Rəsul Rzanın istedadlara qayğısı

CƏLİL CAVANŞİR
27665 | 2013-10-04 00:15
Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan Rəsul Rzanın yaradıcılığı ilə dərin tanışlığım yoxdur. "Rənglər" silsiləsini, 10-15 şeirini və "Qızıl gül olmayaydı" poemasını oxumuşam.
Rəsul Rza yaradıcılığı haqqında fikir demək üçün, bəlkə də oxuduqlarım kifayət deyil. Amma mənə elə gəlir ki, təkcə "Rənglər" silsiləsi Rəsul Rza haqqında "istedadlı şair" ifadəsini işlətməyə imkan verir. Rəsul Rza öz yaradıcılığı ilə, sərbəst şeirlə Azərbaycan ədəbiyyatına gətirdiyi yeni nəfəslə ədəbiyyat tariximizdə qalmağa, xatırlanmağa, sevilməyə layiq sənətkardır. Azərbaycan Sovet ədəbiyyatını heç şübhəsiz ki, onsuz xatırlamaq insafsızlıq olar. O qanlı illər neçə-neçə istedadı məhv etsə də, repressiyalar Rəsul Rzadan, Səməd Vurğundan, Süleyman Rüstəmdən yan keçir.
Heç şübhəsiz ki, Səməd Vurğun xalqa daha yaxın, daha anlaşılan və daha doğma idi. Çünki Səməd Vurğun yazdığı şeirin "dağdakı çoban" tərəfindən də anlaşılan olmasına çalışırdı. Rəsul Rza isə fərqli idi. O, ənənəvi şeiri gözəl bilirdi və hətta yaradıcılığının ilkin mərhələsində yazdığı sərbəst şeirləri texniki olaraq heca şeiri hesab etmək olar. Nümunələrlər çəkib, yazını uzatmaq istəmirəm. Bu bəlkə də başqa bir yazının mövzusu olacaq.
Səməd Vurğunun poeziyadakı hökmranlığı təxminən 60-cı illərə qədər davam etdi. Bu mərhələyə qədər Səməd Vurğunun poeziyamızdakı üstünlüyü açıq-aydın hiss olunur. Növbəti mərhələdə üstünlük açıq-aydın Rəsul Rzanın tərəfindədir. Artıq onun poeziyası ənənəçilikdən, əyalət estetikasından uzaqlaşır, yaradıcılığında intellektualizm, analitik bədii idrak, fəlsəfi yanaşma özünü aşkar şəkildə büruzə verir. Artıq yaradıcı gənclik də Rəsul Rzanın tərəfindədir.
Yuxarıda qeyd etdiyim kimi, Rəsul Rzanın yaradıcılığını geniş şəkildə təhlil etməyə cəsarət etmirəm. Bu yazıda tamam başqa məqamı - Rəsul Rzanın gəncliyə qayğısına diqqət çəkmək istəyirəm.
Mənim yazmaq istədiyim məhz bu məqamdır.
Sovet dövrünün dəbi qovğalarında gənclərə arxa olmaq, onları arxasınca aparmaq, müdafiə etmək də böyük cəsarət tələb edən hadisədir. O dövrün canlı şahidlərindən biri Tofiq Abdin Rəsul Rzanın gənclərə necə arxa olması haqqında ürəklə söhbət açır. Və Tofiq abi onu da qeyd edir ki, bütün bu qovğalar Rəsul Rzaya sağlamlığına, əsəblərinə də ciddi təsir edib: "Əgər Rəsul Rza cavan şairlərə əl tutduğu zamanı və onların qabağına düşüb müdafiə elədiyi günləri ömrünə rəva bilməsəydi, bütün bunlar üçün həyatının bir hissəsini qurban verməsəydi bir az daha çox yaşayardı..." (Tofiq Abdin, "Onların dünəni", "Vektor" Nəşrlər Evi, Bakı-2012)
Yuxarıdakı fikirlərində Tofiq Abdin qətiyyən mübaliğəyə yol vermir. Elə məhz Tofiq Abdinin özünü də qanadları altına alan, komvol kombinatının eks usta köməkçisini, tələbə Tofiqi Azərbaycan Sovet Ensiklopediyasına aparan Rəsul Rza olub. Bu gün də 70-dən çox yaşı olan qocaman qələm adamı Tofiq Abdin, Rəsul Rzanı sevgiylə, sayğıyla, ehtiramla xatırlayır.
Rəsul Rzanın qayğısını, köməyini hiss edən təkcə Tofiq Abdin deyil. Bu gün Rəsul Rzanın poeziyada davamçısı hesab edilən Ələkbər Salahzadə, İsa İsmayılzadə və o dövrün digər istedadlı gəncləri də Rəsul Rzanın qayğısını daim hiss edib. Artıq brendləşən Rəsul Rza gəncləri, eyni zamanda istedadlı həmkarlarını çəkinmədən müdafiə edirdi. Həmkarları Süleyman Rüstəm və Nəbi Xəzri Rəsul Rzanı gəncləri ifrat şəkildə müdafiə etməkdə günahlandırsalar da, o müdafiə xarakterli yazılarını davam etdirir. Bu məqamda poeziyamızın nakam şairi, gənc yaşda həyatdan köçən Əli Kərimə qarşı Rəsul Rzanın qayğısını xatırlamaq yerinə düşər.
Rəsul Rzanın 1967-ci ildə çap olunmuş "Mənim fikrimcə..." məqalələr toplusunda "Qayğı sözü və qayğı özü" məqaləsində oxuyuruq:
"...Tənqidi yazılarda haqqında söhbət gedən şairlərdən biri də Əli Kərimdir. Onun "Franqmentlər" şeirindən gətirilən parçalara əsasən şairə ağır ittihamlar verilir. Onun şeiri parodiya adlandırılır. "Görəsən "Azərbaycan" jurnalı bu dumanlı şeiri nə fikirlə oxuculara təqdim etmişdir?" deyə ədəbi mülahizədən artıq inzibati intonasiyalı bir sual verilir. Gəlin bu şeiri bir də oxuyaq, görək doğrudanmı "Franqmentlər" parodiyadır, dumanlıdır?
Şeirin "Franqmentlər" adlandırılması təsadüfi deyil. Bu ad şeirin formasına, obrazlar silsiləsinə, bədii mahiyyətinə uyğun olaraq seçilmişdir. Məlum həqiqətdir ki, bədii əsərdən danışarkən onu bir küll halında qiymətləndirmək lazımdır, misraları, bəndləri süni şəkildə bir-birindən ayırmaq, onların fikir rabitəsini qırmaq doğru deyil, düzgün nəticə verməz..."
Rəsul Rza belə Rəsul Rza olub! Kim bilir, bəlkə də vaxtında müdafiə etməsəydi bu gün İsa İsmayılzadəni biz gənc nəsil tanımırdıq. Bəlkə də, İsa İsmayılzadə kimi intellekt və istedad sahibini "zəhmli qocalar" ədəbiyyatdan küsdürmüşdülər...
"...Məqalələrdən birində İsa İsmayılzadənin "Yağış gölməçəsi" şeiri "bulanıq gölməçələrə "fəlsəfi" münasibət" adlandırılır...

..."Atını" göylərdə sürdü çoxusu
Ayağı çırmalı uşaqların da
Çubuq köhlənlərin dırnaqlarında
Çilik-çilik oldu göyün yuxusu.

Yerdə əmələ gəlmiş gölməçələrdə göylər əks olunmuşdur. Uşaqlar atını bu gölməçələrdə "əks olunmuş göylərdə" çapırlar. Hər uşaq üçün onun mindiyi çubuq bir köhləndir. Çubuğun yerlə sürünən başı sanki bu köhlənin dırnağıdır. Uşaqların çubuq köhlənləri keçdikcə gölməçənin sükutu - yuxusu şüşə kimi (gölməçənin üzü doğrudan da şüşəyə bənzəmirmi?) sınır, çilik-çilik olur.
Əgər bu, poeziya deyilsə, bəs poeziya nədir?
Yaxşı olmazmı sadəliklə primitivliyi bir-birinə qarışdırmayaq, hissə qapılmadan, təmkinlə oxuyaq, başa düşməməyə yox, başa düşməyə çalışaq. Onda bu şeirlərdə heç bir düyün, duman, pərdə və sair olmadığını görərik".
Hansısa gənc bir şairə görə artıq oturuşmuş imza sahiblərinə qarşı çıxmaq o dövr üçün böyük cəsarət tələb edən məsələ idi. Amma Rəsul Rza bununla da kifayətlənmir, İsa İsmayılzadəni müdafiə etdiyi cəsarətlə, qayğıkeşliklə başqa bir gənci, Ələkbər Salahzadəni də müdafiə edir:
"...Ələkbər Salahzadənin "Boy" şeiri də "Qayğı və tələbkarlıq" məqaləsində kəskin tənqid olunur. Lakin bu tənqid kəskin olduğu qədər əsaslandırılsaydı, məqalənin sərlövhəsinə daha uyğun olardı.
"Boy" şeirini oxuyanlar belə nəticə çıxarırlar ki, müharibə insanlıq üçün, xalqlar üçün, dünyamız üçün bir fəlakətdir. Müharibə cəmiyyətin inkişafını ləngidir, onun boy atmasına mane olur".
Qeyd etdiyim bu məqamlar kifayət edir ki, Rəsul Rzanı hər zaman sevgiylə və sayğıyla xatırlayaq.

Cəlil Cavanşir

TƏQVİM / ARXİV