02 Oktyabr 2024 10:24
1449
ƏDƏBİYYAT

İlham Qəhrəmanın «Laçın lətifələri» - ndən  yazdı Əbülfət

Bəlli olduğu kimi, dünyanın gülüş ünvanı olan, daha doğrusu, həmişə yumoru ilə seçilən ölkələri, xalqları var. Onları hər kəs tanıyır və zaman-zaman da həmin lətifələrdən, yumorlardan bu və ya digər formada istifadə olunur. Bunu ona görə xatırladıram ki, bir xalq olaraq, bir məmləkət olaraq bizim də bu sahədə özünəməxsus özəlliklərimiz var.

Hər kəs yaxşı bilir ki, Azərbaycanın təbəssüm, yumor bölgəsi sayılan Şəki bu məqamda öndədi. Ona görə də Şəki lətifələri hər kəsin diqqətini özünə çəkir və təbii ki, bu da həmin lətifələrin yayılmasına, əbədiyaşarlıq qazanmasına stimul veribdir. Bu gerçək həqiqətin içində bir «əmma» da var. Bu da ondan ibarətdir ki, Şəki lətifələri nə qədər  öndə olsa da, təbii ki, o, digər bölgələrin lətifə payına heç də kölgə salmır, əksinə onların da bu sahədəki yaradıcılıq və yayım imkanlarını genişləndirir.

Bugünlərdə şair dostum İlham Qəhrəmanın toplayıb çapa hazırladığı bir kitab diqqətimi çəkdi. Mən kitabla tanış olandan sonra bir daha Azərbaycan xalqının həm böyük ürəyinə, həm müdrikliyinə, həm də yaradıcılıq çeşməsinin gurluğuna əmin oldum. Şair İlham Qəhrəmanın «Qanun» nəşriyyatında AMEA-nın Folklor İnstitutu, Elmi Şurasının Qərarı ilə çap olunan «Laçın lətifələri» kitabı söylədiyim fikrin bir növü bünövrəsi oldu. Çünki təkcə İlham Qəhrəmanın təqdim etdiyi «Laçın folkloru», «Gül dəftəri», «Nə qaldı» kitablarından sonra yenidən çap olunan «Laçın lətifələri» özü bir daha sübut etdi ki, bu bölgənin əhalisi qaçqın, köçkün həyatında da öz söz yaradıcılığını, düşüncə dərinliyini daha da önə çıxarmış, ona sanki yeni qol-qanad vermişdi. Əgər bu lətifələrlə tanış olmaq imkanınız yaransa, mənim fikirlərimlə yəqin ki, razılaşacaqsınız. Ona görə də birmənalı olaraq vurğulayıram ki, bu lətifələri oxuyub ondan yararlanmaq, onun təbəssümü içərisində əhvalınızı kökləyə bilərsiniz. Məsələn, lətifələrin birində vurğulanır:

Molla Seyid Ağa yas mərasimində olarkən bir nəfər soruşur:

- Əzrail ekrəkdi, ya dişi?

Molla cavab verir:

- Məleykələr erkək, dişi olmur.

Sual verən yenə dirənəndə molla deyir:

- Əzrail gəlib boğazına salanda əlini altdan salarsan, onda bilərsən erkəkdi, ya dişi.

Və yaxud:

Qara Məmməd Ağdamın Üçoğlan kəndində dostunun evinə qonaq düşür. Məmmədi qarşılayan ev yiyəsi deyir:

- Vaxtsız olduq, sənə yemək hazırlaya bilmədik.

Məmməd kişi cibindən saatını çıxarıb deyir:

- Saat 10-du. Saat ikiyə qədər sizi gözləyirəm!

Bəli, iki nümunəsini sizlərə təqdim etdiyim İlham Qəhrəmanın «Laçın lətifələri» onun özünün də qeyd etdiyi kimi el kitabıdı. Yəni bir elin, bir obanın, dadını-duzunu bir araya gətirən, oxucuya çatdıran kitabdır. Bəli, həmin kitabı əldə edib siz də tamından, duzundan dadın, peşiman olmayacaqsınız.