25 Iyun 2024 16:18
575
ƏDƏBİYYAT

İLK DƏFƏ DEPUTATLIĞA NAMİZƏDLƏ GÖRÜŞDƏN YADIMDA QALANLAR

 (Sənədli hekayə)

 Başa düşürəm ki,bu yazını yazmaq üçün ensiklopediyasız  ötüşə bilməyəcəyəm və atamın kitabxanasından “ Большой Советский Энсиклопедия”nın (rusca) ” В”  hərfi olan qalın cildini götürürəm- həmin cilddə  ” Верховный Совет СССР” bölməsini tapıram və həmin bölmədən bilirəm ki,mən axtardığım tarix 1970-ci ildir.Konkret olaraq  1970- ci ilin  14 iyunu.Həmin gün VIII çağırış  SSRİ Ali Sovetinə seçkilər sona çatmışdı və həmin hadisədən bir neçə gün sonra axşam “Günün ekranı” xəbərlər proqramında xəbər verdilər ki,Salyan seçgi dairəsindən (o zaman Neftçala hələ müstəqil rayon deyildi,Salyanın tərkibində şəhər statusunda olan bir yaşayış məntəqəsiydi), Muğanın ağsaqqalı,Salyan rayon Nizami kolxozunun sədri,Sosialist Əməyi Qəhrəmanı,təkcə Azərbaycanda yox,bütün SSRİ-də qabaqcıl əmək qəhrəmanı kimi şöhrət qazanmış Qüdrət Səmədov SSRİ Ali Sovetinin deputatı seçilib.Qüdrət Səmədovun deputat seçilməsi yəqin atamın da ürəyindən oldu,çünki atam Qüdrət Səmədovla dost idi,rəhmətliklər Süleyman Rüstəm,Aşıq Pənah,Əliağa Kürçaylı,Qabil... ilə birlikdə bir neçə dəfə o kişinin qonağı olmuşdu,süfrəsində çörək kəsmişdi.O da yadımdadır ki,həmin axşam atam komutator telefonla (o vaxtlar telefonların əksəriyyəti komutator tipli idi) Qüdrət kişiyə zəng elədi (zəng etmək də müəyyən qədər vaxt alırdı),Qidrət kişini deputat seçilməsi münasibəti ilə təbrik elədi.O vaxt deputat olmaq,indiki kimi səsli-küylü hadisə hesab olunmurdu (əslində hər dairədən bir nəfər- yəni kim seçiləcəksə onu namizəd verirdilər).Deputatları indiki kimi tənqid,bəzən də təhqir hədəfinə çevirmirdilər və camaatın böyük əksəriyyəti heç öz deputatlarını tanımırdı da...Eyni zamanda deputatlarla mətbuatın arasında keçilməz bir sədd mövcud idi...Mətbuat da deputatlara o qədər maraq göstərmirdi.

Nəsə...Mətləbdən uzaq düşməyim.O zaman,yəni 1970-çi ildə mənim 10 yaşım var var idi və demək olar ki,bütün uşaqlar kimi deputatların nə işlə məşğul olduqları haqda zərrə qədər də olsun anlayışım yox idi.

 Yazımın bu yerində yenə də ensiklopediyaya ehtiyac hiss edirəm.Bu dəfə ASE-yə,yəni Azərbaycan Sovet Ensiklopediyasına. “S” hərfi olan cildi götürüb Qüdrət Səmədovun vəfat etdiyi tarıxə baxıram: Qüdrət kişi 1972-ci ilin 8 yanvarında,67 yaşında vəfat edibYaşını ona görə yazıram ki,rəhmətlik Qüdrət kişiyə baxanda elə bilirdin 100 yaşı var.Sıx saçları eynilə pambiq kimi ağ-appağ idi...Nə isə 1972-ci ilin 8 yanvarında atam,dayım İsmayılın maşını ilə Sarvana,Qüdrət kişinin dəfninə getdi və gedərkən məni də özü ilə birlikdə apardı,İndiki kimi yadımdadır,qışın oğlan çağı olsa da hava xoş idi və Qüdrət kişi ilə vida mərasimi kənd klubunda keçirilirdi.Və ölkənin bütün məşhur əmək qəhrəmanları həmin mərasimdə idilər.

Bura qədər yazdıqlarım yazıya giriş idi.İndi gəlirəm əsas məsələyə.Qüdrət kişi vəfat edəndən sonra onun SSRİ Ali Sovetindəki yeri də boşaldı,yəni boş qaldı və təbii ki,həmin boş yerə növbəti seçki keçirilməli idi.Əlbəttə,bu presuduranı indiki təcrübəmlə yazıram.O vaxt,yəni 12-13 yaşım olanda nə qanırdım ki,bir deputat dünyasını dəyişəndə,onun yerinə növbəti seçgi keçirirlər.O zaman orta məktəbin VII sinfində oxuyurdum.Şəhərimiz,yuxarıda dediyim kimi kiçik bir yaşayış məntəqəsi idi,əhalisinin yalan olmasın tən yarısı da rus idi...Belə günlərin birində,günortadan sonra (ikinci növbə oxuyurdum) xəbər yayıldı ki,deputatlığa yeni namizəd Neftçalaya,zəhmətkeşlərlə görüşə gəlir və görüş Neftçaladakı Mədəniyyət Sarayında olacaq.Mədəniyyət Sarayı ilə oxuduğumuz məktəbin arasındakı məsafə heç üç dəqiqəlik məsafə deyildi.Əlbəttə,bu xəbər biz uşaqlar üçün  o qədər də maraqlı xəbər deyildi.Onsuz da bizi tez-tez  həmin Mədəniyyət Sarayında keçirilən müxtəlif tədbirlərə aparırdılar və bu tədbirlərin əksəriyyəti də adətən darıxdırıcı olurdu...

Daha bir neçə dəqiqə də keçdi və uşaqlardan kimsə deyəndə ki,deputatlığa namizəd generaldır,nəsə bizim canımızı maraq aldı Çünki o vaxta qədər heç vaxt canlı general görməmişdik.O generalı görmək xatırinə 3-4 uşaq dərsdən qacıb Mədəniyyət Sarayının qarşısına gəldik.Mədəniyyət Sarayının qarşısında xeyli insan var idi.Bir qədər də keçdi və bir də gördük ki,budur,o vaxt şəhərimizin mərkəzi küçəsi olan (Mədəniyyət Sarayı da həmin küçədə yerləşirdi) Nizami küçəsi ilə soxlu sayda maşın gəlir.Maşınların önündə də “Çayka” avtomobili.Biz uşaqlar həyatımızda ilk dəfəydi ki,”Çayka” görürdük və “Çayka” maşınına görə 1-2 dərsdən yox,10-15 dərsdən də qaçmağa dəyərdi.”Çayka” gəlib Mədəniyyət Sarayının qarşısında dayandı.O vaxt şəhərimizin rəhbəri,atamın dostu və qohumu Saday Kərimov idi (Saday Kərimov təəssüf ki,erkən rəhmətə getdi).Saday dayı (mən ona belə müraciət edirdim) abırlı,mədəni,işgüzar,kübar bir şəxs idi  və qanunla deputatlığa yeni namizədi o qarşılamalı idi.General isə hələ “Çayka” da idi.Arxa oturacaqda oturmuşdu yanında da o vaxt Salyan Rayon Partiya Komitəsinin I katibi Nadir Abbasov əyləşmişdi.Nəhayət “Çayka”nın qapısı açıldı və maşından hərbi geyimli,kitelinin yaxası çoxlu sayda orden və medallarla bəzənmiş,hündür boylu (mən o vaxta qədər o boy buxunda adam görməmişdım), başı az qala Mədəniyyət Sarayının ətrafında əkilmiş uca çinarların başına dəyən general Pavel Vasilyeviç Melnikov düşdü (sonralar bizim deputat olacaq bu insanın adı o vaxtdan ömürlük olaraq yadımda qaldı)...Sonralar biləcəkdim ki,Melnikov sıradan olan bir general deyil,hələ II Cahan müharibəsində ən gənc divizyon komandiri olub,indi isə böyük bir vəzifədədir; Zaqafqaziya Hərbi dairəsinin komandanıdır,özü də general-  polkovnikdir (Sonralar bu general-  polkovnik SSRİ də ən ali hərbi təhsil ocağı olan,Moskvadakı məşhur Frunze adına hərbi akademiyanın rəisi oldu).Bu yazını yazarkən həmin gün baş vermiş digər detallar da yadıma düşür.O vaxt şəhərimizdə əslən ləzgi olan (adını təəssüf ki,unutmuşam) bir kişi yaşayırdı.Özü də hal əhli idi.Bəlkə də günün 24 saatını miyana da olsa kefli olardı.Amma heç vaxt özünü elə aparmırdı ki,kimsə ona artıq-əskik bir söz desin.Və eyni zamanda zəhmli bir görkəmi vardı və nə gizlədim,biz uşaqlar nəyə görəsə ondan qorxurduq da...

Demək hündür boylu Melnikov “Çayka” dan düşür,Maşının o biri qapısından da Nadir Abbasov düşür və qaydaya görə qonaqları Şəhər sovetinin sədri  Saday Kərimov qarşılamalıdır,amma Saday müəllim Melnikova yaxınlaşana qədər həmin o hal əhli olan ləzgi kişi Melnikova yaxınlaşır və xalis rus dilində onu Neftçala zəhmətkeşləri adından salamlayır.Yəqin Melnikov da bu görüşə gələnə qədər hardasa boğazını yaşlayıb,o da ləzgi kişi kim hallıdır və nəhəng qamətli Melnikov az qala normal adam boyu qollarını geniş açıb onu salamlayan ləzgi kiçini bağrına basır və rus adəti üzrə onu 3 dəfə öpür.Bu vaxt Nadir Abbasov tələsik özünü onlara yetirir,Melnikova başa salır ki,şəhərin indiki dillə desək meri bu ləzgi kişi yox,bir qədər kənarda dayanmış Saday müəllimdir...Nə isə,Nadir Abbasov Ləzgi kişinin qulağına tələsik nə deyir,nə demir,ləzgi  kişi kənara çəkilir və Saday müəllim qonaqlara “Xoş gəldin” deyir  və sonra onları Mədəniyyət Sarayına dəvət edir.Əlbəttə məni və mənim yaşıdım olan uşaqları bu dəm “Çayka”dan başqa heç nə maraqlandırmır...”Çayka”nın sağından soluna keçirik,nikellərinə tamaşa edirik,ön faralarına,arxa işıqlarına baxırıq,təkərlərinə göz atırıq,əlimizi maşına sürtürük,pəncərələri bağlanmış şüşələrin arxasından maşının muzeyə bənzəyən salonuna boylanırıq...Hələlik bizə mane olan yoxdur və biz də “Çayka” kefimizi çıxarırıq. 5,yaxud 10 dəqiqə keçir. “Çayka” hərəkətə gəlir,hərbi forma geyinmiş sürücü “Çayka”nı  Mədəniyyət Sarayının arxa tərəfinə sürür və orada artıq “Çayka”nı qoruyan hərbçilər var və heç kəsi bu maşına yaxın buraxmırlar...Mən yalnız indi başımı qaldırib ətrafa baxıram və görürəm ki,”Çayka” ya olan diqqət təkcə biz uşaqların maraq dairəsində deyilmiş.İclasa çağırılmış xeyli yaşlı “əmilər”də  “Çayka”ya tamaşa etməyi iclasda iştirak etməkdən üstün tutublar.

Bir müddət “Çayka” ya uzaqdan tamaşa edirəm.Yaxından tamaşa etmək daha maraqlı idi.”Çayka” ya uzaqdan tamaça etmək o qədər də maraqlə gəlmir mənə.

Birdən-birə darıxıram.Bayaq ki,xoş əhvalım məni tərk edir.Məktəbə qayıtsam dərsdən qaçdığıma görə danlanaçağam (Onsuz da səhər məktəbdə yetərincə danlaq gözləyir məni).Üstəlik atam bilsə ki,Melnikova görə dərsdən qaçmışam,onda vay mənim halıma.

...İndi mən,gerçəkdən də heç cür xatırlayıb yadıma sala bilmirəm ki,Mədəniyyət Sarayındakı o iclasa məni necə buraxdılar.İçəri keçməyimə kim icazə verdi.Necə oldu ki,mən,12,13 yaşlı uşaq iclas zalına kecdim,daha doğrüsu keçə bildim.Məndə bu həvəs hardan yarandı və ümümiyyətlə,elə bir həvəsim var idimi? Heç cür yadıma sala bilmirəm...Bir də gördüm ki,iclas zalındayam.General da odlu alovlu çıxış edir.Ayaq üstündə idim.Və təbii ki,nəzər-diqqəti cəlb edirdim.Yaxşı ki,atamın əmisi oğlu,o vaxt adlı-sanlı neftçi olan Əlifağa dayı yaxın oturacaqda əyləşibmiş,bəxtimdən yanında da boş yer var imiş.O məni həmin boş yerdə oturtdu.Özümü tələyə düşmüş kimi zənn edirəm,Melnikovun nə danışdığını anlamıram,bu iclasın mənə zərrə qədər də dəxli olmadığını bilirəm və onu da bilirəm ki,bu zalda bir nəfər artıq adam varsa o da mənəm.Melnikovun hər sözünü zalda əyləşənlər alqışlarla qarşılayırlar.

Melnikov insaflı adam imiş,az danışdı.Sonra Saday müəllim çıxış elədi.O da rus dilində.Yəqin ki,deputatliğa namizədə,əgər deputat seçilərsə (buna kimin şübhəsi ola bilərdi ki...) gələcək fəaliyyətində ugurlar arzuladı.Hamı əl çaldı.Mən elə bildim ki,iclas sona yetir.Amma sən demə iclasın rəsmi hissəsi sona çatırmış.Melnikovla Saday müəllim səhnədən endilər.Hərbçilər bir göz qırpımında səhnədəki stol stulları yığışdırdılar.Sən demə Zaqafqaziya Hərbi dairəsinin müsiqi kollektivi, general-polkovniklərinin xoş günündə öz komandirlərini tək qoymayıblar...Konsert başladı,nə başladı.Hərbçilər oxuyur,hərbi orkestr çalır,xor müxtəlif marşlar ifa edir...Nəhayət qızlardan ibarət rəqs qrupunu səhnəyə dəvət edirlər.Yaraşıqlı,cəlbedici,üzü gülər,bütün salona təbəssüm paylayan dörd qız səhnədədir.Hamısı əyninə dar köynək,gen,qırçın ətəkli rəqs paltarı geyinmişdi.Həm oxuyur,həm də rəqs edirdilər.Çox cəlddirlər,hərəkətləri elastikdir.Rəqsin ritminə uygun dövrə vurarkən qırçınlı,gen donlarının ətəkləri bir anlıq yana acılır...Bədən quruluşları da,rəqsləri də gözəldir...Bu qızlardan biri,sarışın,ala gözlu, dodaqları albalıya bənzəyən qız,o biri qızlardan daha gözəl görünürdü mənə.Zalımın qızı o qədər gözəl, o qədər xoş simalı idi ki,gözlərimi ondan çəkə bilmirdim.Bütün varlığıma qəribə,ilıq, bu vaxta qədər duymadığım xoş bir hiss hakim kəsilmişdi və ilk dəfə qarşılaşdığım bu şirin,əsrarəngiz hissin nə olduğunu bilmirdim. Mənim bu sarışın gözələ elə diqqətlə,heyranlıqla baxdığımı qiz da hiss eləmişdi...O qeyri-adi gözəlliyi,sehrli gözləri ilə sözün həqiqi mənasında məni əfsunlamışdı.O da səhnədən mənə baxır,işvə dolu gözlərini gözlərimdən çəkmirdi...Mən sehirlənmiş kimi idim...Hər şeyi,dərsdən qaşmağımı da,səhər bu əməlimə görə sinif rəhbərim tərəfindən bəlkə döyüləcəyimi də,dərsdən qaçdığımı bilərsə atamın mənə necə qəzəblənəcəyini də... tamamilə unutmuşdum...Qız isə baxışları ilə mənə elə xoş hisslər yaşadırdı ki...Və bu vaxt az qala ağlımı başımdan alan  bir hadisə baş verdi; Sarışın rus gözəli səhnədən mənə göz vurdu.Və göz vurarkən cingiltili  gülüşlə gülümsədi də...Mən tam əmin idim ki,onun gülüşünü o salonda məndən başqa kimsə eşitmədi,görmədi...O məxsusi mənə görə,mənim könlümü xoş etmək üçün gülümsəmişdi.  Bu hadisə o qədər gözlənilməz baş verdi ki...Allaha şükür ki,həyacandan özümdən gedib döşəməyə yıxılmadım...Rəqs bitdi..Alqışlar...Və qızlar eyni anda hər iki əllərini dodaqlarında birləşdirib sonra zərif əllərini salona,onları alqışlayan tamaşaçılara sarı uzatdılar,yəni səhnədən salona öpüşlır göndərdilər.Dodağının nəmi hələ də barmaqlarının ucunda  quramamış olan sarışın rus gözəli,göyərcinə bənzəyən əllərini konkret olaraq mənə doğru uzatmişdı.Buna mənim zərrə qədər də olsun şübhəm yox idi...

Nəhayət qızlar səhnəni tərk etdilər.Səhnəyə yenidən xor əldi.Ağlıma heç nə batmırdı.Bütün fikrim o rus qızının yanında idi.Hətta səhnədə xor oxuyanda bayıra çıxmaq istədim.Heç nədən xəbəri olmayan (xəbəri olsaydı bəlkə bayıra çıxmagıma kömək edərdi) Əllfağa dayı qoymadı:

 -Konsertin bitməsinə az qalıb,bir az da döz- dedi.

