MƏN BİR HƏZİN NƏĞMƏ İDİM
Şair Lətif Hüseynli ilə tanışlığımız 1982-83-cü illərə təsadüf edir. Əslən Gürcüstanın Muğanlı kəndindən olan Xudaverdi Qasımlı adlı istedadlı bir şair (Qardaşımın dostu idi) mənim şeirlərimə baxanda məsləhət bildi ki, (O vaxtlar Səməd Vurğun adına mədəniyyət sarayında tanınmış şair Xasay Cahangirovun rəhbərliyi ilə ədəbi birlik fəaliyyət göstərirdi.) o ədəbi mühitlə “qaynayıb-qarışım”...
Elə də oldu. Orada Lətif Hüseynli ilə bərabər, Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Rauf Qaraişıq, İbrahim İlyaslı kimi istedadlı şairlərlə də dostluğumuzun bünövrəsi qoyuldu.
Təəssüflə qeyd etmək istərdik ki, o günlərdən tanıdığımız, indi də əziz xatirələri hamımızın qəlbimizdə yaşayan istedad sahiblərindən Gülbala Mehdi, Zülfəli Zülfəliyev, Savalan Əhmədov, Əsgər Eyvazoğlu, Qulam Feyzullayev, Mir Sabir, Adil Tahir, Xaliq Oğuz, və başqa yaradıcı şəxslər indi haqq dünyasına qovuşmuşlar. Məkanları cənnət olsun!
Sonralar tanınmış şair Əşrəf Veysəllinin (Şəfiyevin) daha sonra gənc şair İbrahim İlyaslının rəhbərliyi ilə şəhər ədəbi ictimaiyyəti yenə də yığışar, maraqlı görüşlər, tədbirlər keçirilərdi...
Sevimli şəhərimizdə Poeziya evinin (Direktoru, AYB-nin Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı), sonra AYB-nin Sumqayıt şəhər bölməsinin (İlk sədri mərhum şair Sabir Sarvan, indiki sədri şair Gülnarə Cəmaləddin) yaranması və bu gün də gördüyümüz ənənələrin daha gözəl şəkildə davam etdirilməsi sakinlər arasında istedlı insanların çox olduğunu və ümumiyyətlə, bu şəhərdə yaşayanların incəsənətə, ədəbiyyata, xüsusən də poeziyaya necə bağlı olduqlarının əyani göstəricisidir.
Azərbaycan ədəbiyyatının klassik nümunələrini, xüsusən də M. Ə. Sabirin, M. Arazın, Ə. Kərimin və başqa sevilən şairlərimizin şeirlərini Lətif Hüseynlinin dilindən çox eşitmişik. (Elə indi də) Öz şeirlərini çox nadir hallarda - dostların təkidi ilə oxuyurdu. Hafizəmizdə də elə o vaxtlardan özünə yer tutub onun şeirləri.
İlk baxışdan şairin daxili aləmi ilə tanış olmaq üçün o şeirlərindən və ya bəndlərdən bəzilərini sizlərə təqdim etmək istəyirik:
(Səndən danışıram şeirindən)
... Səndən danışıram, eh, belə-belə,
Gör necə özümü aldadıram ha...
Bir nağıl başladım mən bilə-bilə,
Xatirə nağılı, qurtaran deyil.
Sanki xatirələr qurtaran yerdən
Sənsizlik başlayır, sənsizlik daha.
Və ya;
Nağıl dolu yuxu gördüm yatmamış,
Qərq oldum eşq dəryasına batmamış.
Əlim gedib yar əlinə çatmamış
Düşdüm həyat axınında selə mən.
Qismət oldu, kimə kimin həsrəti,
Kimə sevinc, kimə qəmin həsrəti,
Xoşdur mənə sevgilimin həsrəti,
Min vüsala dəyişmərəm belə, mən.
Biçilibdir, bu qəm mənim boyuma,
Qatılıbdır çörəyimə, suyuma.
Bir ömürlük hicran düşüb payıma;
Bir ömürlük “kef” çəkirəm hələ mən.
Yaxud;
(ixtisarla)
Məndən bir uğurlu tale diləmə,
Əlimdən nə gəlir küsüb eləmə,
Ikimiz birlikdə “Yanıq kərəmə”
Köklənmiş bir həzin sazıq, şeirim.
Ay mənim arxasız yazıq şerim!
... “Gəraylar” kövrəlib eləyən deyil,
Uzağı rəhm edib deyərlər, əyil.
Əyilən deyilsən döyül. ha döyül,
Qaydası-qanunu “pozuq” şeirim,
Ay mənim arxasız yazıq şeirim!
Başqa bir şeirindən;
Kimin ətəyinə əl uzatdımsa,
Əlim göydə qaldı, ətək çəkildi.
