“Rənanın başdaşına “Ayrılıq” mahnısının misralarını yazdırmışam” - MÜSAHİBƏ

Onunla çox ünsiyyətdə olmuşam, həmişə açıq fikirləri fonunda ağzından çıxan hər kəlmə adama əlavə suallar ünvanlamağa stimul verirdi. O da hər zaman bu suallara təmkinlə cavab verərdi, bu zaman gözlərindəki döyüş ruhunu da görməmək mümkün deyildi.
Söhbət bu yaxınlarda ömür-gün yoldaşını itirmiş keçmiş daxili işlər naziri İsgəndər Həmidovdan gedir.
Elə müsahibə üçün görüşəndə və söhbətləşdiyimiz zaman onun kədəri, qəmi üzündə əks olunmuşdu. Bununla belə, İsgəndər Həmidov xanımı Rəna Həmidovanın ölümündən sarsıldığını desə də, həyata baxışında nikbin notlar üzərində köklənib.
Bu müsahibəni götürmək mənim üçün də çətin oldu, ona görə ki, İsgəndər Həmidov elə yanğılı danışırdı ki, onun çəkdiyi əzabı yaşamamaq mümkün deyildi.
-İsgəndər bəy, dərindən düşünsək, əslində bu sualı verməli deyiləm, çüni bu yaxınlarda xanımınızı itirdiniz. Amma bizlər istər-istəməz söhbət açanda ilk sözümüz necəsiniz olur. Siz necəsiniz?
-Çox sağ olun, minnətdaram. Baba Pünhanın yaxşı bir sözü var. "Sən Babanın günündə, Baba da it günündə”. Millət nə gündədirsə, biz də o gündəyik. Həyat yoldaşımın bu dünyadan köçməsi isə mənim üçün çox ağır dərddir. Rəna artıq yoxdur, o, dünyasını dəyişib. Allahın işidir, Allahın işinə qarışmaq və ya ona asi olmaq da olmaz.
-Əvəz Zeynallının yaxşı bir sözü var. Deyirdi ki, əsl kişilər də ağlaya bilirmiş. Çox ağır itkidir mənim üçün. Rənanın xəstəliyi artıq sağalmaz idi. Mənə bir dəfə demişdi ki, mədəsində möhkəm ağrılar var. Tapşırmışdım, o da gedib özünü yoxlatmışdı. Lakin, məndən xəstəliyini gizlətdi. Mən ilk dəfə həkim yoldaşlarından öyrəndim ki, Rəna ağır xəstədir.
Onun özü də həkim idi, həm də yaxşı həkim. Onun mədəaltı vəzisində xərçəng var idi və aşkarlayanda artıq metastaz vermişdi. Artıq nə Almaniyada, nə Türkiyədə nə də İsraildə müalicə edə bildilər. Bir-iki il ömrünü uzatdılar, vəssalam. Həyat hər şeyi öz yoluna qoyur. Zamandan gözəl hakim yoxdur. Zamandan gözəl həkim də yoxdur. Amma Rəna da yoxdur – Allah rəhmət eləsin. Allah axirət həyatını yaxşı eləsin.
-Xatirələri yada salanda insan daxilində mənəvi güc tapa bilir. Bəlkə də insanı möhkəm və səbrli edən amillərdən biri də xatirələrdir. Buna görə, istəyirəm ki, bir az keçmişə ekskursiya edək. Necə olmuşdu xanımınızla tanışlığınız?
Mən həmişə evimdən arxayın olmuşam. Sovet dövründə evimizdə axtarış aparılırdı, mənim özüm üçün böyük təhlükələr var idi. Amma Rəna bir dəfə də olsun, alınını qırışdırmadı, "bu necə həyatdır sürürsən?” demədi. O həmişə deyirdi: "Nə qədər nəfəsim gəlir, sənə kömək edəcəyəm, dəstək olacağam”. Elə olub ki, bizim evdə 15-16 tələbə yatıb. Xanımım isə bir dəfə də olsun buna etiraz etməmişdi. Halbuki, özümüzün bəzən yatmağa yerimiz olmurdu. Rəna əsl insan idi.
