18 Oktyabr 2024 13:58
122
DÜNYA

Astanada Ermənistan mədəniyyət günləri:Mirzoyanın qətl etdiyi 5 milyon qazaxlını unutdunuz?

Turan yolunda addımlamağa başladığımız bir zamanda  bu hadisə bizi narahat etməyə bilməz . Düzünü deyim, oktyabrın 14-16-da Qazaxıstanda keçirilən Ermənistan mədəniyyəti günlərinin tədbiri bizim üçün gözlənilməz oldu. Əslində Çində olan erməni mədəniyyət günlərini adi qəbul etmişdik və bu ölkədəki tədbir bizə o dərəcə də mənfi təsir bağışlamamışdı.


Tədbir çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qazaxıstanın paytaxtı Astanada geniş nümayəndə heyəti ilə təşrif buyurub. Eyni zamanda Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan tədbirdə iştirak edib.
Erməni mediası bildirir ki, Andreasyan tədbirlə bağlı fikirlərini ictimaiyyətə bildirirkən deyib ki, Ermənistan-Qazaxıstan mədəniyyətlərarası əlaqələrinə, iki ölkə arasında mövcud tərəfdaşlıq və dialoqa təhsil və elm sahəsində və onların inkişaf perspektivlərinə çox dəyər verir.

O həmçinin gələcək planlarını da açıqlayıb: “Məqsədimiz Qazaxıstan universitetlərindən birində ermənişünaslıq mərkəzinin yaradılmasıdır. Qazaxıstanda erməni mədəniyyəti günlərinin keçirilməsi Qazaxıstan ictimaiyyətinə müasir erməni mədəniyyəti haqqında daha geniş anlayışa sahib olmaq imkanı verəcək.

Əvvəlki illərdə bir çox maraqlı hadisələrimiz olduğu üçün bu, birdəfəlik tədbir deyil. Qazax şairlərinin yubileylərini də fəal şəkildə qeyd etmişik. İrəvan Dövlət Universitetində Qazax mərkəzi fəaliyyət göstərir və burada da müvafiq tərcümələr aparılır. Bundan əlavə, Qazaxıstan universitetlərindən birində ermənişünaslıq mərkəzinin yaradılmasını da hədəfləyirik. İndi biz müzakirələr mərhələsindəyik”, - deyə Janna Andreasyan bildirib.

Nazirin sözlərinə görə, iki ölkə tərəfindən qarşılıqlı şəkildə həyata keçirilən bütün tədbirlər iki xalqın mədəniyyətini bir-birinə təqdim etmək və insanlar arasında maarifləndirmə məqsədi daşıyır:

“Bu mənada mən Qazaxıstanda keçirilən erməni mədəniyyəti günlərində Şarl Aznavur həsr olunmuş konserti yüksək qiymətləndirirəm . Sergey Paracanovun yüz illiyinə həsr olunmuş tədbirləri mədəniyyət günləri çərçivəsində keçirilməsinə böyük əhəmiyyət verirəm. Burada qlobal xarakter daşıyan mədəni irs təqdim olunur” .

Əslində qazax xalqı bir türk dövləti olaraq ermənilərdən kifayət qədər zərbə alıb. Qeyd edək ki, 1920-1930-cu illərdə Qazaxıstana erməni Levon Mirzoyan rəhbərlik edib. Həmin illər ərzində aclıq səbəbi ilə əhalinin 40 faizi ölüb, heyvanların 90 faizi tələf olub.
O zaman Qazaxıstana rəhbərlik edən bu şəxsin əmri ilə əhalinin taxıl və mal-qaraları əllərindən alınaraq mərkəzə göndərilirdi.

Məhz bu səbəbdən 2 milyon 230 min qazax acından ölmüşdü. Daha dəqiq, “Kontinent-A” Regional Problemlərin Öyrənilməsi Mərkəzinin tədqiqatlarında deyilir ki, 1930-cu illərdə 5 milyon qazax məhv edilib və ya aclıqdan ölüb ki, bu da o zaman bu ölkədə yaşayan qazaxların yarısından çoxunu təşkil edir. L.Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib.



Baxmayaraq ki, 2015-ci il aprelin 10-da qardaş Qazaxıstanın paytaxtı Astanada təntənəli şəkildə Levon Mirzoyan küçəsinin böyük qazax alimi, akademik Kanış Satpayevin adına dəyişdirildi, amma ümid edirik Levon Mirzoyanın etdiyi soyqırım unudulmadı.
SSRİ dağılandan sonrakı dövrün hər ilində Aznavur Ermənistana fəal maddi və mənəvi kömək göstərib, özünün tarixi vətəni ilə bağlı olduğunu həmişə vurğulayıb. Qondarma "erməni soyqırmı"nın tanınmasının fəal təbliğatçılarından biri olub.

Türklərə qarşı nifrəti onu ermənilərin gözündə böyüdüb. "Ermənistanın milli qəhrəmanı" adına layiq görülüb. UNESCO-da Ermənistanın səfiri kimi həmişə Ermənistanın mənfəətini güdüb.

 Əntiqə Rəşid