adalet.az header logo
  • Bakı -°C

«QARABAĞ» - AZƏRBAYCANDIR! - Aqil ABBAS yazır

AQİL ABBAS
311 | 2025-11-06 14:14
A- A+

Bir qısametrajlı gürcü filmi vardı. Ümumiyyətlə, gürcülərin qısametrajlı filmləri əvəzsiz idi. 

Deməli,  belə. 

Filmdə iki nəfər bir qıza aşiq olur. Biri şkaf boyda, çox güclü, o birisi isə mənim kimi cılız. Şkaf boyda olan mənim kimi cılız olanı harda tutur əzişdirir. Bir dəfə, iki dəfə, üç  dəfə, axırda mənim kimi cılız olan yığılır boğaza, məşq edir  və sonda  şkaf boyda olanı dəli inək balasını çığnayan kimi çığnıyır. Ondan sonra şkaf boyda oğlan mənim kimi cılızı görən kimi qaçır.

Dünən «Qarabağ»la «Çelsi»nin oyununa baxanda  həmin gürcü filmi yadıma düşdü. Bir dəfə bizi 6:0 udmuşdular, Bakıda da 4:0, bu dəfə də lovğa-lovğa gəlmişdilər. Bütün dünya fikirləşirdi ki, «Çelsi» «Qarabağ»ı yolacaq.

Amma elə olmadı. Qurban xocanın mənim kimi cılız oğlanları ayğır ata çevrilib şkaf boyda «Çelsi»ni – 1 milyard avrodan çox büdcəsi olan «Çelsi»ni tapdalayıb keçdilər.

Elvin  Cəfərquliyev dünya ulduzlarını, 100-150 milyon qiyməti olan futbolçuları beş qəpiklik elədi. 

Bir gün qabaq «PSJ» ilə «Bavariya» oynayırdı. O qədər sürətli oyun gedirdi ki, son illər belə futbol görməmişdim. «Qarabağ»la «Çelsi»nin  oyunu

«PSJ» ilə «Bavariya»nın oyunundan da sürətli getdi. Əsl futboluydu. «Çelsi» özünü öldürürdü, məşqçiləri də kənarda bağırırdı, bizimkilər isə kasıbın olanından tökmüşdülər  ortaya. Qurban xoca da həmişəki təmkini ilə oyunu izləyirdi və uşaqlarına inanırdı. 

Qalib də gələ bilərdik, şansımız gətirmədi, olsun. Dünəndən bütün dünya «Qarabağ»dan, Qurban Qurbanovdan danışır. 

Çox həyəcanlıydım, yaxşı ki, xanımım, özü də futbolu ayaq üstə izləyirdi, mənə ürək-dirək verirdi:

- Qorxma, hər şey yaxşı olacaq, hələ fasilədə Qurban Qurbanov uşaqlara elə bir ruh verəcək ki, ikinci hissədə daha gözəl oynayacaqlar. 

Mən uduzmaqdan daha çox durub Türkiyədən Bakıya gəlib oyunu şərh edən Ertem Şenerin ürəyinin partlayacağından qorxurdum. Və mənə elə gəldi ki,  Ertem Şener «Qarabağ»ı məndən də və elə hamıdan da çox sevir. Ertem Şenerə və Pərvizə  təşəkkürümü bildirirəm.

Yaşa, Qurban xoca! Yaşa, «Qarabağ»!

Yazımı Möhtərəm Prezident İlham Əliyevin sözləri ilə bitirirəm:

- Qarabağ – Azərbaycandır, nida!
 

TƏQVİM / ARXİV