27 Sentyabr 2023 13:47
967
ƏDƏBİYYAT

Kamalə Abıyeva: SON SEVGİMSƏN

Mənim kimilərə vətəni sevənlər deyil, “vətənşüvənlər” deyənlər utansın.

SON SEVGİMSƏN

İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim, kimi sevdim 
bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə 
ipək donlu gəlinciyi, 
bər –bəzəkli yelləncəyi. 
Bəlkə qışı, qarı sevdim, 
Bəlkə də baharı sevdim. 
Sənə qədər onu sevdim, bunu sevdim, 
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini, 
bəlkə də ən gözəlini? 
Amma demə sənə qədər 
sevməmişəm heç birini. 
Demə Sənə çatanadək bilməmişəm
sevgi nədir. 
Amma ki, mən səni sevdim. 
Hər tikəni, hər parçanı 
gözlərimə, ürəyimə yığdım elə. 
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram. 
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq, 
yad əllərdən səni almaq and yerimdi. 
Adım "Vətən” deyən neçə şəhidin var. 
Türkün yurdu şəhid olmaz,
türkün özü şəhid olar. 
"Vətən” adlı oğlun ilə, 
qızın ilə mən əl-ələ 
Təbrizimlə Bakım ilə 
gedəcəyəm Qarabağdan Zəngəzura, 
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü, yarpağını, 
oxşayacam mən hər qarış torpağını. 
Bəlkə bir az səndən doyum. 
Səni bütöv sevəcəyəm ömrüm boyu. 
Sən uğruna öləcəyim, 
sən uğruna yaşadığım varlığımsan -
ana Vətən. 
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən - 
Son sevgimsən.