adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Aprel 2023 17:01
893
ƏDƏBİYYAT

Qocalma, Aqil Abbas! - Şərif Ağayar yazır

Aqil Abbas yaxşı adamdır. Bir dəfə hardasa onu üzgün gördüm, çox pis oldum. Çünki mən tanıdığım Aqil heç vaxt üzgün olmamalı, əksinə üzgün olanlara kömək durmalı idi. Söhbət təkcə birinin problemini yoluna qoymaqdan, birinə dəstək verməkdən getmir, eləcə uzaqdan-uzağa da olsa şux görünməkdən, işıq saçmaqdan, ümid verməkdən gedir. Onun şəxsində yaxşılığın yorulmasından, usanmasından, cana doymasından qorxdum. Hətta bunu özümə bir müddət dərd də elədim. Sonra gördüm yox, Aqil elə həmənki Aqildir.

Vəziyyət adamı incidə, sıxa, stressə sala bilər, dəyişə bilməz. Heç kim dəyişmir. Sadəcə uyğun vəziyyətdə əsl siması üzə çıxır.

Aqil Abbas sosial şəbəkələrdə bəzən sərt tənqid olunanda təəssüflənirəm: ilahi, necə tanımırlar onu? Demirəm, tənqid etməsinər, əlbəttə, etsinlər, amma bu şəkildə yox. Axı Aqil buna layiq deyil. Nə qədər səhv danışsa belə, səhv addım atsa belə... Axı bilməlidir adamlar. Tanımalıdır. Axı tanımaq tanrıdandır.

Kitablarımın birində onu "millətin vəkili" kimi xarakterizə etmişdim. Yenə o fikirdəyəm. 90-larda - hələ millət vəkili olmayan vaxtlarda qapısından qələbəlik əskik olmazdı. Hamıya çatırdı Aqil, hamının işinə yarayırdı.

O, ictimai məsuliyyətini yerinə yetirə bilməyən, buna imkanı olmayan Aqil Abbasın da yükünü özü çəkir, bu ziddiyyəti başa düşür, anlayır, necəsə, nə cürsə kompensasiya etməyə çalışır.

Bəlkə, bu səbəbdən şəxsən tanıdığım 25 ildə onu bir dəfə də xoşbəxt görmədim. Halbuki bunun üçün şəxsi səbəbləri yetərincədir...

Aqil boyda ürəyi olan insan tapmaq çox çətindir. Onu həmişə şux, kefi kök, imkanı geniş görmək istəyirəm. Çünki bu, insanlığa və yaxşılığa ümidimi artırır.

Üzündəki işıq yazılarına da düşür. Həm məqalələrinə, həm hekayələrinə, həm romanlarına. Hər dəfə tənqid gözüm onu vətənə, xalqa tərəf meyllənən yerdə yaxalayır. O belə məqamlarda sənəti qızırqalanmadan qurban verir. Məncə, bu da döyüşməyin, şəhid olmağın bir növüdür. Şəxsən mən eləmirəm. Bu vətən mənə necə analıq etdi ki, mən sənəti də onun ayağına verim? - deyə düşünürəm.

Həm də sənət vətəni qısqanır. Görməyə gözü yoxdur. Bir kişinin iki gözəl və ütük arvadı kimidirlər. Heç birini Molla Nəsrəddinin göy muncuğu ilə aldatmaq olmur.

Aqil Abbas öz sevgi muncuğunu açıq-aydın vətənin qoluna bağlayır. Pafos deyil ondakı. Şəxsi söhbətlərimizdə də içində məcnunvari bir sevda görmüşəm. Yanılmıram. Aqil Abbasın vətənə münasibəti onun insanına sevgisindən bəllidir.

Bircə fakt deyəcəm, Aqili tanımaq üçün yaxşı arayış olacaq. Qarlı bir qış günü nəşriyyatın altıncı mərtəbəsində - pəncərə qarşısında siqaret çəkirmiş, görür əyni yalın, arıq bir gənc qapısını açıq qoyduğu "Jiquli"dən bahalı dublyonkasını götürüb qaçdı. Yuxarıdan səslənir. Xeyri olmur. Gənc qənimət qoltuğunda özünü binaların arasına verib yox olur. Bir azdan polis gəlir. Aqilə deyirlər, ərizə yaz, adamı tapaq. Aqil yazmır. Səbəbini isə belə izah edir:

- Kasıb bir cavandı, tutduracam, atası gəlib ağlayacaq üstümə, deyəcək, çırağımı söndürmə, mən də məcbur qalıb bir dostuma zəng vuracam, buraxdıracam, ondansa elə o dostuma zəng eləyərəm, mənə təzə dublyonka göndərər...

Belə.

Bu gün Bakıya, hətta Azərbaycana sığmayan, amma dağılmış Ağdamın balaca, uçuq komasında özünə asanlıqla yer tapan bu nur üzlü kişinin 70 yaşı tamam olur. Onu qucaqlayıb öpmək istəyirəm. Hətta bir az da kövrəlirəm bu sətirləri yaza-yaza.

Qocalma, Aqil Abbas!