Naxçıvandan başlanan məşəqqətli yol
Naxçıvan Muxtar Respublikası ölkə siyasətində önəmli yer tutan regionlardandır. Tarixin müxtəlif vaxtlarında Naxçıvanda taleyüklü məsələlərin həlli üçün atılan addımlar bugünkü inkişafımızın təməlini təşkil edir. 90-cı illərdə Azərbaycan siyasi hakimiyyətində çaxnaşma, parçalanma baş verdiyi zaman Naxçıvan Ali Məclisinə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin qətiyyəti və zəngin siyasi iradəsi Azərbaycan dövlətçiliyinin tarixində mühüm hadisədir. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamenti 1990-cı ilin 17 noyabrında ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi.
Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi.
Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”. Naxçıvandan müstəqilliyə, dövlətçiyin bərpasına gedən yolda Heydər Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycanın inkişaf tarixinə mühüm töhfələr verib.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı