06 Noyabr 2020 17:04
52569
ANALİZ

İndi hünər vaxtı, qeyrət dəmidir -  Dəstək olanlara təşəkkürlər!

27 sentyabrda rəşadətli Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərardan sonra Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, həmçinin  torpaqlarımız uğrunda ölüm-dirim savaşı gedir. Savaşın ilk günündən geri çəkilməyi, uğursuzluqları ilə çətin duruma düşən təcavüzkar Ermənistan çıxış yolunu sadə və dinc əhalinin sıx  məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya  silahlarından atəşə tutur.  

 Bildiyiniz kimi təmas xəttində yerləşdiyinə görə, Ağdamın elə bir kəndi yoxdur ki, ora da mərmi atılmasın, insanlara, təsərrüfata, şəxsi obyekt və evlərə ziyan dəyməsin . Belə kəndlərimizdən biri də  erməni terror dəstələrinin- Ermənistan silahlı qüvvələrinin 200-250 metrliyində 27 ildir dayanan , dirəniş göstərən, dəfələrlə ağır artileriyanın hədəfi olan Mirəşelli kəndidir. Kənd sakini Ətrabə Kərimova ilə söhbətimizdə o bildirdi ki, ermənilərin müharibənin ilk əvvəllərindən,  hələ 1990-1993-cü illərdən də hədəfi dinc əhali xüsusən,  uşaqlar, qadınlar, qocalar, xəstələr olub.   

2016-cı il Aprel döyüşlərində də belə oldu. Kənddə onlarla ev darmadağın edildi.  Həmin vaxtdan- 1991-ci ildə anadan olmuş qızım  Ayşən o mərmi səsləri altında yaşamaq məcburiyyətində qaldı. Tez-tez pozulan atəşkəs nəticəsində qızımın psixologiyasında  dərin problemlər yaşandı. Qorxu canına , ruhuna çökdü.  Vaxtlı –vaxtında müalicə etdirə bilmədiyimizə görə, xəstəlik əsəblərində psixoloji durumunda özünü biruzə verdi. Əqli cəhətdən geri qaldı. Aprel döyüşləri zamanı aydın oldu ki, qızımı sağaltmaq hec cür mümkün deyil. Bu dəfə isə vəziyyəti kəskin pisləşdi. Ayşəni 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya yerləşdirdik.
 -Hazırda vəziyyəti necədir? Sualıma Ətrabə xanım belə cavab verdi: Düzü, pandemiya ilə  bağlı olaraq, Bakıya,  xəstəxanaya-qızımın yanına gedə bilmirəm. Ona görə, bir ana kimi  çox narahat idim.   Narahatçılığımı Ağdam rayonunda fəaliyyət göstərən Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşovaya bildirdim. O, qızım vəziyyətindən nigaran qaldığımı, ağladığımı görəndə çox təsirləndi və məsələ barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə bildirdi. Hazırda qızım- Ayşən Kərimovanın vəziyyəti ilə  Kəmalə xanım maraqlanır və hətta xəstəxanaya gedərək ona baş çəkib. Mənim qızım üçün narahat olan Şərqiyyə xanıma və  qızımla şəxsən gedib görüşən Kəmalə xanıma ailəmiz adından  dərin təşəkkürümü bildirirəm. 

Yeri gəlmişkən, Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşovanın  və “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşovun təşəbbüsü ilə birliklərin ofisində  27 sentyabrdan - torpaqlarımız uğrunda ölüm-dirim savaşı başlayandan  ermənilərin atdığı mərmilərdən qorunmaq üçün sığınacaqlar təşkil edilib. Hazırda müharibə başlayandan  burda 30-dan çox qadın, uşaq, qoca, xəstə məskunlaşıb. Bu günlərdə  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən sığınacağa xeyli həcmdə yardım göndərilmişdi. Yardımın tərkibində pandemiya  ilə əlaqədar maska, spirt, yaraya qarşı məlhəmlər, ağrı kəsici və”Coldreks” tipli qripi qabaqlayıcı içmə dərmanlar, əlcək, bint, sarğı və digər tibbi ləvazimatlar, eyni zamanda ərzaq, isti geyimlər, elektrik qızdırıcıları göndərilmişdir.

Sığınacaqdakı hər kəs bu vacib ləvazimatlarla təmin olunarkən, Kəmalə Ağazadəyə bizim vasitəmizlə  minnətdar olduqlarını da bildirməyi xahiş etdilər.

 Bəli, ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. Zaman belə tələb edir: Bir xalq olaraq, insan insanın dostu, yoldaşı və qardaşı olmalıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür etməlidir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxmalıdır! Bu gün ordumuzun irəliləməsinin, qələbələr qazanmasının,  xalqın üzünün gülməsinin kökündə bir-birimizə olan sevgi, hörmət, mərhəmət, dəstək var! Xalqımıza hər zaman həmrəylik, sevgi, birlik arzulayırıq.
  
Əntiqə Rəşid
 “Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri

 

Digər Xəbərlər