adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyul 2021 08:00
69231
ƏDƏBİYYAT

 İSMAYIL MƏRCANLI İMANZADƏ: ANA VƏTƏN SƏNİNDİR

ANA VƏTƏN SƏNİNDİR
Ulu Tanrıdan cəmi şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm!

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!

Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...

Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!

Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!
Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!
                       09.12.2020
 
      GƏLDİM

Dünyanın hər üzünə
Olmadm halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.

Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.

Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azmadım yolu, gəldim.

Üstümə yağanda daş,
Bildim nədir cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.
        03.06.2020

 DÜNYA BİR OVUC BOYDADIR

Gül nəmərdi, çiçək şabaş
Göz dağıdır quruya yaş.
Yamaca sancılan sal daş,
Qayanın “qılçı” boydadır.

Yal-yamacda çəmən xalı,
Meh sübhün qanadı-qolu.
Payızın dumanlı yolu,
Bir durna köçü boydadır.

Xeyir ilə şər qarışıq,
Dağların “alnı” qırışıq.
Xülmətdə közərən işıq,
İynənin ucu boydadır.
Bağlancaq ömrün kitabı,
Verməlisən son hesabı.
Sorğu-sual, gor əzabı,
Hər kəsin suçu boydadır.

Anlar minib çapır atın,
Öz hökmü var hər saatın.
Dünya sonsuz kainatın
Ovcunun içi boydadır.
           18.09.2020

 QƏDİMƏM, KÖHNƏYƏM...

Tək bircə üzüm var, bir sir-sifətim,
Təzə deyiləm haa... köhnəyəm, lələ!
Sunbül ətirlidir arzum-niyyətim,
Halal söz dolusu təknəyəm, lələ!

Ağlımı-huşumu girləyir başım,
Yel kimi hər səmtə əsən deyiləm.
Təkcə bəxtimlədir cəngim-savaşım,
Heç kimin yolunu kəsən deyiləm.

Buludtək dolmuşam bəzən bir anda,
Qəfildən alışıb sönməyim də var.
Bir nadan rəddimi tapdalayanda,
Sıyrılan qılınca dönməyim də var.

Kimsə dolaşıanda ayaqlarıma,
Demirəm zülmətdə batıb getmişəm.
Qanmazla dilləşmək gəlib arıma,
Səbrimlə başımı qatıb getmişəm.
Yoxdur çörəyimin duzu əzəldən,
Heç kimi nə qovub, nə daşlamışam.
Nə vaxtsa üzümə ağ olanı mən,
Allah xatirinə bağışlamışam.

Kövrək ürəyimə yatmaz hər yetən,
Elə bilməyin ki, dili acıyam.
Bir qərib məkanda təzədən bitən,
Sinəsi yaralı bar ağacıyam...

Yurdum viran qalıb... sızlayır dilim,
Nə fərli komam var, nə dəyəm, lələ!
Haqdan üzülməyib yaxşı ki əlim, 
Suları dumduru dəhnəyəm, lələ!
                  19.09.2020
ALDATMA ÖZÜNÜ, BU SEVGİ DEYİL...

Ötəri istəyin üstə azca əs,
Əgər bu sevgiysə, közü hanı bəs?
İsitməz ürəyi hər yersiz həvəs -
Aldatma özünü, bu sevgi deyil.

Bulanıq su kimi durulmaz axsa,
Bir çiçək bitirməz min il də yağsa.
Ruhunda bir leysan havası yoxsa -
Aldatma özünü, bu sevgi deyil.

Küləksə, hər səmtə əsən de, ona,
Ömürdən günləri kəsən de, ona.
Sevgidən başqa nə desən de, ona -
Aldatma özünü, bu sevgi deyil.

Gözləmə, gümanın axırı olmur,
Həsrətin yüngülü, ağırı olmur.
Belə sevdaların axırı olmur -
Aldatma özünü, bu sevgi deyil.

           GƏLİRƏM
Halallıq ver gedim, Kürüm,
Gözləyir Qurbanim, Pərim.
Xudafərin nazlı Dirim – 
Araz ünvanlım, gəlirəm. 

