Nəiminin "Cavidannamə" əsəri ilk dəfə Azərbaycan dilində

Yazıçılar Birliyinin (AYB) "Azərbaycan" jurnalının iyul sayında Fəzlullah Nəiminin "Cavidannamə" əsərinin tərcüməsi oxuculara təqdim olunacaq. Bu barədə "Azərbaycan” jurnalının baş redaktorunun müavini, tənqidçi Əsəd Cahangir Adalet.az-a məlumat verib. O qeyd edib ki, bu, məşhur əsərin Azərbaycan dilinə ilk tərcüməsidir: "İnsan əlinə qələm alandan bu günə qədər özü haqqında belə möhtəşəm heç nə yazmayıb. Oxuyun, nəimiləşin! Nəimiləşib oxuyun!"
Qeyd edək ki, əsəri türkcədən Azərbaycan dilinə Çinarə Nüsrətbəyli çevirib.
Fəzlullah Nəimi "Cavidannamə” əsərini 1394-cü ildə, Şirvan şəhərindəki zindanda yazıb. Nəimi əsəri fars dilində qələmə alıb. Onu XVII əsrdə bir hürufi dərvişi osmanlı türkcəsinə çevirib. Azərbaycvanda gedən tərcümə "Dürri-yetim" adlanan bu tərcüməyə əsaslanır. "Cavidannamə" hürufiliyin şah əsəridir. Kitab ən müxtəlif məsələləri özündə əks etdirən fəsillərdən - bablardan ibarətdir. Ümumən kitabın ideyası budur ki, insan ölməzdir, əbədidir. Çünki Allah onu özünəbənzər yaradıb. Əgər özünəbənzər yaradıbsa, demək o da allah kimi ölməzdir. İnsanın üzündə bütün kainatın sirləri toplaşıb. Onunu üzü ilahi sirlərlə dolu kitabdır. Nə yazıq ki cahildir, bunu dərk etmir. Dərk etmək üçün oyanıb öz böyüklüyünü dərk etməlidir. Ona görə özünüdərk üçün oyanışa çağırış ideyası kitabdan qırmızı xətlə keçir.
Nəiminin vəsiyyəti ilə onun müridləri kitabı daş qutularda gizlədiblər. Orijinal bu gün əldə yoxdur.