12 Sentyabr 2023 13:06
607
ƏDƏBİYYAT

OLJAS SÜLEYMENOV: KUMANIN NƏĞMƏSİ

KUMANIN NƏĞMƏSİ 

 

Əcdadlarım,

döyüş vaxtı yanımda olun,

bərk-bərk tutun qolumdan

çətin anımda.

 

Mən heç vədə

saymazyana ötüb-keçmərəm

çölün düzündə bitən

tək ağacın yanından.

 

Örkənimi asaram

əyri budaqdan,

İlk yıxılan olmaram

son döyüşdə mən.

 

Kim tanımır ki məni?!

Kim tanımır itiuclu qızıl nizəmi?!

 

Göydə bir ulduz axdı

bu gecə vaxtı

başım endi sinəmə,

qadına sədaqət andımı içib   

ovcundan öpdüm yenə.

 

Nə bayquşu incidənəm,

nə də quzğunu,

qu quşuna toxunmaram

heç vədə.

 

Aruax!..

Göstər mənə

Balatonun yolunu –

gözdən itib

həmişəlik çıxıb gedərəm,

kimsə bilməz

necə, nə cür, hardan ötərəm.

 

Dərin izlərim qalar

dalımca yalnız

yollarımdan ötüb-keçən

yolçular üçün.

 

Adladığım bütün yollar

yağışdan sonra

qoy görünsün düşmənlərə

dolu cam kimi.

 

Keşkə onlar

suya təşnə olmasınlar,

susuzluqdan yanmasınlar

mən yanan kimi!

 

 

Çevirəni Mahir N. Qarayev