adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 09:00
101
ƏDƏBİYYAT
A- A+

“Müşahidələrim” silsiləsindən - Pərvanə Bayramqızı yazır

Nə qədər istedadlı, savadlı olursansa ol,  aid olduğun sahədə yeni başlamısansa, şöhrətpərəst məşhur dəstək göstərməz, adını çəkməz, sənlə bağlı mövzularda susar. Təkəbbürü imkan veməz ki, adı ilə ismin qoşa çəkilsin. Mənəvi cılızlığı ona bunun sənin üçün reklam olacağını təlqin edir. Fikirləşir ki, nəyimə gərəkdi, nə  vəzifəsi var, nə də vəzifədə olanı, nə tapşıran olub, nə də özü yaxasını ələ verir. İstedadlıdır, savadlıdır, mənə nə, canı çıxaydı olmayaydı. 

Elə ki, özün qabiliyyətinin sayəsində ləyaqətinlə tanınır, rəğbət qazanırsan həmin adamın dəyişdiyini müşahidə edirsən. Özünü təsdiqlədin,  sevildinsə, yaxud başqa bir səmimi, sadə məşhur səndən danışdı, səndən yazdısa, sən də onun xətrini istəyib, insanlığından bəhs etdinsə, həmin təkəbbürlü şəxs də yavaş-yavaş sənə tərəf yaxınlaşır, özünü şirin salıb yaddaşında yaxşı qalmağa çalışır. Sənsə əvvəldə olduğu kimi yenə də buna ehtiyac duymursan, bir tərəfdən də artıq qəlbin qırılıb, çox məyussan.

Bundan belə göstərilən diqqət əhəmiyyətsiz olur. 

Görəsən, belələri çox şeyin gec olduğunu niyə nəzərə almır.

 Əsl münasibət ilk dəfədən bilinir. Belə məqamda, göstərilən davranış, əslində, səni kiçiltmir,  qarşıdakı adamın necə biri olduğunu nümayiş etdirir. Ucuz keyfiyyətlərə malik olanlar şöhrətə düşkün olduqları vaxt mənən öldüklərini  bilmirlər.
Bəzi böyüklər, ziyalılar, alimlər və digərləri məhz bu cürdülər. İlk dəfədən nəyə qadir olduqlarını göstərib səni məyus edir, sonradansa  pisliyini unutdurmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu, peşmanlıq deyil, itmiş nüfuzunu qaytarmağa hesablanmış məqsəddir.

Bunun əksinə olan hallar da mövcuddur. Eləsi də olur, ünsiyyətə yeni başlayanda xoş sözlər yazır, sənə nədəsə kömək təklif edir, bütün paylaşmalarına rəy bildirir, bir sözlə səni həmişə nəzərində saxlayır. Ünsiyyət sıxlaşandan, sənə bələd olandan sonra yavaş-yavaş xoş söz yazmağı, "layk" etməyi, fikir bildirməyi, nədəsə kömək etməyi (yenə də,  bir sözlə) əvvəlki davranışı yoxa çıxır. Öz-özünə fikirləşirsən, mən ki bundan kömək istəmədim, narahat etmədim, ədəb-ərkanla davrandım bu niyə əvvəlki istiqanlılığında qalmadı? Elə bu məqamda adamın niyə qeybə çəkildiyinin səbəbi sənə məlum olur. Anlayırsan ki,  düşünürmüş kömək təklif edəndə qəbul edəcəksən, xoş söz yazanda sən də ona gözəl sözlər yazacaqsan, amma nə qədər vaxt ötür, səndə görmək istədiklərini görə bilmir, axırda marağı ölür. Təmənnalı mehribanlığın sonu bu cürdür.

Səndən arxayın olanlar da var, bilir ki, pislik etməyəcən, heç nə istəməyəcən, nə hava çalsa, oynayacan, onda səni adam yerinə qoymur. Problemlərini sənlə bölüşüb rahatlaşır, enerji toplayıb gedib başqalarına qayğı göstərir.