Məmməd Araz poeziyasında poetik dilin harmoniyası - Allahverdi Eminov yazır
(II məqalə)
Birinci yazımda (“Ədalət” qəzeti 28 iyun 2024) Məmməd Araz poeziyasına bir də qayıdacağıma (bu, hələ son olmayacaq) söz vermişdim. Səbəb nədir, deməkdə çətinlik çəkirəm. Bəlkə, şairin istedadından doğan pıçıltılarıdır – obrazlaşır? Bəlkə həyat ziddiyyətlərinə olan harayıdır? Bəlkə şairin hissləri və intellekti ilə əsaslandırılmış harmoniyanın tarazlığıdır? Bəlkə də Məmməd Arazın dilə tabe olmasıdır, sözləri dil müşahidəsi vasitəsilə əsərlərinə çəkib gətirməsidir, belə olanda dil həqiqətləri oxucuya çatdıra bilir. Məmməd Araz şeirində dil özünü dərk formasıdır, şairin təxəyyülü dilin şeirə çevrilməsidir.
Poeziya dilin özünüidrak formasıdır, şairin bədii təxəyyülü dilin şeirdə ifadəsidir. Şairin poeziyasında lirik Mənin hissləri və emosiyaları ilə fikrin konkret şəkildə əsaslandırılması arasında ahəngin mövcudluğu olmasıdır:
Məmməd Araz şeirlərində (“Nobel mükafatı”, “Ana yurdum”, “Ömür”, və s.) oxucuda yaratdığı psixoloji impulsların intensivliyi daha qabarıq nəzərə çarpır.
“Nobel mükafatı” 1960-cı ildə yazılmışdır. Bu, o illərdə Sovet ideologiyasının təntənəsi “işğalda” olan respublikaların başı üzərindən asılmışdı. M.Arazın səsi isə ucalmışdı, cəsarətilə seçilmişdi:
Bir günlük varımı qaytarsan bir an,
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından:
Kimin alın təri, ürək qanını
Mükafat verirəsən kimin adından!
Tənqidçilər bəzən elmi dili ilə şeirin dilində bir oxşarlıq görürlər, haradasa onlara haqq qazandırmaq olar, bu, əsasən alimlikdən poeziyaya gələnlərdə olur. Elmin dili mücərrəd simvolların da dilidir və bu kontekstdə şeir semantik təzyiq altında dəyişmir. Elmi terminlər işarələrdir, onların mənaları öncədən müəyyənləşdirilir. Onlara yeni mənalar – çalarlar vermək lazım gəlmir. Şairin isə təsvirində söz mənanın ayrıca götürülmüş, müstəqil hissləri – parçaları kimi yox, şeirin potensiyası – mənaların düyünü, sıxımı kimi dərk olunmalıdır. Məmməd Arazın “Məndən ötdü” şeirini oxuyanda malik olmadığımız informasiyanı mənimsəyirik. Vətəninə əsrlərlə göz dikənlər, sərvət qazananlar, xəyanət edənlər xəyalımızdan köçməyə bilməz. Şair bu keşməkeşliyi tarixi poeziyaya gətirmiş, xalqın həm də emosional yaddaşını əyaniləşdirmişdir...
...Bununlamı neçə dəfə
Ata –oğul, qardaş hissi haçalandı
Bir şəhərin
Beş qardaşın xanlığına
parçalandı?!
O zamanmı bitdi bizim dilimizin
“sənin”, “mənim” qatarı da?
O zamanmı bitdi bizim dilimizin
“haralısan” damarı da?
Məmməd Araz poeziyasında poetik dillə məna bir-birini tamamlayır. Necə ki, poeziya M.Araz dünyasında nə mühakimə, nə də fəlsəfi motivlər deyil, insan psixologiyasının ziddiyyətlərinə açılan “pəncərədir”, sirverməz maddi – ruhi möcüzədir, Dünyanın dərki hikməti vardır, iztirabların, kədərin və sevincin həyəcanıdır – akselorasiyasıdır, bu impulsiv təsirlər şairi yaşatmış, yaratmağa şövqləndirmişdir. “Qurd xasiyyəti”, “Mən bir zaman şair idim”, “Şair vüqarı” şeirlərində dərin fikir və hissi – birləşmə – meditasiya oxucunu düşündürür. Məmməd Araz poeziyasında bir-birinə bağlanan şeirlər qızıl zəncirin həlqələri kimi birləşir. Və şeirlərin ayrı-ayrı misraları bir-birinə dəstədəki güllər kimi yox, çiçəklənmiş bitkinin hissləri kimi birləşirlər. “Şair ömrü”, “Göyərdi”, “Bir axşamın balladası” şeirlərini oxumaq kifayətdir. Bu şeirlərdə Zaman sənət inciləri qarşısında gücsüzdür, amma heç də əsərləri qaçırmır, həm sənət baxımından, həm də ideoloji nöqteyi – nəzərindən. M.Araz üçünsə poeziya taledir, ürəyin sirlərini açmasıdır. Şairin yozumunda şeir insanla Dünya, Kainat arasında harmoniya yaradan maddiyyatdır, inamı oyadan möcüzədir! M.Arazın hansı şeirini xatırlatsam fikrimə haqq qazandırmağa dəyər!
Şeirlərdə nələr yoxdur: Dünyanın taleyi, poetik hisslər, fəlsəfi düşüncələr – insanı yaşamağa və mübarizəyə səsləyən poetik çağırışlar. Axı, Dünya heç də hərcmərclikdən, aldatmalardan, böhtanlardan ibarət deyil. Belə müqəddəs hisslərin – düşüncələrin poetik ifadəsini tapması, hər hansı bir ehtiyacın aradan qaldırılması şairin ən böyük istəyi deyilmi? Məmməd Araz heç vaxt poeziyasından sosial – ictimai silah kimi istifadə etməmişdir, buna cəhd də göstərməmişdir, şeirini təbliğat vasitəsinə çevirməmişdir, bu isə onun poetik kredosuna tamamilə yaddır. Məmməd Araz şeirin küsəyənliyini qəlbindən keçirmiş, yaşantılarına biganə qalmamışdır. Şeir təkcə müəllifin əsəri deyil, necə deyərlər, şeiri poeziya “yazır”, öz əziz balası kimi ağuşuna alır, illərin ixtiyarına təhlil verir, yaşamasına cavabdehlik daşıyır. Şair bu vahiməni fəhmən duyur – etiraf etməsə də:
Soruşdum birindən: – şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm!
Cavabı astaca qopdu dilindən:
– Hələ ölməmisən, deyə bilmərəm...
Poeziya “cənnət” və “cəhənnəm” dünyalarını həll edir, şairin özü yaşayırsa, cənnətdən qovulmur, özü, titulu var, oxucularının işığı səpələnir...
11.08.2024