-Huşu axıra qədər başında oldu. Özü də həkim idi, onu aldatmaq da mümkün deyildi. 5 ay bundan qabaq dedi ki, oğlumuzun toyunu edək. "Toyu görməmiş ölmək istəmirəm” dedi. Toyu da etdik. Rəna toyda özünü elə apardı ki, heç kəs onun ömrünə az qaldığını fikirləşmədi. Xanımın ömrünün lap sonlarına yaxın uşaqları, nəvələrimi mənə tapşırdı. Mənə dedi ki, daha siqaret çəkmə. Həmişə bizim evdə siqaret üstündə mübahisə olurdu. Mən qardaşım Zakir rəhmətə gedəndən sonra siqaret çəkməyə başlamışdım.
-İsgəndər bəy, artıq bu qəhər, dərd gözünüzdə əks olunur. Gözünüzə yaş gəlib.
-3 nəvəm var. Nəvələrimdən birinin adı da Rənadır. Gəlinlərim, oğlanlarım mənə münasibətdə çox yaxşıdırlar. Qayğı ilə yanaşırlar. Amma heç kəs Rənanın yerini verə bilməz. Bu, mümkün deyil və aksiomadır. Ən çətini gecədir...(Göz yaşlarına hakim ola bilmir, ağlamağı artıq səsinə də təsir göstərir).Gecə qurtarmır, gecəni yuxu aparmır (daha fikrini ifadə edə bilmir, çünki ağır qəhər buna mane olur).
-Əsas iradı siqaret üstündə olurdu. Həmişə, siqaret çəkməyimə görə məni danlayırdı. Bir də döyüşlərə gedəndə təbii ki, ehtiyatlı olmağımı tapşırırdı. Mən nazir olanda da o, avtobusla işə gedib-gəlirdi. Rəna bu qədər sadə idi. Hətta mən tutulanda onun iş yoldaşları dedilər ki, Rəna üçün asan olacaq. Çünki, o heç zaman özünü nazir arvadı kimi aparmayıb. Hər bir ailədə söz-söhbət olur. Mən nə qədər od olurdumsa, o da bir o qədər su olurdu. Onun gözəl bir xüsusiyyət var idi – birləşdirici idi. Mən bir az cod adamam. Məhəbbətimi bildirə bilmirəm, insanlarla ünsiyyətə can atmıram. İsa bəyin, Əli bəyin, Arif bəyin, Mirmahmud bəyin yoldaşı ilə Rəna əlaqə saxlayırdı, o idi birləşdirici xüsusiyyələri özündə daşıyan.
Rəna öz xəstəliyinin çox ağır olduğunu bilirdi, ən pisi də o idi ki, günü-gündən əriyirdi. Özü həkim olduğuna görə isə, heç kim onu aldada bilmirdi.
-Namaz qılanam, gündə 5 dəfə vacib namazı qılıram. Hər 5-də də dua edirəm. Çünki o, axır məkanına getdi. Bu gün də Rəna üçün dualar edirəm. "Allah salam verdiklərinin içərisində eləsin, axirəti yaxşı olsun” kimi dualar edirəm.
-Bəli, amma başını bağlamazdı. Mənim uşaqlarım da namaz qılır. Dualar həmişə mənimlə olacaq. Qəbiristanlıqda da 3 duanı yazdıracağam. Artıq bu, hazırdır. İndi Rənaya Allahın kəlamı bizdən də vacibdir. "Bəqərə” surəsi, "Yasin” surəsi, "İxlas” surəsindən ayələri Rənanın qəbrinin böyründəki divara yazdırcağam.
Uşaqların böyüməsi, tərbiyəsi də Rənanın işi idi. Mən həmişə səhər çıxıb axşam evə gəlirdim. And olsun Allaha, mən bilməmişəm ki, evdə yeməyə nə var. Mən bazarlığa getməmişəm. Rəna özü edirdi hamısını, məni bu işlərdən azad etmişdi.
