adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 11:00
50
İQTİSADİYYAT
A- A+

“Aqrar sektorun yükü artacaq, xərclər çoxalacaq və ziyanla işləmə başlayacaq”

“Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli deyib ki, aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir. Bu qaydanı 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edəcək. Mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq. Hörmətli Orxan müəllim sonra deyir ki, qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. "Bu heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

Ekspert məsələyə belə aydınlıq gətirib:

“Bir fermer 20 hektar pambıq əkir. Bu günə qədər fermer mənfəət götürürdü, amma vergi vermirdi. "Pambıqçılığın inkişafı üzrə Dövlət Paroqramı" qəbul ediləndə 500 mn ton tədarük hədəfi qoyulmuşdu. Son 5 ildə tədarük göstəriciləri nəyinki artmadı, əksinə azaldı. Bu pambıq əkən fermer sahədə əl əməyindən istifadə edir. Alaq, pambıq yığımı və sair. Günəmuzd işçilər işlədir. Tutaq ki, bu il günü 25 manata sahədə işləyən vətəndaş, gələn il 35 manata işləyəcək. Mexanizator, suvarma işini görənlər və sair də daha çox (ən azı 10 faiz) pul istəyəcək. Fermerin xərci artacaq. Əvəzində gəliri artmayacaq. Çünki pambıq alan sifarişçi şirkət alış qiymətini artırmır. Deməli fermerin xərci çoxalacaq. Bir məqamı da qeyd edək ki, dizel yanacağı, sürtkü yağları, maşın mexanizmlərin ehtiyat hissələri də əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb. Deməli nə baş verəcək? Aqrar sektorun yükü artacaq, xərclər çoxalacaq və ziyanla işləmə başlayacaq. Aqrar sektor onsuz da geriləmə dövründəykən, bir az da geriləyəcək”. 

O, bildirib ki, indi isə gəlin ikinci abzasda deyilənləri kəndçi dilində izah edək:

“Ölkəyə heyvan idxalı daha 3 il ƏDV-dən azad edilir. Burada "kökəltmə məqsədilə" sözünü unudun. Çünki rəsmi olaraq idxal sənədlərində "kökəltmə məqsədilə" göstərib Azərbaycana mal-heyvan gətirənlər vergidən azad edilir. Amma həmin o "kökəltmə məqsədilə" idxal edilən heyvanlar tövləyə yox, birbaşa qəssabxanaya aparılır. Niyə? Ona görə ki, ƏDV-dən azad edilib, ucuz qiymətə idxal olunub və onun sonradan bəslənib kökəltməsi ilə bağlı nə qanun, nə də nəzarət var. Bu zaman nə baş verəcək? Azərbaycanda heyvandarlıq zəifləyəcək. Xaricdən "kökəltmə məqsədilə" adı altında gətirilən mal-heyvan kəsim yerlərində ucuz satılacaq. Yerli kəndli-fermer də bu ucuzluqda xərci-borcunu ödəməyən heyvan saxlamaqdan əl çəkəcək. Beləliklə də ölkənin əsas ərzaq təhlükəsiliyi birazda idxaldan asılı və təhlükəli vəziyyətə düşəcək. Belə”.

Vasif ƏLİHÜSEYN