“Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir”
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistandan dərhal sonra Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı dinamikasını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bu səfər diplomatik təmasların davam etdiyini göstərməklə yanaşı, həm də tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından vacibdir.
Prezident İlham Əliyevlə görüş zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çoxşaxəli və dərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı qəbul olunmuş birgə bəyanatda bu münasibətlərin strateji xarakterinin vurğulanması tərəflərin qarşılıqlı siyasi iradəsini əks etdirir.
Enerji sahəsi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas prioritetidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır. Azərbaycan qazının artıq Almaniya və Avstriya bazarlarına çatdırılması bu əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir. Bu fakt, xüsusilə qlobal enerji bazarlarında qeyri-sabitliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanın rolunu daha da artırır və Avropa Komissiyası tərəfindən də yüksək qiymətləndirilir.
Bununla yanaşı, nəqliyyat və bağlantı layihələri də münasibətlərin strateji əhəmiyyətini artıran mühüm istiqamətlərdəndir. Çoxsaylı nəqliyyat layihələri regionda logistika imkanlarını genişləndirərək Azərbaycanı Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərdən birinə çevirir.
K.Kallasın səfəri zamanı yeni əməkdaşlıq sahələri də gündəmə gətirildi. Rəqəmsal transformasiya, süni intellekt və bərpaolunan enerji kimi sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsi göstərir ki, tərəflər münasibətləri yalnız ənənəvi sektorlarla məhdudlaşdırmaq niyyətində deyil. Bu yanaşma Azərbaycan–Aİ əməkdaşlığının innovativ əsaslar üzərində qurulduğunu təsdiqləyir.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində atdığı addımlar regionda sabitliyin təmin olunmasına xidmət edir. Xüsusilə tranzit yüklərlə bağlı məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması konstruktiv yanaşmanın bariz nümunəsidir.
Eyni zamanda, Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında iştirakı və bunun tarixi hadisə kimi qiymətləndirilməsi Azərbaycanın Avropa siyasi məkanında artan rolunun göstəricisidir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
20 Iyun 2026 15:04
Prezident Administrasiyasında Ana Vətən Partiyasının sədri ilə görüş keçirilib
20 Iyun 2026 09:15
“ABŞ-nin icarəyə götürdüyü marşruta İran problem yaradarsa...”
20 Iyun 2026 09:00
Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz
19 Iyun 2026 19:56
“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 16:35
IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb
19 Iyun 2026 15:42
Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
19 Iyun 2026 13:41


Bakı -°C

