adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 11:07
74
SİYASƏT
A- A+

Kəlbəcər Azərbaycanın dirçəliş simvoludur

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Kəlbəcər əsrlərin sınağından keçmiş tarixi, mədəniyyəti və təbiəti ilə seçilən bir bölgədir. 25 Noyabr – Kəlbəcər şəhəri günü isə bu qədim yurdun keçmişinə ehtiram, bu gününə qürur və gələcəyinə inamın rəmzi kimi qeyd olunur.

Kəlbəcər təkcə coğrafi rayon deyil, həm də minillər boyunca formalaşmış sivilizasiyanın izlərini qoruyan bir açıq hava muzeyidir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” mənasını verir və bölgənin strateji-coğrafi mövqeyi ilə birbaşa bağlıdır. Tədqiqatlar sübut edir ki, burada 30 min ildən artıq yaşı olan qədim yaşayış məskənləri mövcuddur. Qayalarda 6 min il yaşı olan petroqliflər, qədim türk əlifbası nümunələri aşkar edilib. Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar qədim türklərin yaşayış məkanları olub. Daş abidələr bölgədə türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın yayılma mərhələlərini əks etdirir.

Bu baxımdan Kəlbəcər tək bir rayon deyil, Azərbaycan tarixinin yaşayan arxividir. Kəlbəcər həm tarixi, həm də coğrafi xüsusiyyətləri ilə fərqlənir. Azərbaycanın ən yüksək dağ rayonlarından olan bu bölgənin başı sanki buludlarla birləşir.

Rayon həmçinin geniş meşə massivləri, buz kimi bulaqları, çayları, mineral suları, nadir flora və faunası ilə zəngindir. Sərhədləri isə həm ölkənin daxilində, həm də Ermənistanla təmas xəttində mühüm strateji mövqeyə malikdir.

Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər əhalisi 53 478 nəfər, ərazisi 3054 km², 1 şəhər, 1 qəsəbə, 145 kənd, 55 inzibati ərazi dairəsi mövcud idi.

Bu göstəricilər Kəlbəcərin Azərbaycanın ən geniş və ən dağlıq rayonlarından biri olduğunu göstərir.

Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcərin zirvələri Camışdağ (3724 m) və Dəlidağ (3616 m) həm təbiət möcüzəsi, həm də hərbi-strateji yüksəkliklərdir. Kəlbəcər Ermənistanla sərhəddə yerləşdiyi üçün onun coğrafiyası ölkənin təhlükəsizliyi baxımından həlledici rol oynayır.

2 aprel 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Bu işğalın nəticələri həm insan itkisi, həm də mədəni dağıntılar baxımından fəlakət idi. İşğal nəticəsində 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir və ya itkin düşdü, on minlərlə insan ölkənin 56 rayonunda 770 məntəqəyə səpələnərək müvəqqəti məskunlaşmağa məcbur oldu.

Dağıdıcılığın miqyasını xüsusi qeyd etmək yerinə düşər. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 42 mədəniyyət evi, 43 klub, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil və texnika tamamilə məhv edildi.

Rayonun milyardlarla manatlıq sərvəti talan edilərək Ermənistana daşındı. Bu təkca işğal deyil, mədəni soyqırımı idi.

BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə 822 saylı qətnaməni qəbul edərək Kəlbəcər də daxil olmaqla bütün işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxmasını tələb etdi. Lakin Ermənistan bu tələbi yerinə yetirmədi, beynəlxalq təşkilatlar icraya nəzarət etmədi. Beləcə beynəlxalq hüquq yenə də siyasi maraqlar qarşısında aciz qaldı. 1999-cu ildən etibarən Ermənistan Kəlbəcər ərazisində qanunsuz məskunlaşdırma siyasətinə başladı. Bu addım həm BMT prinsiplərini, həm də ATƏT-in Helsinki Yekun Aktını kobud şəkildə pozurdu.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərindən Kəlbəcər istiqamətində aparılan uğurlu əməliyyatlar strateji üstünlük qazandırdı:

“Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdıra bildik... Ermənistan ordusunun hərəkətləri demək olar ki, iflic vəziyyətə salınmışdı”.

Bu əməliyyatlar düşmənin Basarkeçər–Kəlbəcər yolundan istifadə imkanlarını minimuma endirdi və onların müdafiə xəttini çökməyə məhkum etdi.

Azərbaycanın Müzəffər Ordusu və siyasi-hərbi rəhbərliyin qətiyyətli siyasəti nəticəsində əldə edilən Qələbə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında öz əksini tapdı. Sənədə əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər Azərbaycana təhvil verildi.

Ümumilikdə 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri azad olundu. Bu, Azərbaycanın geostrateji təhlükəsizliyini gücləndirən ən mühüm hadisələrdən biri idi.

Bu gün Kəlbəcər işğaldan sonra yenidən dirçəliş mərhələsinə qədəm qoyub. Dövlətin aparıcı layihələri, infrastrukturun bərpası, yolların çəkilməsi, elektrik nəqliyyat xətlərinin qurulması, kəndlərin planlaşdırılması bölgənin yenidən doğulduğunu göstərir.

25 Noyabr – Kəlbəcər şəhəri günü sadəcə bir tarix deyil, Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, gücünün, iradəsinin və qürurunun təntənəsidir.

30 ildən çox davam edən işğalın tələfatı, dağıntıları və insan faciələri Kəlbəcərin tarixində qara ləkə kimi qaldı. Lakin Vətən müharibəsində əldə olunan Qələbə ilə bu torpağın taleyi dəyişdi, Kəlbəcər öz doğma sahibinə qovuşdu və bu gün burada yenidən həyat başlanır.

Qeyd edim ki Kəlbəcəri təhvilvermə prosesi bir daha erməni vandalizmini üzə çıxardı. Qanunsuz məskunlaşanlar evləri, bağları, meşələri yandıraraq, infrastrukturu dağıdaraq bu əraziləri tərk etdilər.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü təsis edildi və bu tarixi gün artıq azadlığın və dirçəlişin rəmzinə çevrilib.

2024-cü il 1 may tarixli qərarla təsdiq olunan Kəlbəcər şəhərinin Baş Planı bölgəni müasir dağ şəhəri kimi yenidən qurmağı nəzərdə tutur. Əhalinin sayı 7500-dən 17 minə yüksələcək, ümumi yaşayış fondu 488 min m² olacaq, şəhərin 22%-i yaşıllıqlardan ibarət olacaq (adambaşına 33 m² – bu ölkə üzrə ən yüksək göstərici olacaq), 4 məktəb, 4 bağça, xəstəxana, reabilitasiya mərkəzi, muzeylər, idman və ictimai-iaşə infrastrukturu tikiləcək.

Kəlbəcər şəhərində artıq 524 ailəlik yaşayış məhəlləsinin birinci hissəsi tamamlanıb və yüzlərlə sakin doğma yurda qayıdıb.

Eyni zamanda Yanşaq, Zallar, Zar kəndlərində yüzlərlə ailə üçün müasir yaşayış məhəllələri salınır.

Hazırda infrastrukturu yenidən qurulan Kəlbəcərdə Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu, 5 tunel, Murovdağ tuneli - uzunluğu 11,7 km-dir. Bu, MDB-də birinci, Avropada beşinci tuneldi, rayonun inkişafına təkan verəcək.

Enerji infrastrukturu da yaradılır. Tərtər çayı və digər mənbələr üzərində “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” kimi su elektrik stansiyaları bərpa edilib və ya yenidən qurulub.

İstisu tezliklə Qafqazın müalicə və turizm mərkəzinə çevriləcək. Burda 145 otaqlı hotel, SPA və müalicə kompleksləri, kotteclər və inzibati binalar tikilir.

İstisu mineral su zavodunun illik istehsal gücü: 100 milyon butulqadır. İşçilərin böyük hissəsi Kəlbəcər və Laçın sakinləridir.

Zavod artıq istifadəyə verilib və regionun ən böyük sənaye layihələrindən biridir.

Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri inkişafın prioritetinə təkan verir. 2021, 2022, 2023 və 2025-ci illərdə Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri bölgənin yenidən qurulmasının dövlət başçısının gündəliyində xüsusi yer tutduğunu nümayiş etdirir. Hər səfərdə yeni infrastruktur, yol, enerji, sosial obyektlərin açılışı və təməlqoymaları həyata keçirilib.

Bütün bu faktlar göstərir ki, Kəlbəcər bu gün Azərbaycanın ən böyük yenidənqurma layihələrindən birinin mərkəzində dayanır. Qədim türklük izlərini daşıyan bu qədim yurd müasir dövrdə dövlətin gücü, iradəsi və strateji planlaması ilə yenidən qurulur.

Bu gün Kəlbəcərə qayıdan hər bir ailə təkcə evinə dönmür, həm də Azərbaycanın tarixi ədalətinin və ərazi bütövlüyünün bərpasının canlı şahidinə çevrilir.