adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Sentyabr 2022 14:52
418
DÜNYA

Rusiyalı fərarilərə sığınacaq vermək lazımdırmı?

Qərbin mövqeyi haçalanır

“Müharibəyə getməkdən boyun qaçıran Rusiya vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilərlər”. Ağ evin mətbuat katibi Karin Jan Pyer belə deyib. Onun sözlərinə hər bir ərizəyə fərdi qaydada baxılacaq və həssas yanaşılacaq”.

Avropa Birliyinin üzvü olan ölkələrdə isə bu məsələyə fərqli münasibət var. Məsələn, ABŞ kimi Almaniya hökuməti də repressiyalarla üzləşmək təhlükəsi altında olan dezertirlərə müəyyən şərait və bəzi şərtlər daxilində sığınacaq verməyin tərəfdarıdır. “Müharibəyə getməkdən imtina etdiyinə görə təqiblərə məruz qalan insanlar Almaniya hökumətinin himayəsinə sığına bilərlər.” – deyə daxili işlər naziri Nensi Fezer bildirib. Ədliyyə naziri Marko Buşman isə öz tvitində yazıb ki, Putinin seçdiyi yola nifrət edən və liberal demokratiyanı sevən hər kəsi görmək bizim üçün çox xoş olar. Berlində fəaliyyət göstərən Pro Asyl hüquq müdafiə təşkilatı isə AB üzvü olan bütün ölkələrə müraciət edərək onları müharibədən yayınan Rusiya vətəndaşlarına sığınacaq verməyə çağırıb. Bu çağırışı dəstəkləyən Yaşıllar partiyasının təmsilçisi də bildirib ki, AB-nin qanunvericiliyində beynəlxalq hüququn əleyhinə olaraq aparılan müharibələrdə iştirakdan boyun qaçırdan şəxslər müdafiə və sığınacaq hüququna malik olduğu üçün Rusiyadan gələn bu cür qaçqınlara sığınacaq vermək lazımdır.

Lakin birlik üzvü olan əksər ölkələr bu mövqeyi dəstəkləmir. Məsələn, Çex xarici işlər naziri Yan Lipavski deyib ki, onun ölkəsi səfərbərlikdən gizlənən Rusiyalılara humanitar viza verməyəcək. Nazir öz hökumətinin bu mövqeyini olduqca maraqlı tezislərlə izah eləyir: “Mən başa düşürəm ki, onlar Putinin məntiqsiz qərarlarına etiraz əlaməti olaraq qaçırlar. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu şəxslər öz dövlətlərinin onların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirmək istəmirlər . Bu isə humanitar viza verilməsinin şərtlərinə ziddir” – deyə o öz hökumətinin qərarını əsaslandırarkən deyib.

Latviya xarici işlər naziri isə müharibədən qaçan ruslara təhlükəsizlik nöqteyi- nəzərindən viza verilməyəcəyini söyləyib, üstəlik onu da əlavə edib ki, şenqen vizasıyla sərhəddi keçmək üçün Rusiya vətəndaşlarına tətbiq edilən qadağa da öz qüvvəsində qalacaq. Bu ölkənin müdafiə naziri Artis Pabriksin məsələyə yanaşması isə çox maraqlıdır: “Düzdür, beynəlxalq normaların tələbinə görə sığınacaq verilməsi ilə bağlı xahişlərə baxılması lazımdır. Ancaq Rusiyalıların əksəriyyətinin Putin rejiminin əleyhinə olmadığını və bizim dəyərləri bölüşmədiyini də nəzərə almaq lazımdır. Üstəlik, bu adamların nə yuvanın quşu olduqlarını dəqiqləşdirmək üçün onların hərtərəfli filtrasiyadan keçirilməsinə də ehtiyac var”.

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu da çex həmkarıyla eyni fikirdədir: “Öz ölkəsində vətəndaşlıq borcunu yerinə yetirməkdən imtina edənlərə sığınacaq vermək olmaz”. Onun Litvalı həmkarı isə rus dezertirlərinə ölkəsinin təhlükəsizliyi səbəbindən sığınacaq verilməyəcəyini söyləyib. Finlandiyanın xarici işlər naziri də müharibədən qaçanlara sığınacaq verməyəcəklərini deyib və öz mövqeyini onunla əsaslandırıb ki, sonradan həmin adamların geri qayıdacağına heç bir ümid yoxdur.

Avropa Komissiyasının nümayəndəsi Anita Xipper beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə kömək götərməyin vacibliyini söyləyib. “AB üzvü olan ölkələr həmin adamlara humanitar viza verilməsini müzakirə edəcək. Sərhəddi qanunsuz keçənlərin məsələsinə gəlincə bu barədə hər bir ölkə öz qanunvericiliyinə uyğun qərarlar qəbul edəcək.

Adalet.az