adalet.az header logo
  • Bakı -°C
08 Avqust 2026 22:26
91
SİYASƏT
A- A+

Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika

Ötən il avqustun 25-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması, eyni zamanda sülh sazişinin paraflanması Cənubi Qafqazın müasir tarixində mühüm dönüş nöqtəsi oldu. Bu hadisə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu, həm də Azərbaycan–ABŞ əlaqələrinin yeni siyasi və strateji məzmun qazandığını nümayiş etdirdi.

Vaşinqtonda əldə olunan nəticə uzun illər davam edən ardıcıl və məqsədyönlü diplomatik siyasətin məntiqi nəticəsi idi. Azərbaycan sülh gündəliyini ardıcıl şəkildə təşviq etdi, sülh sazişinin mətnini qarşı tərəfə təqdim etdi, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirdi və bütün mürəkkəb siyasi şərtlərə baxmayaraq, milli maraqlarından geri çəkilmədi. Azərbaycanın prinsipial və ardıcıl siyasəti nəticəsində Cənubi Qafqazda uzunmüddətli sülh üçün yeni imkanlar yarandı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib”. Bu yanaşma Azərbaycanın illərdir irəli sürdüyü sülh təşəbbüslərinin konkret siyasi nəticəyə çevrildiyini göstərməklə yanaşı, regionda formalaşmış yeni reallıqların da ifadəsidir.

Lakin sülh prosesinin hüquqi baxımdan tam yekunlaşdırılması üçün Ermənistanın qarşısında müəyyən öhdəliklər qalır. Prezident İlham Əliyevin ifadə etdiyi “Ermənistanın ev tapşırıqları da var” fikri məhz bu reallığa  diqqət çəkir. Söhbət ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasından gedir.

Bu məsələ həllini tapdıqdan sonra sülh sazişinin imzalanması üçün əsas maneələr aradan qalxacaq. Buna görə də Ermənistanın üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsi təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, bütövlükdə regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Vaşinqton razılaşmaları eyni zamanda Azərbaycan diplomatiyasının son illərdə üzləşdiyi müxtəlif təzyiqlər fonunda əldə etdiyi nəticələrin göstəricisi kimi də qiymətləndirilə bilər. Müxtəlif siyasi dairələr tərəfindən Azərbaycana qarşı səsləndirilən təzyiq xarakterli bəyanatlar, sanksiya çağırışları, beynəlxalq platformalarda aparılan siyasi kampaniyalar və ölkəmizin daxili məsələlərinin siyasiləşdirilməsi cəhdləri Bakının prinsipial mövqeyinə təsir göstərmədi.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas xüsusiyyətlərindən biri məhz milli maraqların ardıcıl müdafiəsi və xarici təzyiqlər qarşısında siyasi kursun dəyişdirilməməsidir. Azərbaycanın bugünkü mövqeyi göstərir ki, regionda siyasi, iqtisadi və nəqliyyat proseslərinin formalaşmasında Bakı əsas aktorlardan birinə çevrilib.

Vaşinqton görüşündən sonra keçən bir il ərzində Azərbaycan–ABŞ münasibətlərində də yeni dinamikanın formalaşdığı müşahidə olunur. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı təmasların genişlənməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunması iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.
Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, Orta Dəhlizin inkişafı, regional təhlükəsizlik və sülh gündəliyi Azərbaycan–ABŞ əməkdaşlığının əsas istiqamətləri sırasında yer alır. Azərbaycanın Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantılarından birinə çevrilməsi, enerji resurslarının Avropa bazarlarına çıxarılmasında artan rolu və Cənubi Qafqazda sabitliyin təmin olunmasına verdiyi töhfə Vaşinqtonun Bakı ilə əməkdaşlığa marağını artıran əsas amillərdəndir.

ABŞ rəsmilərinin Azərbaycana səfərləri və yüksək səviyyəli görüşlər də siyasi dialoqun intensivliyinin göstəricisidir. Bu təmaslar zamanı regional təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və sülh gündəliyi ilə bağlı məsələlərin müzakirə edilməsi iki ölkənin strateji maraqlarının bir sıra istiqamətlərdə üst-üstə düşdüyünü nümayiş etdirir.

Bütün bunlar Azərbaycanın daha geniş geosiyasi və geoiqtisadi proseslərdə əhəmiyyətli tərəfdaş kimi qəbul edildiyini göstərir. Bakı ilə Vaşinqton arasında münasibətlərin inkişafında qarşılıqlı maraqların artması bu əlaqələrin daha praktik və uzunmüddətli məzmun qazanmasına imkan yaradır.

Azərbaycan 2020-ci ildə əldə etdiyi hərbi-siyasi qələbədən sonra postmünaqişə mərhələsində də öz siyasi və diplomatik imkanlarını ortaya qoydu. Hərbi qələbənin diplomatik nəticələrlə tamamlanması Azərbaycanın regionda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasında aparıcı rolunu daha da gücləndirdi.

Bu gün Cənubi Qafqazda formalaşan yeni geosiyasi mənzərə Azərbaycanın uzunmüddətli strateji siyasətinin nəticələrindən biridir. Prezident İlham Əliyevin praqmatik və milli maraqlara əsaslanan siyasəti Azərbaycanı regional proseslərin əsas iştirakçılarından birinə çevirib. Ermənistanla münasibətlərdə sülh gündəliyinin irəliləməsi, ABŞ-la əlaqələrin yeni məzmun qazanması və Azərbaycanın beynəlxalq platformalardakı rolunun genişlənməsi bu siyasətin mühüm nəticələri sırasında yer alır.

Vaşinqtonda əldə olunan razılaşmaların əhəmiyyəti də məhz bundan ibarətdir - burada Cənubi Qafqazın gələcək inkişaf modelinin müəyyənləşməsi, nəqliyyat və iqtisadi bağlantıların genişlənməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və uzunmüddətli əməkdaşlıq imkanlarının yaradılması kimi daha geniş məqsədlər dayanır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaq.”

Vaşinqtondan başlayan prosesin əsas mesajı da bundan ibarətdir ki, Cənubi Qafqazda qarşıdurma və qeyri-müəyyənlik dövrünün yerini sülh, əməkdaşlıq, inteqrasiya və qarşılıqlı faydaya əsaslanan yeni regional düzən tutur.

Könül Nurullayeva,

Milli Məclisin deputatı