03 Iyul 2024 09:37
292
ƏDƏBİYYAT

Rəngarəng xarakterlər ustası

 İsi Məlikzadə–90

Nə yaşadı ki... Cəmi altmış bir il. Amma nələr yaratmadı bu altmış bir ildə... Yaşasaydı daha nələr yazıb-yaradardı...

Onunla son dəfə 1995-ci il noyabrın 5-də ikimizin də doğması olan Eldar müəllimin övladının toy məclisində görüşmüşdük. O, toyda ibrətamiz çıxışıyla gəncləri təbrik edib, onlara xeyir-dua verdi. Həmin gün İsi müəllim nədənsə mənə fərqli –xeyli pərişan və bənizi solğun görünürdü. Amma o, məclisin ümumi ruhuna uyğun şən görkəmdə davranmağa çalışırdı. İsi müəllimin əhvalını pozaram - deyə düşünüb, ondan bu pərişanlığının səbəbini indi soruşmağı düzgün saymayıb, sonraya saxladım. Ancaq tale elə gətirdi ki, həmin ərəfədə onunla görüşə bilməmişdim. İsi müəllim isə o görüşdən sonra, aradan heç bir ay keçməmiş, 1995-ci il dekabrın 4-də qəfil ürək tutmasından dünyasını dəyişdi. Onun ölümü ədəbiyyatımız üçün, İsisevərlər üçün, doğmaları üçün böyük itki idi. 

Onu yaxından tanıyanlar deyirdilər ki, İ.Məlikzadə yazıçı olmasaydı, aktyor olardı. İnandırıcıdır. Ancaq o zaman barmaqla sayılan məşhur “altmışıncılar”ın sayı bir nəfər də az olardı. Yaxşı ki, o, yazıçı olub, hekayələr və povestlər ustası kimi bir-birindən maraqlı, rəngarəng xarakterli obrazlar yaradıb. İndi arxayınlıqla demək olar ki, onun sözünün ömrü, öz ömründən fərqli olaraq uzunömürlü oldu... Bunu onun ölümündən otuz il ötməsinə baxmayaraq, oxucu sayının günü-gündən artması deməyə əsas verir.

 Belə bir fikir var ki, yazıçı əsərlərində, əsasən, özünü yaradır. Bu, müəyyən mənada belədir. İsi müəllimin tədqiqatçısı, hörmətli professor Vaqif  Yusifli yazır ki, “İ.Məlikzadənin “İki günün qonağı” povestindəki mühəndis İslam elə İsinin özüdür”. Adı çəkilən povestdə müəllif özünü mühəndis İslam, atası Abbas əmini Eyvaz, anası Zəriş xalanı Əfruz obrazlarında təqdim edir. İ.Məlikzadə həmin obrazların geyim-keçimlərini, danışıq və davranışlarını, sifət cizgilərini elə canlı, elə təbii göstərib ki, onlarla yaxın qohum və qonşu olduğumdan Vaqif  Yusiflinin bu sözlərini təsdiqləməyə borcluyam. O əsər, doğrudan, da İsi müəllimin avtobioqrafiyasıdır. 

Ancaq bu fikirləri yazıçının “Gümüşgöl əfsanəsi” povestinin əsas qəhrəmanı Orxan haqqında söyləmək olmur. Orxan heç kəndlə fermanın fərqini də bilmir. Orxan “Çanaqqala”da xalçaçı Ağabəyimi axtaranda ucqar bir yerdə üç-dörd yastı-yapalaq ev, bir-iki tövlə görüb maşını saxlayıb soruşur: 

-Bura kənddir? 

-Bura fermadır, mal ferması – cavabını alır. 

Bu epizodda Orxanı heç qınamaq da olmur. Axı, Orxan Bakıda – İçərişəhərdə doğulub, orada boya-başa çatıb. İsi isə kəndə yaxşı bələd olduğundan kəndlə fermanın fərqini yaxşı bilirdi. Odur ki, bu obrazı İ.Məlikzadənin prototipi hesab edənlərin fikirləri ilə razılaşmıram. Bu başqa məsələ ki, yazıçı özü yaratdıqları qəhrəmanları bir növ özününkiləşdirdiyindən o, qəhrəmanlardan birində və ya bir neçəsində öz xarakter çizgilərini verə bilər. Bu, əlbəttə, bütün yaradıcı adamlara xas olan cəhətdir. Ancaq müəllifin yaratdığı hər qəhrəman onun özü ola bilməz. 

Mən onun yaratdığı obrazların prototiplərinin bəzilərini yaxından tanıyıram. Məsələn, “Qatarda” hekayəsindəki Dadaşovun prototipi - Ağcabədidə, bazarın girəcəyində çəkməçi köşkü olan pinəçi Sabirdi. “Evin kişisi”ndə Mikayılın prototipi - qonşumuz kor Soltan, “Küçələrə su səpmişəm”dəki ocaqçı Xəlil - qonşumuz Həsən, Çərkəz isə - qohumumuz Namaz kişidir. Onları görəndən sonra həmin əsərləri təkrar oxumuşam. Əmin olmuşam ki, fikirlərimdə yanılmamışam. Mübaliğəsiz deməliyəm ki, İ.Məlikzadənin qələmində həm də mahir bir rəssamın əsrarəngiz fırça qüdrəti var idi. Çünki o qələm-fırça həmin qəhrəmanları ayrı-ayrılıqda öz xarakterinə uyğun elə boyayır ki, oxucu sanki onlara canlı tamaşa edir.

Bununla yanaşı yazıçı doğulub, boya-başa çatdığı, tozlu-torpaqlı doğma yurdu Ağcabədini də unutmur. Hər xırda detalları nəzərdən qaçırmamaqla oranın tablosunu yaratmağa çalışır. Oraların nəyindən yazmır? Hər şeyindən: rayonun mərkəzindən axıb gedən suyu lilli Qobusundan, “Qoç heykəlindən”, Vəzirin həmişə haylı-küylü “Gündüşməz” çayxanasından, əyri-üyrü dolanbac küçələrindən, samanlı çiy kərpic evlərindən, həmin evlərin kol-kosla, qar-qamışla əhatələnmiş həyətlərindən, şər qarışanda sarımtıl ağcaqanadları qovmaq üçün həmin həyətlərdə yandırılan təzəklərdən havaya qalxan boz, göyümtül tüstüsündən, cırcıramaların yeksənək səsindən, narıncı çiçəkli yulğunundan, ətirli yovşanından və sair və ilaxır. Bunlar “Quyu”, “Dədə Palıd”, “Küçələrə su səpmişəm”, “Çəhrayı dəftər” povestlərində böyük məhəbbətlə vəsf edilib. 
İ.Məlikzadə hərdən öz qəhrəmanlarını mənsub olduqları bölgələrin şirin ləhcəsində danışdırmaqla yanaşı, onların anadangəlmə yaxud, sonradan qazanılmış vərdişlərini də göstərir. Məsələn, “Gümüşgöl əfsanəsi”ndə Ağazəki bu və bu kimi suallarla “Xaloğlu, de görüm, Birinci Dünya müharibəsində neçə Qarabağ atı iştirak edib?”, “Teymurləngin topal ayağı sağlam ayağından nə qədər qısa idi?” və s. “qatı açılmamış” suallarına cavab tapmayanlara Ağazəki: -Savadlı olmaq, institut qurtarmaqnan dögül. Diplom almağa nə var?- kimi cavabları ilə diqqəti cəlb edir. Yaxud  “Gəl qohum olaq” əsərindəki usta Qarabala ilə iş icraçısı Ədalətin arasında işlənən deyimlər: “Ə, mənə “Qaradolaq” Qarabala deyərlər ha”, “Ə, lələ, mənə də gəncəli balası Ədalət deyərlər, ə” və s. kimi ifadələr İ.Məlikzadə dilinin necə zəngin olduğunu göstərirdi. Yaxud, “Dolaşaların novruz bayramı”ndakı dayə Nəsibin hirslənəndə başının ortası gicişirdi...

 Yazıçının “Qatarda” hekayəsində Sabit Mirzənin müəllimi olan Məmməd Qayanın dilindən oxuyuruq: “Rastlaşdığınız adamların yanından biganə ötməyin. Onların danışığına, davranışına fikir verin.” Yazıçı özü Məmməd Qayanın dediyi bu sözlərə həyatda tam əməl edib. O, insanların yanından nəinki biganə ötməyib, hətta onların daxili aləminə bələd olmağı da bacarıb. Yazıçının qızı Xatirə xanım danışır ki, uşaq vaxtı atam bizi gəzməyə aparanda, bizim gəzmək vaxtımızdan kəsib hərdən  dayanıb nəyəsə, kiməsə diqqətlə baxmağının səbəbini sonralar başa düşdüm. Heç demə atam o anda gələcək əsərlərinin detallarını, obrazlarını axtarırmış.  