-Bunu Allahdan başqa heç kəs bilməz. Həmişə dua edəndə deyirəm ki, əgər o cəhənnəmdədirsə... (hönkürüb ağlayır).Dua edirəm ki, cəhənnəmdədirsə, mən də ora gedim... Rəna göz yaşımı özümə qaytardı.
-Mən qətiyyən şəkillərə baxa bilmirəm. Onun çox şəkli var, amma mən şəklə baxmağı xoşlamıram. Xatirələr isə çoxdur. Hərdən özümü danlayıram ki, az qayğı, az nəvaziş göstərmişəm. Bu da əslində mənim həyat tərzimlə bağlı idi. Milli azadlıq hərəkatı, müharibə, sonra da həbsxana həyatı.
Sizə bir xatirə danışım. Türmədə olarkən 3 ildən sonra mənə ilk görüş verdilər. Rəna türməyə gəldi. Mən də "bağışla Rəna, səni türmənin qabağına gətirdim” dedim. Bilirsiniz cavabı nə oldu?
"Niyə pis olursan ki, sən məni nazir arvadı da etmisən” dedi. Bu söz onun xasiyyətinin bütün cizgilərini göstərdi.
Bir dəfə də Lvova getmişdik. Namaz qılmağa yer tapmadım, məcburən kilsəyə getdim ki, ibadətimi orada edim. Rəna da yalvarırdı ki, kilsəyə girmə. Quranda ayə var ki, namaz qılmağa təmiz yer tapmasanız, kilsədə, sinaqoqda qıla bilərsiniz. Mən kilsədə namazımı qıldım. Mənə dedi ki, səni vura bilərdilər. Bildirdim ki, müharibəyə gedəndə vura bilməzdilər?! Heç onda ağlamırdın? Sonra bazara getdik, bu zaman bir qaraçı arvadı qəfil bizi saxladı. Mənə "sən çox yaşayacaqsan, yoldaşın yox” dedi.
Mən müharibədə iştirak etmişəm, yaralanmışam. Həmişə xanımım deyərdi: "İsgəndər, mən səninlə fəxr edirəm”.
Mən partizan dəstəsi yaratmışdım. 3 ay Xanım dərəsi deyilən yerdə partizanlıq etdik. Rəna bir dəfə də olsun mənə etiraz etmədi. Əksinə deyirdi ki, torpaq uğrunda ölmək şərəfdir.
Bir dəfə döyüşdə yaralanmışdım, elə oldu ki, xəstəxanaya getsəydim, aləm bir-birinə qarışacaqdı. Mən evimdə əməliyyat olundum, ancaq xanımım ağzını açıb bir dəfə də "sən bu nə haldır düşmüsən” demədi.
-Kəlbəcər işğal olunanda xanımınız ağladı?
-Kəlbəcəri itirəndə yarım saat ikimiz də ağlamışdıq.
-Hər bir insan istəyir ki, öləndə öz arzuladığı kimi son mənzilə yola salınsın. Rəhmətlik özü necə vəsiyyət etmişdi?
-Özü demişdi ki, ona yekə başdaşı qoymayaq. Demişdi ki, bər-bəzək olmasın. Mən də bilirəm ki, şəriətə, İslama görə böyük sinə daşı qoymaq düzgün deyil.
Amma mən onun dediklərini etmədim. Çünki, öz etdiyimlə təsəlli tapıram. O anı yaşayıb, o hissi keçirən adam başa düşür ki, bu, nədir. Elə-belə danışmaqla deyil.
İnsanın özündən asılı deyil. Mən Rənanın məzarının yanına su çəkdirdim, krant qoydurdum ki, ehsan kimi istifadə olunsun. İndi də oradan su daşıyırlar. Özümdən asılı deyil bunları etmək. Allah heç kimə itki nəsib etməsin.
Çox qəribədir. "Ayrılıq” mahnısının bəzi misralarını Rənanın məzarının üstünə yazdırmışam.
"Ayrılıq, ayrılıq yaman ayrılıq,
Hər bir dərddən olur yaman ayrılıq.
Bu dərdi başımdan ata bilmirəm...”.
