04 Iyul 2024 09:31
544
ƏDƏBİYYAT

Leyla Mustafayeva: Bəlkə belə yaxşıdı...

Bəlkə belə yaxşıdır...–
nə əl çatır, nə ayaq.
Ürək yükü nə ağırmış – 
Gündüzləri dəli olub,
Gecələri qaldım oyaq.
Bəlkə belə yaxşıdı...
Bu da qismət, bu da tale –
Ömrümüzün kor naxşıdı...
Nə sən inci, nə də mən.
Bəlkə birgə yaşasaydıq
Biz olardıq yağı, düşmən?
Bu sevginin adı dildə,
Xatirəsi ovundurur 
hər bir ayda, hər bir ildə.
Bəlkə belə yaxşıdır...
Ayrılıqlar, intizarlar
Hərdən yaman bal dadır.
Çöldə bitən gül də, kol da
Səndə İlham yaradır.
Bəlkə belə yaxşıdır...
Qovuşsaydıq sevgimizə
Heç qalmazdı dadı, duzu.
Sədd çəkərdi qarşımızda,
Bağlayardı yolumuzu.
Bəlkə belə yaxşıdı...
Əldə etmək asandı,
Ən çətini ürəyində, qəlbində 
Qıvrılaraq yatandı!...