02 Fevral 2023 14:30
2288
LAYİHƏ

“i-Learning Summer School” innovativ öyrənmə proqramı çərçivəsində təlimlərə start verilib - "İrəli" İctimai Birliyi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İrəli” İctimai Birliyi və “NEN Group” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən “i-Learning Summer School” innovativ öyrənmə proqramı çərçivəsində təlimlərə start verilib.

Adalet.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə iştirakçıları salamlayan layihə rəhbəri Nəbi İskəndərov Azərbaycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqə çərçivəsində qalib olmuş “i-Learning Summer School” layihəsinin məqsəd və vəzifələri, habelə keçiriləcək təlimlər haqqında məlumat verib. Hazırki dövrdə innovativ öyrənmə vərdişlərinin gənclər üçün olduqca əhəmiyyətli olduğunu qeyd edən Nəbi İskəndərov bildirib ki, layihə müddətində baş tutacaq görüş və təlimlər qeyri-formal təhsil metodlarına əsasən həyata keçiriləcək.

“İrəli” İctimai Birliyinin Mətbuat katibi Arif Rəhimli çıxışı zamanı təşkilatın fəaliyyəti, habelə həyata keçirilən layihə və tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, cari il ərzində Azərbaycan Gənclər Fondu tərəfindən elan edilmiş gənclərin fərdi təşəbbüslər qrant müsabiqəsi çərçivəsində 10-dan çox layihəyə tərəfdaş qismində dəstəyin göstərilməsi nəzərdə tutulur. Həmçinin Birlik tərəfindən fərdi təşəbbüslərə dəstək məqsədilə “İdeya Bankı” da fəaliyyət göstərir ki, gənclər “İdeya Bankı”na müraciət edərək öz təşəbbüslərini təşkilati dəstək vasitəsilə reallaşdıra bilərlər.

Daha sonra təlimlərə start verilib. Qeyd olunub ki, “i-Learning Summer School” layihəsi çərçivəsində təlimçilər – Yusif İsgəndərov, Elmin Bağışov, Nail Məmmədov, Azər İsmayılov və Günay Nurəliyevanın təqdimatında komanda və zamanın idarə edilməsi, müsahibəyə hazırlıq, karyera planlaması, effektiv ünsiyyət zamanı natiqlik bacarıqları və dinləmə texnikaları və digər mövzularda təlimlərin keçirilməsi planlaşdırılır. Təlim proqramı müddətində əldə olunmuş nəticələr gənclərin fərdi karyera inkişaf planının hazırlanması və təkmilləşdirilməsinə təkan verəcək.

“i-Learning Summer School” innovativ öyrənmə proqramının əsas məqsədi nəzəriyyə və praktikanın vəhdət şəklində, qeyri-formal təhsil metodlarından istifadə etməklə bilik və bacarıqların interaktiv formatda tələbələrə aşılanması, habelə ali təhsil müəssisələrində təhsil alan tələbələrin gələcək fəaliyyətində və karyerasında atacağı ilk addımlara təkan verməkdən ibarətdir.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.