adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 23:14
77
DÜNYA
A- A+

"Kipr məsələsi Türkiyənin milli prioritetidir" - Ərdoğan

Ankaranın Kipr məsələsində mövqeyi bütün dövrlərdə son dərəcə aydın olub: adada ədalətli və davamlı sülhə gedən yol iki dövlətin tanınmasından keçir. Ziddiyyətlərin tənzimlənməsi yalnız Kiprin reallıqları nəzərə alınmaqla mümkündür.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla Ankarada 90 dəqiqəlik danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankaranın beynəlxalq arenada ŞKTR-nin hüquq və mənafelərinin təmin edilməsi üzrə siyasi və diplomatik səyləri davam edəcək.

“Kiprin qarant ölkəsi kimi Türkiyə çətinliklər və problemlər qarşısında Kipr türklərini tərk etməyəcək”, - deyə o, Kipr yunan icmasının məqsədini “Kipr türklərini adada milli azlığa çevirmək” kimi xarakterizə edərək əmin edib.

Türkiyə Prezidenti, həmçinin Avropa İttifaqının adanın yunan icmasını Aİ-yə qəbul etmək kimi səhv qərarını unutmamağa çağırıb və Kipr türklərinə verilən vədlərin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

ŞKTR lideri öz növbəsində Şərqi Aralıq dənizindəki problemlərin həlli yalnız danışıqlar yolu ilə mümkün olacağını bildirib.

O, həmçinin yunan Kiprinin hakimiyyəti tərəfindən silah alışının aktiv şəkildə artırılmasına diqqət çəkib. “Adanın cənubunda silahların toplandığı bir dövrdə Türkiyənin Kiprdəki problemlərin tənzimlənməsi ilə bağlı mövqeyinin əhəmiyyəti xüsusilə vacib olaraq qalır”, - deyə ŞKTR-nin altıncı Prezidenti bildirib. T.Erhürman qeyd edib ki, Kipr ilə bağlı ziddiyyətlərin tənzimlənməməsi regionda sülhə mənfi təsir göstərir.

“Regionda Türkiyə və Kipr türklərinə qarşı saymamazlığa əsaslanan mövqe regiondakı problemlərin uzunmüddətli tənzimlənməsinə töhfə verə bilməz”, - deyə o vurğulayıb.