İnamın övladı: Bəxtiyar şair - Əli Hüseynov yazır
Tarix yaradan insanları yazır. İnsan ruhunu oxşayan, onu bəxtiyar edən insanlar isə əbədi olaraq yaddaşlarda qalır.
Bəxtiyar Vahabzadə şeiriyyatın bəhrəsindən "bəxtiyar" idi - elə sözün hər iki mənasında. O, xalq tərəfindən sevilirdi və xalqın şairi olmağı bacarmışdı.
Azərbaycan adlı bir dünyası var idi xalqın şairinin. Buna görə də o, təkcə bir şair kimi yox, həm də milli azadlıq ideyalarının “qığılcımçı”sı idi. Milli kimlik və azadlıq ideyaları Vahabzadənin ruhunda var idi, xalqın adamı öz millətinə sadəcə ruhunu qələmi ilə ifadə edirdi.
O, Azərbaycan poeziyasının parlaq ulduzu kimi, sözləri ilə millətinin ruhunu oxşayan və bu ruhu yaşadan bir şəxsiyyət idi. Vahabzadə öz yaradıcılığı ilə sadəcə ədəbiyyatın incisi deyil, həm də xalqının düşüncəsini, hisslərini və arzularını ifadə edən bir sənətkar kimi çıxış edib.
Onun qələmində Azərbaycan nəfəsi var. Qarabağın ağrısını hər “Azərbaycan” dediyi şeirdə ifadə edən xalqın adamı hər misrasında bu məmləkətin tarixini, ağrısını, sevincini və qürurunu canlandırırdı.
“Gülüstan”dan bəri yaralardan yazan millətin sirdaşının bu əsərini təkcə poema adlandırmaq olmaz. Bu əsər milli yaddaşımızın ən böyük parçalarından biridir.
Şeirləri azadlıq həsrətində olan cənub elinə sığınacaq idi sanki. Azərbaycanın o tayı da, bu tayı da ona “millət mübarizi” kimi baxırdı.
Xalqın şairi olan Vahabzadə zaman ötdükcə milli ideallardan birinə çevrildi. Onu ideala çevirən ən önəmli məsələ isə bütövlük duyğusu idi. Xalqın adamı öz fərdlərini birləşməyə səsləyirdi.
Bunları qoyaq bir kənara... Bəxtiyar şairimiz dilimizi qoruyurdu. Hər misrasında dilimizin varlığının təməl olduğunu vurğulayırdı. Bəxtiyar Vahabzadə xalqının dilini və mədəniyyətini qorumaq, onu gələcək nəsillərə çatdırmaq vəzifəsini öz üzərinə götürmüşdü.
İnamın övladı – Bəxtiyar şairimiz bütün Azərbaycanın, artıq Bütöv Azərbaycanın qəlbində daim yaşayacaq.
Barəsində əsər yazdığı dahi şairimiz Səməd Vurğunun da dediyi kimi:
“Ölüm sevinməsin qoy;
Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər!
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...”.
Sevərək yaşayıb, sevilərək qəlblərdə dəfn edilən Bəxtiyar şairimizi ehtiramla anırıq...