İGİD AZƏRBAYCAN ƏSGƏRİ!

Azərbaycan tarixən özünün ordusu, əsgəri və döyüşən oğulları ilə düşmənə öz gücünü, qüvvəsini göstərib. Düşmən elə düşünüb ki, balaca, kiçik dövlət olduğu üçün Azərbaycanın ərazisini işğal edəcək və burda özünə əbədi bir rahatlıq tapacaq. Təbii ki, bütün bunlar bizim düşmənlərimizin xülyalarıdı. O xülyalar ki onlar həmişə Azərbaycana yağlı tikə kimi baxıblar, onu işğal etmək istəyiblər, kabab iyinə gəliblər və axırda da başlarını, canlarını qoyub bu torpaqda it kimi gəbəriblər.
Heç kimə sirr deyil ki, Azərbaycanın digər ölkələrin ərazisində heç vaxt gözü olmayıb. Amma bayaq dediyimiz kimi, bizim torpaqlarımızda çoxlarının gözü olub. Yəni onlar həmişə fürsət axtarıblar ki, bu yağlı tikənin bir hissəsini qoparsınlar, ərazilərimizi işğal eləsinlər. Ermənilər də 1992-ci ildən 20 faiz torpaqlarımızı və ərazilərimizi işğal etd, öz havadarlarının köməyi ilə 30 il bu torpaqları nəzarət altında saxladı. Aydındır ki, Azərbaycan heç vaxt işğalla barışa bilməzdi və ilk növbədə bunu sülh yolu ilə həll etməyə çalışdı. Düz 30 il ən mötəbər kürsülərdə Azərbaycan öz torpaqlarının geri qaytarılması üçün dünyaya haqq səsini ucaltdı və tələb etdi ki, BMT-nin dörd qətnaməsi ali qurumlar tərəfindən icra edilsin. Amma ali qurumların qulaqları kar oldu, gözləri kor oldu və dilləri də lal oldu. Sadəcə olaraq, ATƏT, BMT bu problemi dondurub və bizim başımızın altına yastıq qoyurdular. Üstəlik də ermənilər tez-tez atəşkəsi pozur, dinc sakinləri gülləbarana tutur və əhalinin sıx olduğu yerlərə ağır silahlardan atəş açırdılar. Bütün bunlar hamısı Azərbaycanın səbr kasasını doldurdu. Ali Baş Komandan, prezident İlham Əliyevin əmri ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks hücuma keçdi. Füzuli və Cəbrayıl istiqamətində ağır döyüşlər başladı. Artıq sentyabrın 30-na kimi Füzulinin və Cəbrayılın 6 kəndi erməni işğalından azad olundu. Üstəlik də ermənilərin 30 il mif kimi yaratdığı «Ohanyan səddi» darmadağın edildi. Çünki ermənilər elə fikirləşirdilər ki, bu müdafiə xəttini Azərbaycan Ordusu yara bilməyəcək, çoxlu itkilər verəcək və geri çəkiləcək. Amma Azərbaycan Ordusu bütün gücü ilə əks hücuma keçdi, o müdafiə xəttini yardı və demək olar ki, az itki ilə böyük qələbənin başlanğıcını qoydu. Azərbaycan Ordusunun ilk zərbəsindən başını itirən erməni əsgərləri çaş-baş qaldılar. Ona görə çaş-baş qaldılar ki, onların arxasında duran qüvvələr və onları arxayın edən böyük güclər ermənilərə bu anlarda, bu dəqiqələrdə kömək edə bilmədilər. Onlar elə fikirləşirdilər ki, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi bir neçə gündən sonra havadarları, daha doğrusu, Fransa və digər Avropa ölkələri prezident İlham Əliyevə təzyiqlər edəcək və döyüşü saxlayacaq.
