adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Mart 2023 12:03
1044
ELM VƏ TƏHSİL

Müdrik dövlət xadimi, qüdrətli sərkərdə:ŞAİR BAYRAM XAN

Müdrik dövlət xadimi, qüdrətli sərkərdə, istadadlı şair Bayram xan Baharlı 1504-cü ildə Bəlxdə anadan ol­muşdur.

O, Baharlı tayfasından olub, XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan  hakimi Əlişəkər bəy Baharlının nəslindəndir. Atası Seyfəli bəy Qəznə valisi idi. Anasının adı Nagina xanımdır. Əlişəkər bəy Baharlının kötücəsi,  Pirəli bəyin nəticəsi, Canəli bəyin nəvəsi ulu babam Bayram xan Baharlının nəsil şəcərəsi ilk dəfə bu sətrlərin müəllifi tərəfindən tərtib edilmiş, soy ağacı qırılmadan dövrümüzün şəxsiyyətlərinə qədər hazırlanmışdır. Məqalədə  bütün tarixi faktlar və hadisələr “Xanlar xanı Bayram xan (sələfləri, xələfləri)” (Bakı, 2015), “Babur imperatorluğu” (Bakı, 2015) adlı monoqrafiyalarım əsasında hazırlanmışdır.

Bayram xan Baharlı Babur imperatorluğunun qurucusu Zahirəddin Məhəmməd Baburun hakimiyyəti dövründə 16 ya­şın­da ikən Kabilə gəlmiş, hökmdarın xidmətinə keçmişdir. Zahirəddin Məhəmməd Baburun varisləri Humayun şahın, Əkbər şahın hakimiyyətləri dövründə də onların güvəndiyi, inandığı, arxalandığı dövlət xadimi olmuşdur. Onun müdrik siyasəti, qüdrətli sərkərdə ol­ma­sı sayəsində Zahirəddin Məhəmməd Baburun yaratdığı Babur im­pe­ri­yası uzun illər öz varlığını qoruyub saxlaya bilmiş, Xanlar xanı rütbəsinə qədər yüksəlmişdir. Teymurilərin Hindistan­da ikinci dəfə öz hakimiyyətlərini bərpa etməklə, imperatorluğun üç yüz on səkkiz il mövcudluğunu qoruyub saxlaya bilməsi  Baharlı tayfasının bu müdrik şəxsiy­yə­ti­nin adı ilə bağlıdır. Onun Humayun şahın ikinci dəfə Hindistanda hakimiyyətini bərpa etməsi, im­peratorluğun torpaqlarının yenidən qaytarıl­ması bu qüdrətli sər­kər­dənin bir-birinin ardınca apardığı uğurlu qələbələri sayəsində baş tutmuş­dur.

   Bayram xan Baharlı Humayun şahın faciəli şəkildə ölümündən sonra da dövlətin varlığını sona qədər qorumuş, bir-birinin ardınca uğurlu hərbi əməliyyatlar aparmışdır. Humayun şahın ölümündən sonra onun 14 yaşlı oğlu Əkbəri taxta çıxartmış, hökmdarın atabəyi kimi ölkəni onun adından idarə etmişdir. İdarəçiliyi əlində saxlamaqla dövlətin varlığını təhlükələrdən qoruya bilmişdir.

Görkəmli şərqşünas alim, profes­sor Qəzənfər Əliyev vilayətlərə hakimləri təyin etmək, ruhaniləri hədiyyələrlə mükafatlandırmaq hüququnun Baharlı tayfasının bu qüdrətli şəxsiyyətinin səlahiyyətində olduğunu yazırdı.

 

Baharlı tayfasının nüfuzlu dövlət xa­diminin ölkədə  birinci şəxs olması sarayda böyük narazılıqlar ya­ratmış, onun əley­hinə Əkbər şaha dəfələrlə danoslar aparılmışdır. Bayram xana qarşı çı­xan­lar arasında Əkbər şahın anası Həmidə bəyim, süd anası Maham Anaqa var idi.

Müdrik dövlət xadimi, qüdrətli sərkərdə əleyhidarları tərəfindən böhtana salınaraq Səfəvi hökmdarı Şah Təhmasiblə gizli əməkdaşlıqda günahlandırılmışdır. Lakin Baharlı tayfasının bu müdrik şəxsiyyətinə irəli sürülən ittihamlar rəqiblərinin ona atdığı böhtan idi. Çünki o, Babur İmperatorluğunun varlığı təhlükədə olanda Humayun şaha arxa durmuşdur. Hətta təsadüf nəticəsində əfqanlara əsir düşəndə də hökmdarın güclü rəqibi Əfqan hökmdarı Şirşahın onun himayəsinə keçmək təklifinə rədd cavabı vermişdir. Şah Təhmasibin yanındakı nüfuzu sayəsində teymurilərin Hindistanda hakimiyyətini bərpa etməyə çalışmış, Humayun şahla bir müddət Səfəvi sarayında yaşamışdır. “Humayunnamə” və “Əkbərnamə” də bu tarixi faktlar qeyd edilmişdir.

Əkbər şah isə Babur imperatorluğunun varlığını sona qədər qorumuş  Baharlı tay­­fasının bu sədaqətli övladının tarixi xidmətlərini unudaraq, da­nos aparanlara inanmışdır. Onun 1560-cı ildə səlahiyyətlərinin əlindən alınması, saraydan uzaqlaşdırılması orta əsrlərə aid qaynaqlarda göstərilmişdir. Babur imperatorluğunun nan­kor hökmdarının gözündən düşdükdən sonra yerli hakimlər tərə­fin­dən təqib olunmuş­dur. Lakin həyatı boyu imperatorluğa sadiq olmuş, öl­kə­nin müstəqilliyini dəfələrlə təhlükələrdən qorumuş Bayram xan nə vaxtsa Əkbər şahın səhvini anlayacağına ümi­­dini itirməmiş, səbrlə döz­müş­dür.

Sonda Baharlı tayfasının bu tarixi şəxsiyyəti vəziyyəti ilə barışmalı olmuş, həccə yol­lanmış, 1561-ci ildə Quceratda xəyanət nəticəsində öl­dü­rül­müş­dür.

Bayram xan Baharlı Şeyx Hüsaməddin türbəsi yaxın­lı­ğın­da dəfn edilmişdir. On yeddi ildən sonra 1578-ci ildə o, qohum­la­rı tə­rə­fin­dən Məşhəddə İmam Rza türbəsi yaxınlığında torpağa tap­şı­rıl­mış­dır. 

Əkbər şah Baharlı tayfasının görkəmli döv­lət xadiminin tari­xi xidmətlərini unudub, onun qətlinə səbəb ol­masaydı, hindlilər sonralar heç zaman sarayda söz sahibi ola bil­məzdilər. Hindlilərin im­pe­ra­tor­luqda söz sahibi olması, bəzən türk əsilli əyanların saray­dan uzaq­laş­dırılmasına gətirib çıxartmışdır.

Bayram xan Baharlı incə ruhlu şair kimi də tanınmışdır. Türk və fars dillərində divan müəllifi idi. Tarixçi  Ələjdər Səidzadə  XX əsrin 50-ci illərində orta əsrlərə aid salnamələrə istinədən  yazırdı ki,,  o, Babur imperatorluğundakı nüfuzu sayəsində alimlərə, şairlərə qayğı ilə yanaşmış, on­ların xidmətlərini mükafatlandırmışdır.

Bayram xan Baharlı iki dəfə ailə həyatı qurmuşdur. Onun bi­rin­ci evliliyi Mevatlı müsəlman hindli Camal xanın qızı ilə ol­muş­dur. Bayram xan ikinci dəfə Əmir Teymurun nəslindən olan Babur imperatorluğunun qurucusu Zahirəddin Məhəmməd Baburun qız nəvəsi Səlimə Sultanla (1536-1612) ailə həyatı qurmuş, Əbdürrəhim adlı yeganə öv­­ladı dünyaya gəlmişdir.

 Əkbər şahın, onun oğlu Cahangir şahın zamanında Babur imperatorluğunun xanlar xanı  Mirzə Əbdürrəhim xan (1561-1627) Bayram xan və Səlimə Sultanın yeganə övladıdır. O, 13 dil bilmiş, türk, ərəb, fars, sanskrit dillərində “Rəhimi” təxəllüsü ilə şeirlər yazmışdır. Astronomiyaya aid kitabların müəllifi olmuşdur.

  Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Bayram  xan və Səlimə Sultanın yeganə övladı Mirzə Əbdüürrəhim xanın nəslinin 10-cu nümayəndəsidir.

Ulu babam Bayram xan Baharlının 2024-cü ildə 520 yaşı tamam olur. Yüzülliklər keçsə də Baharlı tayfasının bu görkəmli şəxsiyyətinin soykökü, həyatı, yaradıcılığı hər zaman  öz dəyərini saxlayacaqdır.

Orxan Zakiroğlu (Baharlı)