adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Mart 2023 12:53
607
ƏDƏBİYYAT

Onlar torpaq davası döymüşdülər - Vasif Əlihüseyn yazır...

Hər dəfə kənd qəbiristanlığımıza gedəndə şəhid qardaşlarımız uca baş daşılarından gözümün içinə baxır. Maarif və Rzadan başqa hamısı məndən yaşca kiçikdir, amma məqamını desək, çox ucadırlar. Kənd qəbiristanlığımızı nənələrimin ölümündən sonra tez-tez ziyarət etməyə başladım. Ondan sonra anam da 49 yaşında xərçəngdən dünyasını dəyişib nənələrimin yanına köçdü. 

ŞƏHİDLƏR-onlar kim idilər? Həmişə özümə sual verirəm. Onu da deyim ki, dünyada şəhidlər qədər qorxmaz, cəsarətli ikinci bir adam tanımıram və heç tanımaq da istəmirəm. Təsəvvür edin ki, adam öləcəyini bilə-bilə ölümün gözünə dik baxır və sonda şəhid olur. Öləcəyini dedim, amma əslində şəhidlər ölmürlər, onlar ürəklərdə, yaddaşlarda yaşayırlar. 

Kəndimizin ilk şəhidi Maarif Azadxanovdu. Birinci Qarabağ savaşında şəhid oldu. 1974-cü ildə anadan olub və 1995-ci ildə Qarabağ savaşında şəhadətə yüksəlib. Onda mən uşaq idim, əmim həmişə Maarifin məzarını ziyarət edib, yasin oxuyurdu. Onda bildim ki, dost olublar. 

İkinci şəhidimiz Rza Əhmədovdu. Məzarı anamın məzarının ayaq tərəfindədi. Rza 1980-ci ildə anadan olub. Kiçik xalamın sinif yoldaşı idi. Rza 1998-ci ildə əsgər gedib. 1999-cu ildə Tərtərin Şıxarx qəsəbəsi ərazisində xidmət etdiyi postda dünyasını dəyişib. 

Üçüncü şəhidimiz Elgün Şükürovdur. Elgün əsgəri xidmətini başa vurmağa 9 gün qalmış, 2010-cu il iyunun 19-dan 20-nə keçən gecə xidmət etdiyi Füzuli rayonunun Abdulrahmanlı kəndində yerləşən postda düşmənlə sona qədər vuruşub və aldığı güllə yarasından şəhadətə ucalıb. Həmin vaxt Milli Qəhrəman Mübariz İbrahimov da şəhid olmuşdu və nəşi düşməm tərəfdə idi. Sonra ölkə başçısı Mübarizin və şəhid Fərid Əhmədovun meyitini düşmən tərəfdən geri aldı. 

Dördüncü şəhidimiz Əfqan Mustafayevdir. Əfqan 2014-cü ildə əsgər xidmətinə yollanıb, Bakıda xidmət edib və daha sonra Qusara göndərilib. O artıq xidmətinin 10-cu ayında 2015-ci ildə xidmət etdiyi hərbi hissədə həlak olub. 

Beşinci şəhidimiz Sənan Hüseynovdur. O, 2018-ci ildə hərbi xidmətə yollanıb.  Sənan Ağstafada xidmət edib. Babası ona təzə ev tikib, maşın alıb ki, sürpriz edəcək. Amma qəfildən Sənanın şəhid xəbərini alıb. Şəhidimizin nəşi böyük izdihamla kəndimizdə dəfn edilib. 

Son iki şəhidimiz isə Vətən müharibəsi şəhidləridir. Onlardan biri şəhid müəllim, leytenant Tural Rəhimovdur. Tural 2016-cı il Şanlı aprel döyüşlərinin də iştirakçısı olub. O, 1993-cü ildə anadan olub. Müəllim ailəsində doğulan Tural özü də Lənkəran Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirib. Əsgərliyini başa vurduqdan sonra Cəlilabadın Fərzili kəndində müəllim kimi işə başlayıb. O, Vətən müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin bir qızı yadigar qalıb. 

Kəndimizin Vətən müharibəsində verdiyi növbəti şəhidi Həsən Dəmirovdur. Həsən müddətdən artıq hərbi qulluqçu kimi orduda təzə işə başlayır və dostlarına söz verir ki, ilk maaşından onlara qonaqlıq verəcək. Amma təəssüf ki, şəhid olur və bu baş tutmur. Həsən 1994-cü ildə anadan olub. Vətən müharibəsinin ilk günündə şəhid olub. 

Mən ancaq onu bilirəm ki, haqqında danışdığım şəhidlərimiz torpaq davası döymüşdülər. Necə ki, bir şeirimdə yazdığım kimi:

ŞƏHİDLƏR

Onlar...
tətiyi çəkilmiş güllə,
lülələrdən qopmuş mərmi,
səngərlərə süzülən qan
Onlar...
təpədən dırnağacan Azərbaycan!
Çiçəyi cırtlamamışdı
qərənfilin, yasəmənin...
sevgi qoxusu gəlmirdi gözlərindən,
əllərindən
Barıt qoxusu gəldi meyitlərindən.
Onlar...
buludlara qoşulub getdilər,
dağları, dənizləri aşıb getdilər.
Ancaq torpaqda sümüklərini əkib
qanla suvardılar.
Bilirdilər ki, qayıdacaqlar.
Onlar...
torpaq davası döymüşdülər,
Onlar...
Onlar..
Yenə əlləri, üzləri qan...
Onlar təpədən-dırnağacan
Azərbaycan.