Əyilən belləri sığalladılar;
Mənim düz belimə kötək çəkildi.
... Hərdən bir səs gəlir, amma ürəkdən;
O səs çox səslərdən dayanır öncə.
Haqqı,- öz içində boğub ölməkdən,
Haqqı,- deyib ölmək yaxşıdı məncə
İstedadlı insanlar üçün tənhalıq elə dövrün qayğılarıını çəkmək, mövcud vəziyyətlərə təhlil verərək çıxış yollarını araşdırmaq, doğru yolu göstərmək, yəni cəmiyyətlə münasibətdə olmaq deməkdir. Əminliklə deyə bilərik ki, şair dostumuz da belə istedad sahiblərindəndir. Bir az da bu səbəbdəndir ki, indiyə qədər üzvlük üçün nə AYB-yə, nə də bir-birindən dəyərli şeirlərini kitab halında buraxdırmaq üçün kiməsə müraciət edib.
91-cı illərdən əvvəl Azərbaycan nəşriyyatlarında Dövlət hesabına “Şairin ilk kitabı” seriyasından kitablar buraxılırdı və müəllifinə də yüksək qonorar verilirdi (AYB-yə üzv olanlara ev, telefon çəkilişi və s. bu kimi dəyərləndirmələr olurdu). Heç o dövrlərdə də bizim bildiyimizə görə nə nəşriyyatlara, nə də redaksiyalara müraciət etməmişdir. Halbu ki, bütün sadaladıqlarımız onun halal haqqı idi. İndiyə qədər onun qəzet-jurnalda, almanaxlarda dərc olunan və ya efirlərdə səsləndirilən şeirləri də yalnız qayğıkeş dostlarının sayəsində olmuşdur. Neçə ildir ki, bu kitabda cəm olan şeirləri davamlı olaraq ondan almağa çalışmağımış axır ki, bizim istəyimizlə nəticələndi...
Xalq şairi B. Vahabzadənin “Dünya firlanır axı” şeirinə cavab olaraq qələmə aldığı (ixtisarla verdiyimiz) bu nümunə və ya istənilən şeiri onun yaradıcılığı haqda söylədiyimiz fikirlərin təsdiqi kimi də dəyərləndirilə bilər;
(ixtisarla)
Zalım zalımlığında, fağır fağırlığında,
Kimsəsizin dərdləri özü ağırlığında.
Həyat həyat yerində, nağıl nağıllığında;
Mən aldatma, ustad, dünya fırlanmır axı.
Fırlansaydı bizim də “həyətə”gün dşərdi,
Imkanlarla istəklər üst-üstə çin düşərdi.
Haqq-ədalət deyirlər; o yalandı, o şərdi!
Mən aldatma, ustad, dünya fırlanmır axı.
Əsrin əvvəllərindən tökülən şəhid qanı
Hələ də qan içində boğur Azərbaycanı.
Görüm lənətə gəlsin bu yazını yazanı,
Mən aldatma, ustad, dünya fırlanmır axı.
Siyasət aləmində yüzünü fırladırlar,
Qatlayınb neçə mərdin dizini, fırladırlar.
Dünyanı fırladanın özünü fırladırlar,
Mən aldatma, ustad, dünya fırlanmır axı,
Bəxtimiz piyadadı, qəddimiz əzik-üzük,
Gəl düzünü danışaq, biz ki düz oğlu düzük.
Dünya öz yerindədi, fırlanan elə bizik,
Mən aldatma, ustad, dünya fırlanmır axı.
Budur, dəyərli oxucular! İndi sizin qarşınızda duran bu nümunələrrespublika ədəbi mühitində az tanınan, amma öz dəsti-xətti ilə fərqlənən şair Lətif Hüseynlinin hamımıza ərmağanıdır. Yalançı təriflərdən xoşlanmayan dostumuzun həqiqətə, səmimiyyətə olan sayğısını bildiyimizdəndir ki, ürəyimizdən keçən fikirlərin bir qismini sizlərlə bölüşməkdən çəkinmirik.
Tarix boyu başı bəlalar çəkmiş yurdumuzun kədəri, bu məhrumiyyətlərin səbəbləri, ata-ana, ailə-övlad məhəbbəti, düzlük, sədaqət carçısı olmaq, Uca Tanrıya bağlılıq və s. kimi müqəddəs duyğular yaddaşımızda izlər buraxan bu şeirlərin qayəsini təşkil edir. Cəmiyyətimizin, ümumiyyətlə, insanlığın, estetik dəyərlərimizin inkişafına mane olan ünsürləri, eləcə də dünyamızın gələcəyi naminə süniilikləri, davranışları və əməlləri ilə bu dəyərlərə kölgə salan üzdəniraqları qamçılamaq işində də elə bil ona Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin “suyu sıçrayıb”;
İki çaqqal bir-birini öydülər,
Əlbir olub haqqı yaman əydilər.
