adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 19:32
70
MƏDƏNİYYƏT
A- A+

“Dövlət büdcəsindən kino sahəsinə vəsaitin ayrılmaması narahatlıq doğurur”

Son zamanlar ölkə parlamentində müzakirə olunan gələn ilin büdcə məsələsi müəyyən narahatlığa səbəb olub. Bu müzakirələrdə diqqəti çəkən məqam isə ölkəmizin mədəniyyət sahələrinə göstərilən diqqət, xüsusilə bu sahəyə ayrılan büdcə vəsatinin məbləği ilə bağlıdır. Mövzu ilə bağlı millət vəkili Günay Əfəndiyeva ilə həmsöhbət olduq.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva suallarımızı  cavablandırarkən bunları dedi:

Bir neçə gün öncə biz özü-özlüyündə bir filmə bənzər 44 günlük şanlı salnamənin nəticəsində qazanılan – Müqəddəs Zəfərin 5-ci ildönümünü böyük qürur və coşqu ilə qeyd etdik. Düşünürəm ki, Vətənimizə aid tarixi faktları, həqiqətləri kino sənəti vasitəsilə dünyaya göstərmək, Azərbaycanın haqlı mübarizəsinin səsini ekran dili ilə bütün qitələrə yaymaq vacib əhəmiyyət daşımaqdadır. Bu reallıqdan çıxış edərək mən diqqəti mədəniyyətimizin çox mühüm bir sahəsinə — milli kinematoqrafiyamıza yönəltmək istəyirəm.

Məlumdur ki, Mədəniyyətimizin və incəsənətimizin böyük hamisi Ulu Öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi kino siyasəti Azərbaycan mədəniyyətinin əsas sütunlarından birinə çevrilmişdir. Xatırlayırsınız, Ulu Öndərin dönəmində “Dədə Qorqud”, “Nəsimi”, “Babək”, “Nizami” və görün daha nə qədər dəyərli ekran əsərləri çəkilib. Bu filmlər vasitəsilə tarixi, mədəni, ədəbi irsimiz, milli kimlik, milli təfəkkür məsələləri ortaya çıxarılıb, yaşadılırdı.

Bu gün də cənab Prezidentin siyasəti nəticəsində kinematoqrafiya sahəsində ardıcıl islahatlar aparılır, müasir tendensiyalar nəzərə alınmaqla yeni yanaşmalar formalaşdırılır. Heydər Əliyev Fondu, Bakı Media Mərkəzi tərəfindən, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə dəyərli filmlər çəkilir və bildiyim qədəri ilə yeni filmlərin çəkilməsi nəzərdə tutulub.

Amma bu il dövlət büdcəsindən kino sahəsinə vəsaitin ayrılmaması müəyyən narahatlıq doğurur.

Düşünürəm ki, kino sahəsi mədəniyyətimizin tərkib hissəsi kimi yaradıcılıq yönü ilə yanaşı, həm də ideoloji, mənəvi və informasiya gücü ilə ön plandadır. Kino həm gənclərimizin dünyagörüşünə, həm milli kimliyimizin təbliğinə, həm də Azərbaycanın beynəlxalq imicinə birbaşa təsir göstərən vasitədir.

Digər tərəfdən, kino yalnız ekran qarşısında gördüyümüz aktyor və rejissorlarla məhdudlaşmır. Bu sahənin görünməyən qəhrəmanları – səs rejissorları, montajçılar, işıq mütəxəssisləri, rəqəmsal texniki heyət – bu industriyanın dayanıqlı inkişafında önəmli rol oynayır. Kino mütəxəssislərin hazırlanması və sahənin institusional şəkildə dəstəklənməsi vacibdir.

Eyni zamanda digər bir məsələyə toxunmaq istəyirəm. Bu, tender mexanizmləri çərçivəsində nəşrlərin sifarişi və keyfiyyət məsələsidir.

Son illərdə bir sıra müəlliflərin bir neçə cilddən ibarət seçilmiş əsərləri dövlət sifarişi əsasında müxtəlif nəşriyyatlar tərəfindən çap olunub. Yəni,bu işi tenderi qazanmış nəşriyyat həyata keçirir. Belə çıxır ki, hər il eyni müəllifin çoxcildlik əsərləri ayrı-ayrı nəşriyyatlara həvalə olunur və bir çox hallarda həmin nəşriyyat bu işi yüksək keyfiyyətlə deyil, sadəcə “udduğu tenderin öhdəliyi” kimi yerinə yetirir.

Nəticədə, bəzən kitablar keyfiyyətsiz kağızda, zəif çapla oxucuya təqdim olunur, kitabın cildi açılan kimi qopur. Bu, ciddi məsələdir – bu, dövlət vəsaiti ilə maliyyələşən layihələrin etibarlılığı və ictimai inamla bağlı məsələdir.

Tender udmaq – məsuliyyət daşımaq deməkdir, dövlətin mədəni sifarişini layiqincə yerinə yetirmək deməkdir.

Bu baxımdan, hesab edirəm ki, gələcəkdə bu sahədə tender mexanizmlərinə daha ciddi nəzarət tətbiq edilməlidir.

Xüsusilə mədəniyyət sahəsində qiymət ilə yanaşı, keyfiyyət meyarları, mütəxəssis heyətinin təcrübəsi, nəşriyyatın reputasiyası kimi kriteriyalar da əsas götürülməlidir.

Söhbəti yazdı Əbülfət Mədətoğlu