adalet.az header logo
  • Bakı -°C
22 Yanvar 2026 09:38
12
ANALİZ
A- A+

Prezident İlham Əliyevin  region və dünya üçün sülh çağırışları

"Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”. Bu fikirləri Davosda Euronews telekanalına verdiyi müsahibədə  səsləndirən Prezident İlham Əliyev  haqlıdır. Azərbaycan, həqiqətən də, müstəqillik əldə edildikdən sonra demək olar ki, bir gün belə sülh şəraitində yaşamadı.  Respublikada sülh həyatı hələ 1988-ci ildə, qonşuların Azərbaycan torpaqlarına iddialar irəli sürməsi və Ermənistandan Azərbaycana qaçqın axınının başlaması ilə sona çatdı. Bu, sülh həyatının sonu və Azərbaycan xalqının ədalətə olan inamının sarsıldığı an idi. Müstəqilliyin bərpası ilə isə ölkənin ən çətin yeni dövrü başlandı. Sovet imperiyasının dağılmasından sonra Azərbaycan tez bir zamanda inkişaf etmək  üçün böyük imkanlara malik idi, lakin buna maneə oldular.  Bu torpağın sərvətləri, əvvəlki əsrlərdə olduğu kimi, onları öz bildikləri kimi bölüşdürmək istəyən bir çoxlarını narahat edirdi.

2026-cı ildə Azərbaycanın bərpa olunmuş müstəqilliyinin 35 illiyi tamam olur. Və bu dövrün cəmi yarım ilini xalqımız sülh şəraitində yaşayıb. Dövlət başçısı müsahibəsində bunun xüsusi bir hiss olduğunu bildirdi. Və bu, doğrudan da belədir. Çoxumuz bu gün bunun üzərində düşünmürük. Belə ki, biz 2020-ci il Vətən müharibəsindən sonra az qala  iki nəslin böyüdüyü Qarabağ münaqişəsinin artıq olmadığı fikrinə tədricən alışırıq. Lakin,  cənab İlham Əliyevin səsləndirdiyi bu fikirlərdən sonra birdən düşünürsən:  doğrudan da, biz sülhü tanımamışıq. Bunu dərk etdikdə isə anlayırsan ki, bir epoxanın dəyişməsinin şahidi olmaq nə qədər böyük şansdır. Biz müharibə epoxasından sülh epoxasına keçidin şahidləriyik.
Bu, xüsusilə, 1988-ci ildə  münaqişənin başlanması ilə bütün dəyərlər sisteminin, “yaxşı” və “pis” anlayışlarının dağıldığını yaşayan yaşlı nəsildə daha aydın hiss olunur. Daha sonra “Qara Yanvar”, müharibə, işğal, daxili qarşıdurma, böhran, dağıntı, çadır şəhərcikləri gəldi. 1994-cü ildən sonra isə müharibə olmasa da,  sülh  yox idi. Çünki erməni işğalı davam edirdi,  məcburi köçkün statuslu vətəndaşlarımız  var idi,  bizim haqq səsimizi eşitmək istəmirdilər, hansısa “reallıqları” qəbul etməyimizi istəyirdilər. 

Münaqişənin 2023-cü ilin sentyabrında tam başa çatması da dərhal sülhün bərqərar olması anlamına gəlmirdi. Sərhədlərdə artıq atəş açılmasa da, İrəvanın tərəddüdləri və Ermənistan tərəfinin qəti addımları gecikdirməsi vəziyyəti qeyri-müəyyən saxlayırdı. Xarici sabitlik fonunda daima destabilizasiya təhlükəsi qalırdı. Bu vəziyyət 8 avqust 2025-ci ildə dönüş nöqtəsi baş verənədək davam etdi.

Prezident İlham Əliyev əmindir ki, “Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”    

Bakı bunun üçün əlindən gələni edir. Vaşinqtonda Ermənistan müəyyən öhdəliklər götürdükdən və ən əsası, onların icrasına ABŞ kimi bir dövlət zəmanət verdikdən sonra Azərbaycan bir neçə son dərəcə vacib və simvolik addım atdı. Dövlət başçısının dediyi kimi, bu gün Ermənistanla Azərbaycan arasındakı münasibətlər artıq əməkdaşlıq mərhələsinə keçməkdədir.

Doğrudur, əməkdaşlıq hələlik əsasən Azərbaycanın təşəbbüsləri hesabına formalaşır. Amma əslində bu, təbiidir, çünki güclü tərəf bizik, qalib tərəf bizik, Ermənistanın malik olmadığı imkanlara  var  və Bakının siyasəti keçmiş düşmənə qarşı belə nəciblik nümayiş etdirir. Prezident İlham Əliyevin dedi kimi: “Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq”.

