04 Iyul 2024 12:22
492
ƏDƏBİYYAT

Alman sevgisi - Tərlanə Yaqubqızı yazır

Balaca Kamal uşaqlıqdan alman dilinin vurğunu idi. Universitetdə alman dilindən dərs deyən atasından xahiş edirdi ki, ona bu dili öyrətsin. Anası Kəmalə xanım ingilis dili müəllimi olduğundan onun bu istəyinə qarşı idi.Ana oğluna başa salmağa çalışırdı ki, bütün dünya ingiliscə danışır, alman dili nəyinə gərəkdir? Hələ xalası balaca oğlanın ümumiyyətlə xarici dil öyrənməsini heç cür qəbul etmirdi: " A balam, bu uşaq təzə dil açıb. Öz ana dilimizi öyrənsin, sonra lap yapon dilini də öyrənər." Qoca nənəsi də xalanın sözünə haqq qazandırırdı: "Qızım düz deyir də, uşağı öyrədirsiz xarici dilə, gəlib yanımda bir- iki gün qalanda dilini də başa düşmürəm. Gah deyir mənə milk ver, gah deyir batə istəyirəm. Mən günü qara başıma haranın daşını salım?  Evdə bişməyib, qonşudan gəlməyib. İllah da ki, alman dili.  Bircə o qalmışdı nəvəm atalarımızı, babalarlmızı öldürən köpək oğlu nemeslərin dilində danışsın!" 

Bu minvalla Kamal ancaq ingilis dilini öyrənə bildi. Sinif yoldaşları  universitetə daxil olmaq üçün repititor yanına gedəndə  Kamal öz biliyi, fitri istedadı sayəsində ali məktəbə hazırlaşıb  pulsuz qəbul oldu. O, tələbə biletini aldığı gün  sevinci yerə- göyə sığmayan valideynlərinə ərz etdi ki, alman dili sevdasından əl çəkməyib.  Oğlunun inadkarlığı  anası Kəmalənin yadına ötən günləri saldı. Balaca qız idi, beş-altı yaşı ancaq olardı. Yuxarı sinifdə oxuyan bacısının ingilis dili dərsliyini əlindən yerə qoymurdu. Böyük qız anasına ingilis dili dərsində tapşırılan  şeiri əzbər söyləyəndə ona imkan verməz, şeiri ondan qabaq söylərdi. Bir dəfə böyük bacısı onun kiçik bir kağız parçasında gizlicə özü üçün yazdığı sözləri oxuyub gülmüşdü: " Mən ingilis dili professoru olmaq istəyirəm. Bu arzu ürəyimi deşir".

Ay Allah, o gün balaca Kəmalə necə pərt olmuşdu. Zalım bacı isə lap ucadan onun yazdığı cümlələri oxuyub ələ salmışdı: " Siz Allah, bu da sözdü? Arzu ürəyimi deşir. Arzu bıçaq- zaddı bəyəm?  Professor olmayacaqsan e, pioner baş dəstə rəhbəri olacaqsan. Xarici Dillər İnstitutunu bitirənlərin aqibəti ancaq belə olur. Məktəbimizdə Alik var a, oranı fərqlənmə diplomu ilə bitirib, amma pioner baş dəstə rəhbəri işləyir. Get özünə sənət tap!"

Amma qız bacısının sözünə məhəl qoymayıb ingilis dilini inadla öyrəndi, üç il ardarda haqsız olaraq müsabiqədən kəsilsə də dördüncü il istədiyi ali məktəbə daxil oldu. Ona istehza edən bacısı isə orta məktəbi bitirər- bitirməz çıxıb ərə getmişdi. 

Dövran dəyişmişdi, sovet quruluşu çökmüşdü, artıq xarici dilə münasibət də ayrı cür idi. Ölkədə xarici şirkətlər açılmış, ingilis dilini bilənlərə tələbat artmışdı. Universiteti fərqlənmə diplomu ilə bitirən Kəmaləni  sevimli müəllimləri kafefrada işləməyə dəvət etdilər. Qız həm də yeni açılmış özəl ali məktəbdə dərs deyirdi, valideynlərinə və ailə qurmuş bacısına maddi cəhətdən kömək edirdi.

 İlahi, ömür su kimi axıb gedirmiş...  Telefon zəngi professor Kəmalə xanımı  düşüncələrdən ayırdı. Bacısı idi,  bir zamanlar onun arzusuna gülən bacısı. Xahiş edirdi ki, xarici ölkəyə köçmək istəyən oğluna ingilis dili öyrətsin. 