Bu misraları yazdırmışam. Mahnının əslində isə "bu fikri başımdan ata bilmirəm” yazılıb. Amma mən "fikri”ni "dərd”lə əvəzlədim.
-Mənim vəsiyyətim var. Demişəm torpaqlarımız azad olunmamış ölsəm, məni yandırsınlar külümü də Qarabağa atsınlar. Torpaqlarımız alınsa da, öz torpağımızda dəfn olunmaq istəyirəm.
-Məzara dini motivdən kənar nəsə yazdırmağa görə, sizə irad bildirmədilər?
-Bu misralarda qeyri-dini bir şey yoxdur. Bu məsələ mənim ürəyimdən keçmişdi. Yəqin ki, Allah da günahımızdan keçər. Allah hamının axirətini versin.
-Sizə müsahibə üçün zəng edəndə, dediniz ki, qəbiristanlıqdasınız. Hər gün gedirsiniz ziyarət etməyə?
-Bəli, hər gün Rənanın məzarını ziyarət edirəm. Gedib ziyarət etməyəndə narahat oluram(Yenə gözləri dolur, yaş yanağına süzülür).Çox qəribə insanlarıq... Həmişə məzardan qayıdanda deyirəm:"Rəna, səni daşa döndərib evə qayıdıram”...Aqşin, evlisən?
-Bəli?
-Sənə bir tövsiyəm var. Harasa gedəndə mütləq xanımına nəsə al. Mən də harasa gedəndə mütləq Rənaya bir şey alırdım. 3 manatlıq da olsa, 5 manatlıq da olsa. Bu, bir diqqətdir. Bu, etikadır. Xanıma nəsə almaq ərin böyüklüyüdür. Elə bir şey olmayıb ki, onun ürəyindən keçə və mən etməyəm ya da mənim ürəyimdən keçə o etməyə.
-Həmişə deyiblər ki, İsgəndər namuslu adam olub. Mən bir dəfə də olsun başımı qaldırıb qonşunun qadınının üzünə baxmamışam. Bəzən Rənaya gəlib deyirdilər ki, yoldaşın qabağımızdan keçdi, bizə salam vermədi. Rəna bilirdi ki, mən bu xasiyyətdə biriyəm. Buna görə də qısqanclıq bizdə yox idi. Hərəkat vaxtı ictimai-siyasi fəallıq göstərən qadınlar evimizə zəng edirdi, mənimlə danışırdı. Mən də zarafatla "öpürəm səni” deyirdim. Amma Rəna bilirdi ki, zarafatla deyirəm. Fikirləşirdi ki, əgər kimsə mənimlə başqa məqsədlə danışırsa, bu zaman o, birbaşa evə niyə zəng etməlidir?! O zamanlar da mobil telefonlar yox idi.
-İsgəndər bəy, ömür gün yoldaşınız rəhmətə gedəndən sonra heç ölümdən qorxdunuzmu?
-Aqşin, kaş ki qorxaydım. Kaş ki, mənim ölüm qarşısında qorxum olaydı, bu zaman bəlkə də həyat tərzim başqa cür olardı. Mən heç zaman ölüm qorxusu hiss etməmişəm. Amma ölümdən mütləq qorxmaq lazımdır. Ancaq bu o demək deyil ki, insan qorxaq olmalıdır.
Digər Xəbərlər

“Azərbaycan müxtəlif balneoloji qruplara aid olan çoxlu sayda mineral sularla məşhurdur”

"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanovla söhbət

Aqil Abbas: Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq... - MÜSAHİBƏ
jpg-1749573902.jpg)
Ən uğurlu döyüş, ən kədərli gün: Komandirin silahdaşları danışır

Aqil Abbas: "Deputat qazandığının hamısını evə apara bilmir" - MÜSAHİBƏ
jpg-1718088931.jpg)
"Seyid Cəfər Pişəvərinin qatilləri DTK, sürücü Karnik Melixyan və cərrah Əsriyan..." - MÜSAHİBƏ

Asəf Quliyev yeni filmin çəkilişlərinə hazırlaşır