Ulu Tanrım verdi aman,
Xar oldu savaşda “yaman”.
Haqq evim Hacı Qaraman –
Səbri gümanlım, gəlirəm.

Cəbrayılım - ata elim,
Açıq alnım, “uzun” dilim.
Sona çatıb ta nisgilim –
Şərəflim-şanlım, gəlirəm.

Teyim, Qalam, Ziyaratım,
Şanım-şöhrətim, urvatım.
Büllur Kəhriz toy-büsatım –
Tarım-kamanlım, gəlirəm.
 
Yovşan ətirli Gəyənim,
Ərəni-mərdi öyənim.
Geriyə qayıt deyənim –
 Düşmənlə qanlım, gəlirəm.

Tumasatam, Ağoğlanım,
Ta sızlamaz bir də canım.
Gordubabam, adım-sanım –
Yazı dumanlım, gəlirəm.

Əsiri olmadım yadın,
Damağımda qalıb dadın.
Dilimdən düşməyib adın –
Böyük Mərcanlım, gəlirəm.
                     08.01.2021

        BELƏCƏ  YAŞADIM...

Gəzdim kəlmə-kəlmə səsdə-soraqda,
Hər sözün şəklini çəkdim varaqda.
Çəkilib durmadım heç vaxt qıraqda -
Təkcə öz yükümü daşımadım haa!
Ömür nə əzəlmiş, nə də ki, axır,
Adamı ya səhvi, ya suçu yıxır.
Bildim ki, tapdanan yerdən qan çıxır,
Heç kimin üzünü qaşımadım haa!

Öz ağlım, öz əlim, öz başım oldu,
Halallıq ən yaxın sirdaşım oldu.
Hərdən əyrilərlə savaşım oldu -
Düzləri büdrədib aşımadım haa! 

Dosta qucaq açdım, yad oldum yada,
Uymadım ərəmik şöhrətə-ada.
Allah şahiddir ki, gəlib dünyada -
Heç zaman özümçün yaşamadım haa!
                    30.01.2021
 
 QOV MƏNİ, ÇIXIB GEDİM
Gözlərindən qəlbimə
Yoxsa gediş-gəlişim,
Qov nəni çıxıb gedim,
Daha sənlə nə işim?

Baxışların qapıtək
Bağlı qalıb üzümə.
Yalandan təsəllimi
Verim özüm-özümə.
Dilində sözmü qaldı,
Dinib nə deyəsisən?
Bəlkə mən kirəçiyəm,
Sənsə ev yiyəsisən?
     01.07.2020

BİLMİRƏM NƏ DEYİM ...

Qəribə taleyim var imiş demə,
Etdiyim yaxşılıq tez yaddan çıxır.
Deyən yox, mən boyda “ağıldan kəmə”,
Niyə hər kəlməndən axı, qan çıxır?

Elə əzəl gündən halal sözdəyəm,
Dilini tapmışam lalın, korun da.
Paxırım yoxdu haa... örtüb gizləyəm,
Tarpına dözmüşəm bir nankorun da.

Neyləyim, yamanlıq gəlmir əlimdən,
Niyə çevrilim ki qarğış yerinə?
Hər vaxt qismətimə sığınmışam mən,
Min şükür Allahın verdiklərinə...

Boy umdan uzundur dilim-dilçəyim,
Yaxşıya  sirdaşam, yamana yadam.
Üzümün nurudur saçım-birçəyim,
Qəlbimi “oxuya” bilməz hər adam.

Yurd həsrətim  ki var... bir közərən şam,
Gözümlə görmüşəm çoxu, azı da.
Layiq olmasa da, bağışlamışam,
Yaxşılıq bilməyən anlamazı da...

Kiminsə könlünə niyə dəyim ki,
Boylanan deyiləm hər gələn səsə.
Allah rəhm eləsin, taa... nə deyim ki,
Haqqımı-sayımı tapdayan kəsə...
                         

  03.07.2020

                         

Mingəçevir şəhəri