18 Oktyabr 2024 16:00
116
MƏDƏNİYYƏT

Qəmərlini Artaşat edənlər ərazidə "ən qədim erməni kilsəsini" tapıblar - Fotolar

Ermənilər növbəti dəfə qədim mədəniyyət abidələrimizə sahib çıxmaq üçün iş görüblər.


Adalet.az xəbər verir ki, hazırda Ermənistandakı tarixi abidələri öyrənən erməni-alman arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeologiya şöbəsinin müdiri Mkrtiç Zardaryan bununla bağlı açıqlamasında bildirib. O deyib ki, 2018-ci ildən qədim paytaxt Artaşatda qazıntılar aparan erməni-alman arxeoloji ekspedisiyası bu il ərazisi 1000 m²-ə yaxın olan nəhəng tikilidə qazıntılar aparıb: “Həm qazılmış tikilinin memarlığı, həm də orada tapılan arxeoloji tapıntılar onun kilsə olması barədə əsaslı fərziyyə irəli sürməyə imkan verir. Tikili qədim Artaşatın ərazisində, Xor Virap monastırının cənub-şərqində və cənub-qərbində birbaşa təpələrin yanında yerləşən düzənlikdə yerləşir”.
Zardaryanonu da vurğulayıb ki, bu strukturun memarlığı Ermənistan üçün kifayət qədər unikaldır. “Erkən Bizans memarlığında, istər Kiçik Asiyada, Suriyada, Fələstində, hətta İtaliyada belə 4 səkkizguşəli çıxıntılı belə tikililər məlumdur. Bu, Ermənistan üçün çox nadir memarlıq ixtirasıdır”.

Ekspedisiyanın həmsədri, Munster Universitetinin doktor-professoru Achim Lichtenberger bildirib ki, IV əsrə aid bu tikili Ermənistanda arxeoloji cəhətdən sənədləşdirilmiş ən qədim kilsədir və bu, erkən xristian dövrünün sensasiyalı şahididir.
Azərbaycan tarixçi alimləri bildirir ki, tarixdə Qəmərli adı tanınan hazırda ermənilərin Artaşat adlandırdığı həmin ərazi tarixi qədim bir oğuz yurdudu: “Gərnibasar mahalının düzənlik hissəsində yerləşən Qəmərli adı Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində məskunlaşan Qamər – Kimmer/Kəmər tayfasının adını yaşadan nadir toponimlərdən biridir. Qamər türklərinin adını yaşadan Qəmərlinin yaxınlığında qədim şəhər qalıqlarının mövcudluğu buranın türk-oğuz yurdu olmasının sübutudur”.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə havadarlarının köməyinə arxalanaraq ermənilərin türk-müsəlman əhalisinə divan tutduğu Qəmərli rayonu haqqında hazırlanan süjetdə bu haqda geniş məlumat verilib.
1828-ci ilə qədər bu ərazidə ancaq azərbaycanlılar yaşayıb: “1828-1829-cu illərdə bura İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb.

Onların yerləşdirilməsi üçün Qəmərli kəndinin aşağı hissəsində yeni kənd salınıb və bu kənd Aşağı Qəmərli adlanıb. Kənddə yaşayan azərbaycanlıların sayı 1897-ci ildə 757 nəfər, 1905-ci ildə 870 nəfər, 1914-cü ildə 835 nəfər olub. 1918-ci ilin əvvəllərində Qəmərli erməni vəhşiliyinin qurbanı olub, bölgədə azərbaycanlıların soyqırımı zamanı Qəmərli kəndinin türk-müsəlman əhalisinə divan tutulub, onların bir hissəsi qəddarcasına qətlə yetirilib, sağ qalanlar isə yurd-yuvasından qovulublar.

Bölgədə Sovet hakimiyyəti qurulduqdan, erməni-daşnak hərbi qüvvələri darmadağın edildikdən sonra kəndin qaçqın əhalisinin bir hissəsi geri qayıdıb”.
Diqqətə çatdırılır ki, Qəmərli rayonu rəsmi olaraq 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-dək Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlandırılıb. SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalıb. 1948-1953-cü illərin deportasiyasında kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana köçürülüb. Lakin bəzi azərbaycanlı ailələr bir müddətdən sonra geri qayıtsa da son olaraq Qəmərlinin azərbaycanlı əhalisi 1988-ci ildə qovulub və şəhər tamamilə erməniləşdirilib. Rayon üzrə 57 tarixi yer adları dəyişdirilib və nəhayət, 1995-ci ildə Qəmərli, yəni Artaşat şəhəri Ararat mərzliyinin inzibati ərazisinə daxil edilib.


Sonda vurğulanır ki, erməni vəhşiliyinə şahidlik edən Qəmərli rayonu da zaman-zaman hayların caynağına keçib: “Lakin əminik ki, azərbaycanlıların Qərbi Azərbaycana yenidən qayıdışı ilə doğma yurdlarımız erməni caynağından xilas olacaq, bu ərazilərdə milli varlığımız bərpa ediləcək və adət-ənənələrimiz yaşadılacaq”.
Qeyd edək ki, 1813-28-ci illərdə Qafqaza köçürülən ermənilər yüzlərlə Alban və Oğuz abidələrini dünyaya qədim erməni irsi kimi tanıda bilib və bir çox abidə və monastrlar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında erməni abidələri kimi qeydiyyata alınıb.

 Əntiqə Rəşid