Keçid - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
5967 | 2022-09-05 10:59

Özümü bildim biləli “Keçid dövründəyik,  bir müddət sonra hər şey fərqli olacaq” eşidirəm. Hara keçirik? Necə keçirik? Bu da artıq məsələnin başqa tərəfidir. Hər halda ümid edirik ki, keçəcəyimiz yer indikindən daha yaxşıdır.  Bu keçid dövrü nə qədər sürəcək? Hələ də bizlərə keçid dövründə olduğumuzu deyirlər...

Yox, gərək belə başlamayaydım.  Gəlin sizə bir əhvalat danışım/yazım. Sizə bir keçiddən söhbət açacam. Hər dəfə yanından keçəndə maşındakılara zarafatla “Vüqar Abbasov keçidinin yanından keçirik” – deyirəm...

Səhv etmirəmsə  2016 – cı il idi. Niderlandlı bir həmkarımla Bakının Sabunçu qəsəbəsi tərəfdə, köhnə Sabunçu dairəsindən Pirşağıya gedən yolu bir trəfdən qarşı tərəfə keçmək istəyirdik. Maşınların ardı-arası kəsilmirdi ki, yolu keçək. Bir çoxları sürətlə gedən maşınların arasından yolu keçib getməyə cəhd edirdilər və keçirdilər də. Bu mənzərədən niderlandlı tanışımın gözləri bərələ qalmışdı. Bir müddətdən sonra dözmədim “Bu camaat niyə yığışıb buna bir əncam çəkdirmir?” – deyə  bərkdən deyinməyə başladım. Yanımda dayanlardan biri “Camaat neyləsin? Hər yerə yazmışıq, xeyri yoxdur” – dedi. Üzümü mənə cavab verənə tutaraq harasa yazdıqları ilə bağlı əllərində sübutun olub-olmaması ilə maraqlandım. Məlum oldu ki, varmış.  Uzatmayım, tanışlıq verdim və aidiyyatı təşkilatlardan aldıqları cavabları görmək istədiyimi dedim və adam yaxınlıqdakı evindən məktubları gətirdi. Çəkildik bir tərəfə və başladım məktublara baxmağa. Orada yaşayanlar müvafiq bildikləri təşkilatlara sözü gedən yolda keçid tikilməsi xahişi ilə müraciət etmişdilər. Məktubun biri Bakı Şəhər Dövlət Yol Polis İdrasinə (BŞDYP), digəri isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanlamışdı və ən qəribəsi isə bu idi ki, hər iki  dövlət təşkilatı onlara ünvanlanmış məktubu bir-birinin üstünə göndərmişdi; BŞDYP ona ünvanlanmış məktubu AAYDA -ya, ikinci də ona ünvanlanmış məktubu birinciyə yönləndirmişdi. Bu yerdə bir dənə “aydaa” deməyə bilmədim. Elə oradaca telefonla BŞDYP – yə zəng etdim və oradan mənə bildirdilər ki, keçid məsələsi AAYDA lıqdır. Düşündüm ki, ora sakit başla zəng etməliyəm və beləcə  məktubları götürüb gəldim evə.  Düşünüb daşınandan sonra AAYDA – ya zəng etdim, tanışlıq verdim  və birbaşa dedim ki, məndə olan məlumata görə planda filan yolda keçid tikilməsi olduğu halda hələ də orada keçid tikilməyib. Niyə tikməmisiniz? Sonra da əlavə etdim ki, mən burada niderlandlı dostumlayam və buraya dövlət əhəmiyyətli bir tədbirdə iştirak etməyə gəlmişik. Tədirdə Azərbaycanın bütün rəhbərliyi iştirak edəcək və mən bu məsələni onlarla müzakirə etməyə çalışacam.  Adam xahiş etdi ki, ona bir neçə saat vaxt verim ki, bu məsələni araşdırsın. Bir neçə saat sonra zəngləşdik və bu yerdə etiraf edim ki, adını unutduğum bu şəxs çox mədəni danışırdı.  Bəli, zəng edən şəxs dedi ki, müəllim, biz araşdırdıq və məlum oldu ki, planda bu keçidin tikilməsi var və keçid yaxın zamanlarda tikiləcək.  Daha orasını bilmədim və soruşmadım ki, o zaman camaatın yazdıqları məktublara niyə belə cavab veriblər və məndə belə təəssürat yarandı ki,  bu zəng, təbirdə iştirak və.s. olmasa idi keçid tikilməyəcəkdi (sonda sizlərə buna uyğun bir lətifə payım da olacaq). Xülasə, anlaşdıq ki, keçid tikilənə kimi oradakı yola “zebra” çəksinlər və Sabunçu rayon DYP – si ora bir müddət nəzarət etsin ki, camaat yolu rahat keçə bilsin. Mən Azərbaycanda olduğum müddətdə “zebra” da çəkildi, DYP əməkdaşları ora nəzarət də etməyə başladı.  Məmləkətdən çıxmamış AAYDA – ya yenə zəng etdim və keçidi bir daha xatırlatdım. Müəllim də məni əmin etməyə çalışdı ki, keçid mütləq tikiləcək və tikildi də. Doğrudan da bir müddət sonra orada keçid tikdilər. İndi adamlar yolu bir tərəfdən digər tərəfə rahatlıqla keçirlər. Demək ki...  Qalanını siz düşünün.

Siz düşünün, amma mən də fikrimi bildirim. Məndə belə bir fikir yarandı ki, o keçid orada tikilməli imiş, tikməyiblərmiş. Ona ayrılmış pullar necə olacaqmış, burası da  bir başqa məsələ.

Qayıdım yazımın əvvəlinə. Yazımın əvvəlində  “Bu keçid dövrü nə qədər sürəcək?” deyə sual etmişdim. Hər cür müqayisəni qüsurlu hesab etsəm də,  demək istəyirəm ki, bax bizi əvvəl yaşadığımız sistemdən keçmək istədiyimiz sistemə keçirtməli olan “keçidin” də “tikintisi”nə başlamayıblar. Bu “keçidin” pullarını isə bəzi rüşvətxor məmurlar həzm-rabedən keçiriblər və bu proses yenə də davam etməkdədir, yəni hər dəfə keçid (bu dəfə bilərəkdən dırnaq işarəsi içərisində yazmadım) üçün ayrılmış pulları yeyirlər. Bunu çox da uzaq olmayan (müxtəlif) tarixlərdə həbs olunmuş nazirlərin və digərlərinin evlərindən çıxmış, bizlərə göstərilmiş sərvətlərindən görmək olar. Hələ bundan sonra çox belə məqamları görmə ehtimalımız belə var. Bizə məlum olan və olmayan, dövlətdən  oğurlanmış bütün pullar həmən keçidə, bizi gələcəyə aparmal olan keçidə ayrılmış pullardır, dəyərli oxucu. Keçidə ayrılmış pullar oğurlandığı üçün biz hələ də keçid dövründəyik və o keçiddin pulları oğurlandığı müddətdə də keçid dövründə qalacağıq. Odur ki, keçidi tikmək lazımdır.

 

Vüqar Abbasov. Niderland.

vugarabbasov@hotmail.com

 

P.S. Yuxarıda söz verdiyim lətifə.

 

Bir gün Amerikanın, Almaniyanın və Azərbaycanın yol və körpü tikintisinə məsul nazirliklərinin başçıları bir yerdə çörək yeyirlər. Qonaqlığı da ABŞ – lı rəhbər ABŞ – da verir. Qonaqlıqdan sonra qonaqlar soruşurlar ki, ay nazir, bu qonaqlığı hansı pulla verdin? ABŞ – lı nazir əlini bir istiqamətə uzadıb:

  • Baxın, o körpünü görürsünüz? - soruşur
  • Bəli, görürük.
  • Bax o körpüyə 1 000 000 dollar ayrılmışdı. Onun 990 000 mini xərcləndi. Yerdə qalan pulla da sizə qonaqlıq verirəm, yerdə pul qalmasa idi sizə qonaqlıq verə bilməzdim.

Növbəti qonaqlıq Alnaiyada olur. Yenə də eyni sual, bu dəfə Alman nazirə verilir və o da eynən amerikanlı həmkarı kimi əlini bir istiqamətə uzadıb:

-           Baxın, o körpünü görürsünüz? - soruşur

-           Bəli, görürük.

-           Bax o körpüyə 1 000 000 avro ayrılmışdı. Onun 990 000 mini xərcləndi. Yerdə qalan pulla da sizə qonaqlıq verirəm, yerdə pul qalmasa idi sizə qonaqlıq verə bilməzdim.

 

Növbəti qonaqlıq Azərbaycanda olur. Yenə də eyni sual verilir və bizim nazir də  digər həmkarları kimi əlini bir istiqamətə uzadıb:

  • Baxın, o körpünü görürsünüz? – soruşur.

Amerikanlı və Alman nazir ha baxırlar bir şey görə bilmirlər və:

  • Yox, körpü filan görümürük – deyirlər.
  • Hə, görə də bilməzsiniz. Orada körpü tikintisi üçün 1 000 000  ayrılmışdı. Əgər o körpü orada tikilmiş olsa idi, bu gün mən sizə qonaqlıq verə bilməzdim.

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV