“Orxanbəyli babanın həbsindən sonra da bizə baş çəkirdi...”- Turan xanım
Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında xatirə yazılarına start verib.
Turan xanımın müsahibəsini davamını təqdim edirik:
- Qayıdaq sentyabrın 28-nə.
- Sentyabrın 28-də Tahir şəhərə gəlir, bizi görüş yerimizdə görmür, biz isə artıq həmin gün köçmüşdük, daha doğrusu, ana getmişdi. Ərtoğrolla mən isə bir yük maşınına şeylərimizi yığıb getməyə hazırlaşırdıq ki, Tahiri evin qabağında gördük. O da maşına mindi, yük maşınının gövdəsində üçümüz Sovetskiyə gəldik. Tahir çox zarafatçıldı. Başladı anaya sataşmaöa ki: - Əmicanı, lojada oturub fors edirdin, hamı da sənə həsəd aparırdı. Elə günün belə günü də olur... Qəribəbir, o daxma evdə hər gün gördüyümüz yuxularda belə bir şey olurdu. Görürdüm ki, bizə Qız Qalasının yanında ev veriblər.
- Bəlkə bu sizin taleyinizdi?
- ...
- Cavin ailəsinə etibarlı olanlardan danışın...
- Ana qohumlarımdan dayım Əbuzər, ata qohumlarımızdan isə Tahir. Sonra Məhəmməd bəy Orxanbəylini xatırlayıram. Çox məşhur həkim idi. Türkiyədə təhsil almışdı. Yerli bakılılardandı. Özü də Türkiyədə türk qızı Fərihə xanımla evlənmişdi. Oğlu müsiqişunas Orxan Orxanbəyli, qızı Turxan xanımdı. Sonra Orxanbəylini güllələdilər, qadını, qızını sürgünə göndərdilər. Orxanbəyli babanın həbsindən sonra da bizə baş çəkirdi. Orxanbəyli Türkiyədə təhsil alanlar içərisində yeganə adamdı ki, təmiz osmanlı ləhcəsində danışırdı. O dövrdə son dərəcə fərqlənən Avropa dəbiylə geyinirdi. Cavid əfəndinin yaxın dostuydu. 1938-ci ildə Ərtoğrol xəstələnmişdi. Orxanbəylini çağırdıq. Gəldi. Başqaları isə heç salam vermək istəmirdi.
- Orxanbəylini neçənci ildə güllələdilər?
- Güllələnmələrin əksəriyyəti 1938-ə təsadüf edir. Bəzən elə olub ki, 90 nəfəri bir gecədə güllələyiblər...
- Səksəninci illərin ortalarında Haşım Kələntərlidən qəribə bir söhbət eşitdim. Danışırdı ki, müharibə illərində radio ilə efirə verilən konsertlər canlı olurdu. Belə konsertlərin birində “Yad əylədikcə” vəslini, ey mahi-tələtim” qəzəlini oxudum. Axşam məni Bağırovun qəbuluna gətirdilər. Bağırov oxuduğum sözlərin kimə məxsus olduğunu soruşdu. Bağırovun bu sualından sonra yadıma düşdü ki, qəzəl Cavidindi, anladım ki, bəraət yerim yoxdu. Amma Bağırov qəzəblənmədi, sözlər ona təsir eləmişdi, Cavidin şeiri Bağırovu ağlatmışdı.
- Maraqlıdı, çox maraqlıdı. Mən bunu eşitməmişəm. Amma Haşım Kələntərli “Kor ərəbin mahnısı”nı o vaxt oxumuşdu, Cavidin göstərdiyi kimi, “Hicaz” üstündə. Bülbül də, Şeyid Şuşinski də oxuyub “Kor ərəbin mahnısı”nı. “Yad eylədikcə vəslini, ey mahi-tələtim”i isə Cahan Talışınskayanın ifasında eşitmişəm.
- Bəraətə qədər Mişkinaz xanım evi necə dolandırırdı?
- Ana tikiş artelində işləyirdi. Arteldən tikiləcək parçaları gətirib evdəki tikiş maşınında tikirdi, təhvil verirdi. Həmin tikiş maşını indi muzeydədi. Ərtoğrol APİ-ni qurtardı, Musiqi Kabinəsində işlədi, musiqi məktəbində dərs dedi. Ərtoğrol rus və Avropa bəstəkarlarının əsərlərinin mətnini tərcümə edirdi. Qəribədir ki, həmin musiqilər çap olunanda Ərtoğrolun adını heç yerə qeyd etmirdilər. Tərcümələrin əksəriyyəti indi Ərtoğrolun arxivindədi”.
Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn