25 Aprel 2025 17:45
169
MEDİA

"Konstitusiya və Suverenlik İli": Naxçıvanda məlumat sessiyası keçirildi - FOTO

Aprelin 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi Hüquq və İnsan Haqları İnstitutu ilə birgə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası təşkil edib.

Bu barədə Adalet.az-a Medianın İnkişafı Agentliyinin bildirilib.

Tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova bildirib ki, sessiyanın keçirilməsində əsas məqsəd jurnalistlərin hüquqi biliklərinin artırılması və konstitusion əsaslarla bağlı maarifləndirici fəaliyyətlərin genişləndirilməsidir. O qeyd edib ki, informasiya yayımında qanunvericiliyin tələblərinə əməl olunması, hüquqi çərçivədə fəaliyyətin təşkili cəmiyyət və dövlət üçün xüsusi əhəmiyyət daşıyır və bu baxımdan belə sessiyalar mühüm rol oynayır.

Sessiya çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda universal insan hüquqları, Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında təsbit olunmuş əsas hüquq və azadlıqlar, insan və vətəndaş hüquqlarının təminatı, eləcə də milli və beynəlxalq hüquq müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib.

Məlumat sessiyası interaktiv şəkildə davam edib, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.