Qarlı havaya görə maşınlara 1 milyon manatadək ziyan dəyib

Bu il fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) "Apa"nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olnuub ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1496 müraciət daxil olub. Bu müraciətlərin 1257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.
ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1496 hadisədən 1010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.
"Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur" - Assosiasiyadan əlavə edilib.