Düşünürəm ki, o tək övladlarının gəzmək vaxtından kəsməyib. Bütün yaradıcı adamlar kimi  o da özünün istirahətindən, yuxusundan kəsdiyi günlərin sayı çox olub. Nəticəsi isə bizlərə yadigar qoyub getdiyi əbədiyaşar, müxtəlif xarakterli, rəngarəng obrazlar oldu. Onun pəncərəsindən sübhə qədər işıq süzüldüyünü çox görmüşəm. İ.Məlikzadə 1987-ci ilin oktyabrında valideyn qayğısından məhrum olan, internat məktəbində təhsil alan acı taleli uşaqların həyatından bəhs edən məşhur “Dolaşaların novruz bayramı” povestini bir həftəyə yazıb tamamladığını dəqiq bilirəm. O, bu müddəti özü söhbətlərinin birində demişdi. Sonra müəllifin sözügedən povestinin əsasında yazdığı ssenaridən qəlbləri riqqətə gətirən “Pəncərə” filmi çəkildi. Povestdə sözügedən internat məktəbində bir müddət oxuduğumdan və bu mühiti yaxşı bildiyimdən povest mənə çox təsir etmişdi. Çünki yazıçı o internatın abı-havasını elə dəqiqliklə təsvir etmişdi ki, inanmasamda fikirləşmişdim ki, yəqin İsi müəllim da vaxtı ilə bu internat məktəbində oxuyub. Bu fikrimi və povest haqqında təəssüratlarımı İ.Məlikzadə ilə görüşəndə ona bildirdim. 
Sözarası ona dedim ki, İsi müəllim, siz internatda oxumamısınız, ancaq oranın abı-havasını, o uşaqların ağrı-acısını, arzu və istəyini, onların həyatını olduğu kimi elə real, elə təsirli  təsvir etmisiniz ki, təsirlənib kövrəlmişəm. Doğrusu, əsərə görə hələ də heyrətdəyəm. Necə olub ki, orada baş verən hadisələri əsərdə belə dəqiqliklə verə bilmisiniz? 

İ.Məlikzadə cavabında dedi: - Təsadüfən, internatın yanından ötürdüm (Həmin internat məktəbi Şuşada yerləşirdi - N.F.). Gördüm ki, bir adam internatın hasarlanmış divarına söykənib fikrə gedib. O, yaman pərişan və dalğın görünürdü. Gözləri yol çəkirdi, elə bil harasa lap uzaqlara baxırdı. Dayanıb bir xeyli ona baxdım. Birdən o, elə bil yuxudan oyandı. Mənə baxdı. Yaxınlaşıb ona salam verdim. Ədəblə salamımı aldı. Xeyli söhbət etdik. Məlum oldu ki, həmin şəxs vaxtilə buranın sakini olub, orta təhsilini bu internat məktəbdə başa vurub. İndi başqa respublikada yaşayır. Hər il gəlməsə də, bir neçə ildən bir buraya gəlib, o günləri xatırlayır. Onun dediklərini əsas götürmüşəm.

Bax, İ.Məlikzadənin istedadı, nəhəng yazıçı olmasının səbəbi bu idi. O, bu epizoddan qısa müddətdə sanballı bir əsər yaratmışdı. Buna görə də İ.Məlikzadə rəngarəng xarakterli obrazlar yaratmaq sahəsində əsl ustad idi. 

“Alovlu Qış” romanında qoyulan məsələ çox ciddidir. Əsərdə təsvir edilir ki, inqilabdan sonra Azərbaycanın ucqar kəndlərinin birində - Daşlıda taun xəstəliyi tüğyan edir, insanlar qırılır, kənd vahimə içərisindədir. Romanda bu ölümsaçan yoluxucu xəstəliklə ölüm-dirim mübarizəsi aparan həkimlərin və aidiyyatı işçilərin fədakarlığından bəhs edilir. Bu çətin mübarizə öz bəhrəsini verir. Həkimlər az itkilərlə bu dəhşətli xəstəliyin qarşısını almağı bacarırlar. Daşlıda həyat yavaş-yavaş qaydasına düşür... 

İ.Məlikzadənin yazılarını oxunaqlı edən onun yazıçı təxəyyülündən başqa, yazılarına həm də təbiətindən gələn duzlu yumorlarını, düşündürücü ironiyalarını qatması idi. Bu məziyyətlər, demək olar ki, müəllifin bütün yaradıcılığından, o cümlədən, “Alovlu qış” romanından da qırmızı  xətt kimi keçir. “Alovlu qış” romanında da müəllif yaradıcılığına xas olan incə bir yumor və xəfif bir ironiya hiss olunur. Romandan bu hissəyə nəzər salaq :Şura sədri Yavərin həmişəki kimi işi başından aşır, qapı açılır, Mehralı ilə Seyfulla içəri girir. Məlum olur ki, Seyfulla Mehralının danasını kəsib xeyli vaxtı ətə həsrət qalan ailəsinə yedizdirib. Mehralının tələbi isə Seyfulladan danasının əvəzini qaytarmaqdır. Əks təqdirdə bunu Seyfullaya halal etməyəcəkdir. Sədr məsələni yarıyumor, yarıironiya şəklində belə bir “sülhlə” həll edir. Sədr Mehralıya belə deyir:   

- Mehralı, tutalım ki, dananı halal etmədin, vaxt gəldi hər ikiniz köçdünüz o dünyaya, orda da inkir-minkir Seyfullanın ağzını-burnunu əzişdirib dananı alıb verdilər sənə. Camaat kefdə-damaqda, sən isə yedəyində dana gəzdirəcəksən. Heyvan da cənnətin gül-çiçəyini basıb yeyər, səni biabır edər. Ona görə də səni o dünyadan qovarlar.  
Müəllif bu hadisəni və Daşlı kəndinin həmin müdhiş qara günlərini elə reallıqla əks etdirir ki, oxucu sanki müəllifin də o hadisələrin iştirakçılarından biri olduğunu zənn edir. 
İ.Məlikzadə əsərlərində, əsasən, 1960-90-cı illərin reallıqlarını əks etdirmişdir. Onun qəhrəmanları sadə, imkansızı mənəvi cəhətdən zəngin, imkanlısı rəhimli, el-obanın xeyir-şərinə yarayan, borc alıb qonağa süfrə açandırlar. Bir sözlə, onlar Azərbaycanın mənəvi mentalitetinin daşıyıcılarıdır. 

“Talisman” hekayəsindən məlum olur ki, yük maşını sürücüsü Binnət kənddə - Alpout yolunda təsadüfən qəza törədib. Ağarəhim müəllimin təzə “Juqili”sini vurub, min manat xərcə düşüb. Binnətin isə bu məbləği ödəməyə imkanı yoxdur. Binnət Ağarəhimi evinə aparır. Bu xəbəri eşidən Binnətin böyük qardaşı traktorçu Əfəndi haya gəlir. O, bu məbləği ödəmək üçün yollar arayır: evindəki xalı-xalçanı, Binnətin həyətdəki inəyini, bacısının evindəki ehtiyatlarından sabah bazara çıxarıb satmağa hazırlaşır. Buna görə də Ağarəhim müəllimdən bir gün gözləməsini xahiş edir. Ağarəhim müəllim qonaq qaldığı bu evdə ailənin imkansızlığını bilib, ürəyi yumuşalır və səhərə kimi yata bilmir. O, səhər açılmamış obaşdannan durur. Binnəti narahat etmədən xəlvəti əzilmiş “Juqili”sinə oturur. İşə çatmaq üçün maşının sürətini artırıb Bakıya yola düşür. Göründüyü kimi, bu hekayədə mənəvi saflıq, təmizlik, səmimiyyət kimi insani xüsusiyyətlər öz əksini tapıb. 

“Cehiz güzgüsü” hekayəsində isə hadisələr belə cərəyan edir. Qızının toyuna bir həftə qalsa da, Abdulla yaşadığı və digər iki qonşu rayonu axtarsa da, qızı üçün cehiz güzgüsü tapa bilməyib hirslənir: - Day güzgü zad axtaran deyiləm”- deyir.

Qonşusu və qohumu Nəsir isə: - “Güzgü mənim boynuma”- deyib təyyarə ilə Bakıya uçur. Səhərisi gün güzgü alıb, avtobusa əyləşib rayona qayıdır. Güzgü qırılar deyə ehtiyatlanıb güzgünü Nəsir sinəsinə sıxıb dörd yüz kilometr yolu yerindən durmadan beləcə gəlir. Rayona çatıb avtobusdan düşmək istədikdə əl-ayağı keyidiyindən güzgü düşüb qırılır. Əliboş evə gəlməyi isə özünə sığışdırmayan Nəsir, bu dəfə də qatara bilet alıb, elə həmin gün güzgü almaq üçün yenə Bakıya yola düşür. 

Səmimiyyətlə və saflıqla dolu olan bu obrazlar bəzən oxucuya avam görünür. Belə görünsə də, ancaq onlar mənəviyyatca saf və pakdırlar, sadəlövdürlər. Onlar oxucunu təsirləndirib kövrəldir də, üzlərinə təbəssüm də gətirir.

İ.Məlikzadə 50-yə yaxın hekayənin, 20-yə yaxın povestin, bir neçə romanın müəllifidir. Düşünürəm ki, onun əsərlərinin hər biri ayrı-ayrılıqda araşdırılıb tədqiq edilməlidir.  

İ.Məlikzadə ədəbiyyat sahəsində qırx il külüng vurdu. Özü də hay-küysüz, sakit, təmkinli olaraq... Ancaq təəssüflənirsən ki, bu xidmətləri yetərincə dəyərləndirilmədi.

Ruhun şad, məkanın cənnət olsun, Ustad!

Nəriman Fərman