Mədə narahatlığını bu yollarla azalda bilərsiniz - Dilarə Bayramova
"Sağlam həyat tərzi və düzgün qidalanma mədə narahatlığını azalda bilər. Bu problemin əsas səbəbləri qida rejimindəki sistemsizlik, məktəb yaşlarında və abituriyentlərdə fiziki yüklənmə, inək südünə allergiya, stres, “Helicobacter Pylori” infeksiyası, genetik faktor və iltihabəleyhinə bəzi dərman maddələrinin uzunmüddətli istehlakıdır".
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Dilarə Bayramova açıqlayıb.
Onun sözlərinə görə, mədə-bağırsaq xəstəlikləri böyüyən və inkişaf edən uşaqlarda daha çox görulür, çünki uşaqlar tamamilə valideynlərindən asılıdırlar: “Yalnız valideynlər uşağa sağlam həyat tərzinin əsaslarını, düzgün qidalanmanı, yemək davranışı mədəniyyətini aşılaya bilərlər”.
Pediatr bildirib ki, körpəlik və uşaqlıq dövründə böyümə və inkişafın tarazlı olması üçün nizamlı və balanslı qidalanma böyük əhəmiyyət kəsb edir: “Hər bir xəstəlikdə olduğu kimi, qastroenteroloji xəstəliklərdə də erkən diaqnoz qoyularaq müayinə edilməsi çox vacibdir, çünki uşaqlıqda aşkar edilən mədə-bağırsaq traktının patologiyası müalicəyə yaxşı cavab verir, o cümlədən gələcəkdə müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir”.