminən 1991-ci ildə muzey yaradılmışdı. 1992-ci ildə isə Fəttah müəllim zəng vurmuşdi ki, burda memarlardan birinin layihəsi əsasında məqbərə tikilir. Etiraz elədim. O məqbərə yarımçıq qaldı. Əliyev Bakıya gələndən sonra bir müddət gözlədim, sonra müraciət etdim. İyulun 10-u 1995-ci ildə müşavirə keçirildi və demək olar ki, 13 illik əziyyətlərə son verildi, məktubların, teleqramların yazışmaların hər biri 2 saatın içərisində həll olundu. Muzeyin Akademiyaya verilməsi, Cavidin öz yaşadığı otaqlarda muzeyin açılması ilə bağlı qərar çıxarıldı. Məqbərənin layihələrinə isə növbəti dəfə baxılması qərara alındı. Sonra da baxıldı və Rasim Əliyevin layihəsi qəbul olundu.  Amma özünün çox təklifləri, əlavələri də oldu. Heydər Əliyev layihələrə iyul ayında baxdı. Bu zaman xahiş edlədim ki, əgər mümkünsə Ərtoğrol da məqbərəyə köçürülsün. Razılaşdı. Çox qəribədi, nə isə ananın burdan ora köçürülməsini Heydər Əliyevə heç cürə deyə bilmədim. Elə bil ki, cəsarətim çatmadı. Yəni birini demişəm, ikincisini demək mənim üçün ağırdı. Deyə bilmədim və bu mənə olmazın əzab verdi. Layihə təsdiq olundu və tikintisi başladı. Mən də anayla bağlı arzumu Əliyevə demək üçün heç cür imkan tapa bilmədim. Çox əzab çəkdim...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr”kitabı. 
Hazırladı: Vasif Əlihüseyn