Azərbaycan Ermənistan üçün öz ərazisindən yük tranzitinə icazə verib. Bu marşrutla Ermənistan artıq Rusiya və Qazaxıstandan taxıl alıb. Azərbaycanın ərazisi ilə Rusiyadan mayeləşdirilmiş qazın İrəvana çatdırılması planları barədə də məlumatlar var. Bundan əlavə, Azərbaycan və Ermənistan birbaşa əməkdaşlığa başlayıblar. Ermənistan Azərbaycan yanacağının alıcısına çevrilib və tərəflər hazırda ixrac-idxal mövqelərinin genişləndirilməsini müzakirə edirlər.

Bədxahlar bu prosesdə siyasi hesab axtarırlar. Mübahisə etməyək. Əslində, Azərbaycanın öz enerji resursları üçün kifayət qədər geniş bazarı var. Ən sərfəlisi isə Prezidentin müsahibədə dediyi kimi, premium – Avropa bazarıdır. Bu bazar Ermənistan bazarından qat-qat daha sərfəlidir və Azərbaycan artıq orada güclü mövqelərə malikdir. Prezident İlham Əliyev Euronews-a bildirib ki, “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan qazı Avstriya və Almaniyaya çatdırılmağa başlayıb. Avropa İttifaqının Rusiya qazı ilə bağlı qərarından sonra Almaniya kimi ölkələr çətin vəziyyətə düşüb. Bu ölkə atom energetikasından imtina edərək bütün AES-ləri bağlayıb, “yaşıl enerji”nin inkişafı isə, xüsusilə qış aylarında Almaniyanın real enerji tələbatını qarşılamaq üçün yetərli deyil.

Bu şəraitdə Ermənistanın Azərbaycan yanacağının alıcıları siyahısında yer alması və gələcəkdə enerji resurslarımızın potensial alıcısına çevrilməsi Azərbaycanın iqtisadi maraqları ilə ən az əlaqəli məsələdir. Bu, xüsusilə də hazırda əməkdaşlığın tədricən qarşıdurmaya, hüququn gücünün isə gücün hüququna yer verdiyi qlobal reallıqlarda region üçün daha mühüm və taleyüklü prosesin tərkib hissəsidir.   Qarşılıqlı anlaşma və əməkdaşlıq üzərində qurulan Cənubi Qafqaz sabitlik adasına çevrilə bilər.

Azərbaycanın gücü və qüdrəti, hər zaman ədalətli mövqeyə söykənməsi, bu cür əsassız ittihamları elə bir nöqtəyə gətirib ki, biz artıq qalib ölkə kimi onlara reaksiya vermirik. Çünki yaxşı anlayırıq ki, bu hücumların arxasında Azərbaycanın müstəqil siyasəti ilə barışmaq istəməyən müəyyən lobbi qrupları dayanır. Bununla bağlı Prezident İlham Əliyevin  aydın mövqeyi var : “Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.Çünki tarixi ədalət Cənubi Qafqazda məhz Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə həyata keçirməsi nəticəsində bərpa olunub. Azərbaycan xalqı beynəlxalq vasitəçilikdən və artıq “kimsə bizim yerimizə problemi həll edəcək” düşüncəsindən imtina etdi.
Mövcud şəraitdə, Prezidentin dediyi kimi, “hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Azərbaycan dost tapmağı və dostluq etməyi bacarır. Bu da Azərbaycan layihələrinin hər zaman uğurlu olmasının səbəblərindən biridir. Bakı həm qonşularla, həm də qonşularımızın qonşuları ilə münasibət qurmağı bacarır. Bakının təşəbbüsü ilə yaradılan logistika dəhlizləri və boru kəmərləri boyunca Azərbaycana dost ölkələr yerləşir. Layihələr genişləndikcə və şaxələndikcə dostların sayı da artır.  Bu dəfə də biz gördük ki, tanınmış dövlət xadimləri, nüfuzlu şirkətlər, mərkəzlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşmək üçün bir-birinin  ardınca dayanmışdı.  Yəni, biz axtarmırıq, bizi axtarırlar, Sabit və dayanıqlı inkişaf yolunu tutan Azərbaycan və onun təşəbbüsü ilə reallaşan layihələr cəlb edicidir. Həmişə olduğu kimi, dövlət başçımız həm Euronews-ə müsahibəsində, həm də Davos panel müzakirəsində baş verənləri açıq və obyektiv şəkildə öz adı ilə adlandırdı. Onun dünyada gedən proseslərə, o cümlədən qlobal siyasətin perspektivlərinə dair dəqiq baxışı hər kəsə düzgün nəticə çıxarmaq imkanı verir.

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova