18 Oktyabr 2024 11:20
129
GÜNDƏM

Media Aİ müşahidəçilərinə qəzəbləndi: "Vergilərimizlə haqqlarını ödəyirik, yenə də  bizi saymırlar"

Xəbər vermişdik ki, Ermənistan, Azərbaycanın növbəti tələbini yerinə yetirmək məcburiyyətindədir. Beləki, Azərbaycan tələb edib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması dayandırılsın.


Təbii ki, bu məlumat  gözünü qərbə zilləyib onlardan imdad dilənən erməniləri bərk narahat etmişdi. Odur ki, erməni mediası tələsik  Aİ-nin Ermənistandakı müşahidə missiyası üzvlərinin fikirlərini öyrənməyə çalışmışdı.

Adalet.az xəbər verir ki, amma Aİ-nin Ermənistandakı müşahidə missiyasının üzvləri erməni mediasına elə bir "sifət", elə bir münasibət  sərgiləyib ki, ermənilər bunlara ümidlə baxdıqlarına peşman olublar.


“Hraparak” həmin prosesi belə ifadə edib: Aİ-nin Ermənistandakı müşahidə missiyasının iki illik müddəti 2025-ci ilin fevralında başa çatacaq. Ehtimal olunur ki, o vaxta qədər missiyanın Ermənistanı tərk edib-etmədiyi, yoxsa fəaliyyət müddətinin uzadılacağı dəqiqləşdirilməliydik.Onlara məktub şəklində sorğu göndərdik.

Lakin Avropa demokratiyasının qaydalarına ciddi şəkildə “sadiq” olan müşahidəçilər məktubumuza heç bir şəkildə cavab vermədilər. Xatırladaq ki, ötən dəfə də müşahidə missiyası suallarımıza cavab verməmişdi, hətta niyə onlarla əlaqə saxlamağımıza və onları narahat etməyimizə təəccübləndiklərini bildirdilər. Biz isə sadəcə olaraq Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinin atəşkəs rejimini pozması, atəş açması ilə bağlı yaydığı mesajların nə dərəcədə doğru olduğunu və Azərbaycan tərəfinin dediklərini niyə təkzib və ya təsdiqləmədiyini öyrənməyə çalışırdıq.

Demokratik Avropadan Ermənistana vətəndaş missiyası ilə gələn, öz vergilərimizlə haqqlarını ödədiyimiz müşahidəçilərin mətbuata qarşı bu qədər dözümsüzlük nümayiş etdirəcəyini, bu qədər qeyri-şəffaf hərəkət edəcəyini təsəvvür etmirdik.
Belə olan halda, yəqin ki, qərb “ənənələrinə” əməl edən və jurnalistlərin zənglərinə cavab verməyən Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyandan və ya Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryandan nə gözləmək olar. Suallarımızı yalnız Baş Nazir Aparatının İnformasiya şöbəsinin müdiri Armen Xaçatryan cavablandırdı və o, məsələnin XİN-in səlahiyyətində olduğunu bildirdi”.


Qeyd edək ki, ermənilər bundan əvvəl də Aİ müşahidəçilərindən narazı idilər. Erməni politoloqlar düşünürdü ki, Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmiş mülki missiya ermənilərin gözləntilərinin əksinə olaraq, konkret tərəf tutmaq və siyasi mövqe ortaya qoymaq niyyətində deyil.


Əntiqə Rəşid