Amma həmin günlərdə xarici mətbuata müsahibələr verən Cənab Prezident bildirdi ki, heç bir təzyiq, heç bir hədə-qorxu bizi hücumdan saxlaya bilməz. Bəli, bu həqiqətən də belə oldu. Artıq Cəbrayıl şəhəri erməni işğalından qısa zaman kəsiyində azad edildi. Füzulinin əksər kəndləri yağılardan təmizləndi. Sürətli əks-hücum nəticəsində ermənilərin ağlına gəlməyən Hadrut şəhəri və ətraf kəndlər Azərbaycan ordusunun əlinə keçdi. Sürətli hücum erməniləri tamamilə çaş-baş salmışdı. Və onlar çıxış yolunu bir-bir döyüş mövqelərini tərk etməkdə görürdülər. Artıq Hadrut azad ediləndən sonra Füzuli şəhəri də erməni işğalçılarından xilas edildi. Və həmin azad olunmuş şəhərlərdə və qəsəbələrdə Azərbaycan bayrağı ucaldıldı. Düzdür, Füzulidə elə bir tikili tapılmadı ki, əsgərlərimiz bayrağımızı ora sancsın. Çünki vəhşi erməni ordusu bir bina belə salamat qoymamış, ya onları söküb aparmış, ya yandırmış, ya da tamamilə külə döndərmişdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də demişdir ki, Füzulidə bir salamat bina yox idi ki, bayrağımızı ora sancsınlar. Bu məlumatı mənə verəndə mən də dedim ki, bayrağı uca bir zirvəyə sancın. Və əsgərlərimiz də o bayrağı uca bir zirvəyə sancdılar.
Həmin günlərdə Prezident, Ordu və Xalq bir yumruq kimi birləşmişdi. Onu da qeyd edək ki, bu sətirlərin müəllifi də 2020-ci il sentyabrın 30-da Füzulidə döyüş mövqeyində idi. İnanın, həmin günlər bütün xalq Füzuli Diaqnostika Mərkəzinə gəlir, yaralı əsgərlərimizə kömək edir, hərbi hissələrə yola düşən maşın karvanlarında olan əsgərlərimizə ərzaq, paltar, siqaret və digər qida məhsulları verirdilər. Bu anları seyr etmək həm gözəl idi həm də çox kövrək. Çünki həmin əsgərlərimiz maşın karvanlarından bir başa döyüş mbvqeyinə yollanırdılar. Amma onların üz-gözündə qətiyyən qorxu-həyəcan, kədər yox idi. Onların üz-gözündə cəngavərlik, mərdlik, döyüş ruhu hiss olunurdu. Əsgərlərdən biri mənim kövrəldiyimi görüb dedi ki, əmi, kövrəlmə, biz gedirik torpağımızı azad etməyə. Biz gedirik erməni işğalçılarını öldürməyə və biz gedirik Azərbaycan Bayrağını azad olunacaq torpaqlarımıza sancmağa.
Və elə də oldu. Bir necə gündən sonra Qubadlı, Zəngilan və noyabrın 8-də isə Azərbaycanın üzük qaşı olan Şuşa şəhəri işğaldan azad olundu. Onu Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gerçəkləşdirdi. Və 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan ordusu dünya tarixində görünməyən bir qələbə yazdı. O qələbə Şuşada yazıldı. Şuşanın alınması ilə ermənilərin beli qırıldı və onlar məcbur olub 10 noyabr Bəyannaməsinə imza atdılar.
İmza atdılar ki, təslim olurlar. Ermənistanın baş naziri bu Bəyannaməyə imza atanda təbii ki, özlərinin yeganə xilas yolunu tapdılar. Əks təqdirdə Laçın dəhlizi Azərbaycan ordusunun nəzarəti altındaydı və bir neçə saatdan sonra ordumuz Xankəndinə girirdi. Üstəlik də ermənilərin 15 minlik əsgəri mühasirəyə düşmüşdü. Yəni onlar çox ağır bir vəziyyətdə idi. Müzəffər Azərbaycan Ordusunun bu həmləsindən sonra imzalanmış Bəyannaməyə uyğun olaraq Ağdam, Laçın və Kəlbəcər sonradan Azərbaycana qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü, daha doğrusu, 20 faiz işğal altında torpaqlarımız azad edildi və bərpa olundu.
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

DÜNYADA AZƏRBAYCANLILAR QƏDƏR MƏRHƏMƏTLİ XALQ YOXDUR

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 24 illiyi qeyd olunur

44 GÜNLÜK MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜŞMƏNLƏRİMİZİ XAR ELƏDİ