Kəmalə xanım gülməkdən özünü güclə saxladı. İllər öncə aralarında kiçik bir mübahisə düşmüş, bacısı onun  ingilis dilinə dair  bütün vəsatlərini, kitablarını parça- parça edib özlüyündə ondan qisas almışdı. Amma qız atasının ona verdiyi  gündəlik  yemək pulunu qəpik- qəpik toplayıb özünə yeni kitablar almışdı. Hə, deyəsən  dövran həqiqətən dəyişib. Xarici dilə ikrah hissi ilə baxan bacısı oğlunu  xaricə göndərir. Bir vaxtlar arzusunu dilə gətirməyə çəkinib gizlicə kağıza yazan Kəmalənin oğlu açıq- aşkar valideynlərinin qarşısına keçib ikinci bir dil öyrənmək arzusunu bəyan edir. Deməli, o da inadkarlıqda doğmaca anasına çəkib.

Kamal universitetdə öz dərsləri ilə bərabər, atasından alman dilini də öyrənirdi.  Deyirlər,  qismət niyyətə aşiqdir. İxtisası sosiologiya olsa da Kamal  magistratura pilləsinə elə ata- anasının illərlə çalışdığı Dillər Univrrsitetində qədəm qoydu.  

Alman dilindən sertifikat almaq üçün  Kamal Gürcüstana getməli oldu. Orada uğurla imtahan verib arzusunda olduğu sertifikatı qazandı. Vətənə dönməyə az qalmışdı. Onun Gürcüstana getməyini nənə bilmirdi. Yaşlı qadın nigaran qalmasın deyə  ona heç nə deməmişdilər. Kəmalə xanım anasının xasiyyətini bilirdi, oturub- durub əl boyda uşağı gözdən uzağa qoyduqları üçün onu məzəmmət edəcəkdi. Boy- buxunlu, idmançı görkəmli, yaraşıqlı Kamal nənənin gözündə hələ də körpə uşaq idi. Amma işin tərsliyindən sirrin  üstü elə açıldı ki...

Heç bir xəbər proqramını  ötürməyən nənə ekranda  nəvəsini əlində Gürsüctan bayrağı mitinq iştirakçıları arasında görəndə  çaşıb qaldı. Dərhal qızına zəng etdi:
- Düzünü de, Kamal haradadır?

- Dostları ilə gəzməyə gedib.

- Gürcüstandakı dostları ilə? İndicə onu televizorda gördüm.

 - Narahat olma,  anacan, inşəallah sabah çıxıb gələcək. Özüm sənə heç nə demədim ki, sürpriz olsun.

Kamal  Gürcüstandan gələnə kimi nənə ürəyində dağı arana, aranı dağa qatdı. Xəyalən nəvəsini danladı: " Deyəsən, bu bir az da mənə oxşayıb axı. Meydan hərəkatında əvvəldən axıra kimi iştirak etdim.  Yaxşı ki ölkəmiz  müstəqillik qazandı. Amma cavanlarımız bizdən də qabağa gedib  özləri müstəqilliyə can atır.  Çatan çatan xaricə üz tutur. Ay balam, gül kimi Vətənimiz var,  özümüzə görə dolanışıgımız, siyasi sabitliyimiz. Şükür Qarabağı da  almışıq, sizin xaricdə nə itiniz azıb axı?"

Heç iki gün keçmədi ki, nənənin qapısı döyüldü.

Gələn sevimli nəvəsi idi. Bir əlində alman dili sertifikatı, o biri əlində nənəyə məxsusi hədiyyə aldığı yun şal. Nənə elə qapının astasında Kamalı bağrlna basdı:

- Şükür, sağ- salamat  gəlib çıxdın. Sənin mitinqlərdə nə için vardı? Otur oturduğun yerdə. Gör başını bəlaya sala bilərsənmi?

 Kamal nənəsini sakitləşdirdi:

- Ay nənə, oteldə darıxırdım. Elə səs- küyü eşidib düşdüm görüm nə hadisə baş verib. Bir də gözümü açıb gördüm ki, izdihama qarışmışam, əlimdə də Gürcüstan bayrağı.

- Yaxşı, bəs  ananın dediyi sürpriz nə məsələ idi?

- İllərlə arzusunda olduğum alman dilini öyrəndim, uğurla imtahan verib sertifikat da aldım. Gürcüstana buna görə getmişdim.

Nənə  sevinmək əvəzinə deyindi:

-Ay anasına oxşamış. Mən də deyirəm bu niyə sevinir. Rəhmətlik atam indi qəbrində tərsinə çevrilib. Gedib düşmənlərin dilini öyrəndin  axır ki. Sən sabah gedib faşiistlərin qızını da alarsan. 

Kamal gülümsünüb, gözləri dolmuş qoca nənəsinin boynunu qucaqladı.