Əlifağa dayı mənim halımı nə biləydi ki...

Konsert isə uzandıqca uzanırdı (bəlkə də mənə uzun gəlirdi).

Bir əsgər rus dilində şeir deyirdi.

Əlqərəz,nə başınızı ağrıdım,nəhayət konsert bitdi.

Mən özümü foyeyə atdım.Qarışıqlıq idi.Salonu tərk edənlər,ora-bura qaçışan hərbçilər.Gözüm o sarışın rus gözəlini axtarırdı.Ona nə deyəcəyimi əslində hec bilmirdim də...Amma axtarırdım.Məndən azı 5-6 yaş böyük olan,bəlkə də səhnədən mənimlə sadəcə əylənən,şıltaq zarafat edən,yaxud da əksinə,ürəyimə necə od saldığından məmnun qalan,ona qarşı ürəyimdə baş qaldıran ilahi hissdən təsirlənən və bu hesaba da mənə həmin ilahi hissləri yaşadan o rus gözəlini  görməyi elə arzlayırdim ki...Kaş onu tapa biləydim.O gülüşlə,o xoş təbəssümlə kaş bir dəfə də mənə baxaydı...Lütf eləyib mənə bir göz də vuraydı.

Amma o qız yox idi.Ümumiyyətlə,rəqqas qızların heç biri yox idi.

Sonradan biləcəkdim: Onlar rəqs nömrələrini bitirib gəldikləri maşınla iclasın sonunu gözləmədən geri qayıtmışdılar.

Amma o vaxt bunun fərqində deyildim.Usanmadan,yorulmadan Mədəniyyət Sarayının künc bucağmnı axtarırdım.Neçə dəfə Mədəniyyət Sarayının həyətinə düşdüm.Bir-bir maşınların pəncərəsindən içəri baxdım.Hətta birtəhər imkan edib “Çayka”ya da nəzər saldım.Qız elə bil əppəy olub göyə çəkilmişdi...General- polkovnik  Pavel Vasilyeviç Melnikov “Çayka”sına minib getdi.Sonra axırıncı adamlar da dağılışdılar.Mədəniyyət sarayının qarşısında bir nəfər də olsa inni-cinni qalmadı.Sonra da qəfil yağıç başladı.Əvvəl narın yağırdı.Sonra leysana çevrildi.Mən isə leysan yağışın altında,Mədəniyyət Sarayının qarşısında dayanıb möcüzə gözləyirdim.

Möcüzə isə baş vermədi.

 ...İndi o vaxtdan 52 il vaxt keçir.

İndi məndən soruşsalar ki,VIII çağırış SSRİ Ali Sovetinə Salyandan (demək həm də Neftçaladan) mərhum Qüdrət Səmədovun yerinə  deputat seçilmiş Zaqafqaziya Hərbi dairəsinin komandanı,general- polkovnik Pavel Vasilyeviç Melnikovun sənə (13 yaşlı uşağa) bir xeyri dəydimi?

Cavab verərdim: Hə, xeyri dəydi.

Soruşsalar hansı xeyri nəzərdə tutursan?

Cavab verərəm ki,Pavel Vasilyevicin hesabına ömrümdə ilk dəfə general (özü də adi general yox,general -polkovnik) gördüm.

İkincisi,o generalın hesabına ömrümdə ilk dəfə “Çayka” avtomobili gördüm ki,rayondakı o vaxtki tay-tuşlarımın bəlkə də 99 faizi ömürlərində “Çayka” görməmişdilər.Amma həmin uşaqlar həmişə “Çayka” görməyi arzulayırdılar.

Üçünçüsü və ən ümdəsi,gözəl bir rus qızı öz sehirli təbəssümü,göz vurması və göyərçin əllərinin barmaqları ucunda 13 yaşlı bir yeniyetməyə öpüşlər göndərməklə o 13  yaşlı yeniyetmıyə,yəni mənə ömrümün o vaxta qədər duymadığım ən bəxtəvər,xoş,unudulmaz anlarını yaşatdı.

Qaldı,yaşadığım şəhərin yaşlı sakinlərinə bir xeyri dəydimi o deputat generalın?

Bax,bu suala cavab vermək bir qədər qəliz məsələdir.

ETİBAR ƏBİLOV.

NEFTÇALA ŞƏHƏRİ 

11 may 2024.