adalet.az header logo
  • Bakı 17°C
06 Iyun 2023 09:32
740
ƏDƏBİYYAT

İntiqam Mehdizadənin ölümündən sonra kitabı çap olunub

Respublika Mətbuat Fondunun "Dan ulduzu", Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatı yazıçı-publisist, jurnalist, ssenarist İntiqam Mehdizadənin ölümündən sonra “İşığa çıxmış düşüncələr” adlı kitabı çap olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 aprel 2021-ci il tarixli 33-f əmri ilə təsdiq olunmuş Nəşr planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının qərarına əsasən nəşr edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı mətnlər toplanıb. Jurnalist müəyyən dönəmdə cəmiyyətin yaşadığı zaman boşluğuna, dövrün çətinliklərinə peşəkarlıqla sözdən güzgü tutur. 1987-ci ildən redaktoru olduğu “Bulaq” verilişinin xəttli ilə səfər etdiyi bölgələrdən təəssüratına da yer ayıran publisist kitabda daha çox Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş oğullar haqqında, torpaq itkisi, yurd həsrəti, cəmiyyətdəki çatışmazlıqlar, 1990-cı ildən sonrakı illərdə qarşılaşdığı ictimai-sosial problemlər, qəzet, jurnalist peşəsi mövzusunda yazdığı ağrı dolu yazıları sıralayıb. “Karvanın sarvanı”nda olduğu kimi “İşığa çıxmış düşüncələr” kitabında da oxucular mədəniyyətin bir çox sahəsində çalışan sənət adamları, ədəbiyyat fədailəri ilə görüşlərin yaddaş nümunələri ilə tanış olmaq, rəngarəng mövzularda məqalələr, tanınmış ziyalılarla bağlı xatirələr, araşdırma yazılar, müsahibələr oxumaqla Azərbaycan mədəniyyəti haqqında təsəvvürünü zənginləşdirəcək.

1973-cü ildən Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsində çalışan İ.Mehdizadə televiziyada "Gənclik və idman" redaksiyasına rəhbərlik etdiyi illərdə "Axtarış", "Dan yeri", "Duyğu", "Yeni üfüqlər", "Vaxt", "Mövqe", "Çərxi-fələk", "Sorğular, cavablar", "Sənətsevər" adlı radio verilişlərinin müəllifi kimi tanınıb.

O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi və Nəşriyyat şöbəsinin müdiri olub. Jurnalist universitetdə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.

İ.Mehdizadənin bundan əvvəl çap olunmuş “Bulaq”, “Təsəlli”, “Maralı qoca dağlar”, “Karvanın sarvanı”, “Hərənin öz dünyası” kitabları kimi “İşığa çıxmış düşüncələr” də Azərbaycan mətbuatı tarixi üçün əhəmiyyətlidir.