QATIRI NECƏ NALLAMAQ OLAR?
Bir şair şahla dostluq edirmiş, bir yerdə yeyib-içər, ova gəzməyə çıxarmışlar. Bir gün yenə gəzməyə çıxırlarmış, şair deyir:
- Şah sağ olsun, istəyirəm mənlə dostluğunu camaata göstərib fors eləmək üçün mənə qiymətli bir hədiyyə bağışlayasan.
Şah:
- Nə istəyirsən istə, sənə qurbandı.
Bu vaxt şahın ilxısı keçirmiş, ilxının içində bir boğaz madyan varmış.
Şair:
- Şah sağ olsun, o madyanın balasını mənə bağışlayarsan.
- Qurbandı.
Şah mehtərləri çağırır və tapşırır ki, o madyan doğanda balasını şairə verərsiniz.
Vaxt keçir, madyan doğur və məlum olur ki, qatır doğub, verirlər şairə. Şair də şah hədiyyəsi olduğuna görə, Qaçaq Nəbi demiş, məxmərdən çullayır, kişmiş yedizdirir, gündə iki dəfə qaşovladır və sair və ilaxır. Qatırı nallamaq vaxtı gələndə bordaqda bəsləndiyindən heç kəs onu nallaya bilmir, ərkəsöyünlük edir, nalbəndləri şil-küt edir.
Şair şəhərbəşəhər gəzib nalbənd axtarır. Nəhayət, gəlib çıxır bir şəhərə, ona nişan verirlər ki, burda çox güclü bir nalbənd var. Nalbəndi tapır, deyir ki, mənim qatırımı nallasan hər ayağına görə sənə bir qızıl onluq verəcəm.
Nalbənd:
- Qatırın hər ayağına görə biz bir abbası alırıq.
Şair:
- Bu sən dediyin qatırlardan deyil. Bəlkə iyirmi nalbəndə göstərmişəm heç birinin gücü çatmayıb, hamısı şil-küt olub.
Nalbənd gülür və deyir:
- Mən nallayaram, özü də hər ayağı bir abbasıdan.
Sonra oğlunu çağırıb tapşırır ki, get ordan bir eşşək gətir. Uşaq gedib eşşəyi gətirir, nalbənd qatırın gözü qarşısında eşşəyi döyə-döyə nallayır, sonra da arxasına bir çəkic vurur ki, rədd ol. Ondan sonra da gəlir qatırı nallamağa. Əvvəllər yerlə-göylə əlləşən qatır özü ayağını qaldırır və nalbənd də rahat-rahat qatırı nallayır.
Şair də təəccüb içində qalır, soruşur:
- Bu necə olur?
- Çox sadə. Qatırın gözü qabağında eşşəyi döyə-döyə nalladım, ona başa saldım ki, sən kimdən törəmisən.
Və şairdən dörd abbası alır.
Belə adamlar da var, yaddan çıxarırlar ki, kimdi və kimdən törəyiblər, yerlə-göylə əlləşirlər. Dindirəndə də yekə-yekə deyirlər ki, atın bacısı oğluyam.
Eh, bir vaxtlar olub ey, şahla şair dostluq edibmiş.
Dünən şair Əli Mahmud redaksiyamıza qonaq gəlmişdi, bu məsəli o danışdı və dedi ki, vaxtilə bu məsəli ona pislik edən anası erməni olan vəzifəliyə deyib.