Neçə filin xatirinə dəydilər;
Nədi, nədi ulamağı bacarmır.
Yanlarına cəm oldular tülkülər,
Yeyib-içib dəm oldular tülkülər.
Zürafəyə lağ eləyib güldülər:
-“Bu ki, quyruq bulamağı bacarmır”.
Ar-abırı quru ada satdılar,
Yaxşıları yamanlara qatdılar.
Qoca şirə atmaca da atdılar;
Daha meydan sulamağı bacarmır.
Söylədilər: “-Yaxşı baxın bir bizə,
Yer üzündə tay tapılar gör bizə?!
Kimdən artıq nə qaldısa, ver bizə,
Başqaları yalamağı bacarmır”.
Elə hamı çaqqlara versə səs,
Çaqqal ömrü sayılardı müqəddəs.
Nə yaxşı ki, bu dünyada hər bir kəs
Çaqqalara qul olmağı bacarmır.
Yaxud;
Qarqaraya bağlanmış it,
Qulaqları dağlanmış it,
Hür, yaxşı, hür.
De ki, bu ev-eşik,
Bu həyət-baca mənimkidi.
De ki, bu nağıl dolu
Həyat-tapmaca mənimkidi,
Hür, yaxşı, hür.
Çöldə, bayırda qalmaqdan
Bir həyətdə qalmaq yaxşıdı.
Küçə iti olmaqdan
Ev iti olmaq yaxşıdı,
Hür, yaxşı, hür.
Hər yetənə yol verməzlər,
Hürməyənə yal verməzlər.
“Görünən dağa bələdçi nə lazım” - deyib atalarımız. Bizim qənaətimizə görə onun şeirləri “özü-özünü təbliğ edən” və sevdirən poeziya nümunələridır;
(ixtisarla)
Mənli günlərində ağlama, qızım,
Axı, bu günlərə cavabdehəm mən.
O kiçik qəlbini titrədə bilən
Sevincə, kədərə cavabdehəm mən.
“Dərslərini oxu” demişəm sənə,
Niyə bulud kimi dolmusan yenə?
Bircə dərs oxumaq düşür öhdənə,
Fikir ver, nələrə cavabdehəm mən.
Kimsə “ mənəm” deyib oxuyur meydan,
Silaha sarılıb hey deyir qan-qan.
Nigaran qalmışam qoca dünyadan;
Yerlərə, göylərə cavabdehəm mən.
Çoxunu demirəm, qayğım çox hələ,
Görürsən, gecikmək olmaz heç yerə.
İndi tutacağım işlərə görə
Gələn nəsillərə cavabdehəm mən.
Ağlama, göz yaşın ata qəlbimi
Əridib mum edir, əzir daş kimi.
Vətən qarşısında vətəndaş kimi
Vətəndaşa görə cavabdehəm mən.
Oxuduqca adama elə gəlir ki, şairin yaradıcılığı dövrümüzə, cəmiyyətimizə bir güzgüdür. Nizami Gəncəvinin “İskəndərnamə”sindəki “Güzgü qayırtdırma”sı məsələsində də dahi şairin əsas ideyası elə cəmiyyətin hər bir üzvünün bir-biri üçün güzgü rolunda olması ideyası idi...
Dəfələrlə görüşüb söhbət etmişik, ədəbi müzakirələrimiz olub ... Görməyəndə də surəti gözümün önündə canlanıb; kədərli, sıxıntılı... Gözlərinin, çöhrəsinin altında, bəzən şaqraq gülüşlərdə gizlənən o sirli aləmi az da olsa duymaq üçün elə şeirləri də bələdçi ola bilir...
Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.
Alı Mustafayev
Bu dəli gərdişli dəli dünyada
Hər oğul başını saxlaya bilmir.
Hər baxıb könlündən ağlamaq keçən
Sındırıb özünü, ağlaya bilmir.
Ağlasan səsinə qulaq asan kim,
Hardadı hər səsə səs verən hakim?!
Dəmir qapıları açammır “sim-sim”.
Köklü yaraları bağlaya bilmir.
Hamının sevdiyi bu xalq, bu Vətən
Nədən belə gündə.., görəsən, nədən?!
Şəxsiyyəti gedən , mənliyi gedən
Millət sabaha bel bağlaya bilmir.
Bu dərdin dərmanı yoxdu bəlkə də,
Elə bu da bir növ haqdı bəlkə də.
Allah üzümüzə baxdı bəlkə də;
Allahdı, neyləsin baxmaya bilmir.
Bəlkə də deyəcəyimiz bu sözləri oxuyanda şair dostumuz az da olsa bizlərdən alına bilər, çünki, cəsarət, dürüstlük, mərdlik, saflıq, əyilməzlik, onun ən xarakterik və həm də görünən xüsusiyyətlərindəndir. Amma onun bir neçə şəkli var ki, o şəkillərə baxanda hər duyğulu qəlbdə sirli-sehirl bir assosasiya yaranar...
Onlarla şeirlərinin yaratdığı duyğular kimi;
Mən bir həzin nəğmə idim,
Dinləyənim daş oldu, daş.
Sevinc idim, qəm deyildim,
Kirpiklərim yaş oldu, yaş.
Atdı-tutdu fələk məni,
Çaş-baş saldı kələk məni,
Tərpətməzdi külək məni;
Durduğum yer boş oldu, boş.
Susum susmaq qızıldısa
Susmağım da sızıltısa ...
Və ya;
“Yanıq Kərəmiyə” oynama, bala,
Bu dərdə-ələmə oynamaq olmaz.
Ona əl qaldırıb oynamaq üçün
Gərək başdan xarab olasan bir az.
Indidən dərdini dərk eləməsən
Dərdinin üstünə dərd gələ bilər.
Kərəmin dərdinə dərddi deməsən
Taleyin ondan da sərt gələ bilər.
“Yanıq Kərəmi”yə oynama, bala,
Dəlidi deyərlər, gicdi, deyərlər.
Soyunu, kökünü tanımayana
Soysuzdu,- deyərlər,- bicdi,- deyərlər.
Yetər, illər boyu yas günümüzü
Bayram eləmişik, toy eləmişik.
Neçə Kərəmləri, Bahadurları,
Qara keşişlərə pay eləmişik.
Paylaya-paylaya paysız qalmışıq,
Dikilib çoxunun gözü Allaha.
Ömrümüzə elə düyün salmışıq,
Vallah, rəhmim gəlir düzü, Allaha.
Düyünlər Əslinin düymələridi,
Açdıqca bağlanır, yanırıq axı!
Nəyin yeri deyil, nəyin yeridi;
Niyə bunu çətin qanırıq axı?!
Kərəm çıtır-çıtır hələ də yanır,
Görmüşük yanarlar yanana, bala.
Kərəmin naləsi ərşə dayanır,
Oynama, oynama, oynama, bala.
Adama elə gəlir ki, bu boyda dünyayla çarpışıb-vuruşan, sanki döyüşlərdə zəifləmiş, amma inadından dönməyən, bir anlıq nəfəsini dərib, qərib-qərib düşüncələrə dalan, biraz da ümidsizləşən, amma ümidini kəsməyən və yenidən döyüşə başlamaq istəyən bir qəhrəmanın obrazını xatırladır şairin şeirləri, elə şəkilləri də. Dərs dediyi tələbələri də, iş yoldaşları da, biz şair dostları da onun doğrudan da boy-buxunlu, sağlam və mübariz ruhlu bir şəxsiyyət olduğunun canlı şahidləriyik. Bu söylədiklərimiz isə ən çox onun daxili aləminə güzgü tutduğundan bu fikirləri də sizlərlə bölüşmək qərarına gəldik...
Yaradıcılığı boyu Azərbaycan ədəbiyyatının klassik (nümunəvi) ənənələrini layiqli şəkildə yaşadan, lirik şeirləri ilə ürəyimizin “Sarı simini” titrədən, məqamı gələndə aforizmlərlə zənginləşdirən, satirik şeirləri ilə də içimizdən keçən etirazları özünəməxsus poetik bir dillə təqdim edən şair qardaşımıza Uca Tanrıdan möhkəm cansağlığı, fərəhli ömür və gözəl yaradıcılıq uğurları diləyirik. Sözümüzün əvvəlində qeyd etdiyimiz kimi, onunla ilk tanışlıq vaxtlarımızdan bu yana hafizəmizdə qalan şeirlərindən bir qismini (ya bütöv, ya da ixtisarla) sizinlə bölüşdük. İndi isə,dəyərli oxucular, MƏN BİR HƏZİN NƏĞMƏ İDİM adlı bu poetik aləmlə baş-başa qalmağınızı istərdik. Dillər əzbəri olmağa layiq, amma zamanın dolaşıq yollarında “yubanan”, 2024-cü ildə “ELM və TƏHSİL” nəşriyyatında çap etdirdiyimiz kitabdakı şeirlərlə tanışlıqdan sonra, elə sanırıq ki,əsil yaxınlıq, doğmalıq başlayacaqdı...Uğurlar olsun!
Dərin sevgilərlə: MEHDİ CALAL
Filoloq, AYB-nin və AJB-nin üzvü, ARTİ-nin əməkdaşı