Dünyada 2,2 milyard insanın görmə problemi var
Avqustun 8-i bir sıra ölkələrdə Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunur.
Adalet.az xəbər verir ki, 2004-cü ildən etibarən qeyd edilən təqvim günü sovet və rus mikrocərrah-oftalmoloqu, tibb elmləri professoru, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Nikolayeviç Fyodorovun xatirəsinə ehtiram əlaməti olaraq onun doğum gününə təsadüf edir.
Görmə insanın ən vacib hiss orqanlarından biridir və onun itirilməsi həyat üçün böyük faciə hesab olunur. Görmə qabiliyyətinin zəifləməsi təkcə ətraf aləmin qavranılmasını çətinləşdirmir, həm də insanın sosial imkanlarını məhdudlaşdırır, fiziki narahatlıqla yanaşı psixoloji problemlərə də səbəb olur. Bu, insanın sevdiyi peşə və ya məşğuliyyətlə məşğul olmasına mane ola, peşə seçim imkanlarını daralda bilər.
Məhz buna görə oftalmoloqların əsas məqsədi bu problemlərin qarşısını almaq və onları aradan qaldırmaqdır.
Dünyada göz xəstəliklərindən əziyyət çəkən insanların sayı olduqca çoxdur.
Mütəxəssislərin məlumatına görə, dünyada təxminən 2,2 milyard insan müxtəlif dərəcəli görmə pozulması və ya korluqdan əziyyət çəkir. Onların 1 milyarddan çoxunda bu problemlərin qarşısını vaxtında profilaktika və ya müalicə ilə almaq mümkün idi. Xəstələrin böyük əksəriyyəti 50 yaşdan yuxarı insanlar olsa da, göz xəstəlikləri bütün yaş qruplarında müşahidə edilir.
Müasir oftalmologiya bir çox göz xəstəliklərinin müalicəsi üçün geniş imkanlara malikdir. Bununla yanaşı, həkimlər profilaktik tədbirlərin vacibliyini xüsusi vurğulayırlar.
Əsas tövsiyələrə zərərli vərdişlərdən imtina etmək, gözləri ultrabənövşəyi şüalardan qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etmək, qanda şəkərin, arterial təzyiqin və xolesterinin səviyyəsinə nəzarət etmək, sağlam qidalanmaq, A vitamini, Omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin qidalar qəbul etmək daxildir. Həkimlər, xüsusilə uşaqlara uzun müddət qadcetlərdən istifadə etməməyi və 3D filmlərə həddindən artıq baxmamağı tövsiyə edirlər.
Maraqlıdır ki, vaxtilə çox məşhur olan Tetris oyunu bu gün bəzi oftalmoloqlar tərəfindən göz məşqlərində də istifadə olunur. Mütəxəssislər mütəmadi göz müayinəsindən keçməyin vacibliyini də xüsusi qeyd edirlər. Çünki bir çox göz xəstəlikləri erkən mərhələdə aşkar olunduqda tam müalicə edilə bilir.
Beynəlxalq Oftalmologiya Günü münasibətilə ənənəvi olaraq elmi konfranslar, simpoziumlar və peşəkar görüşlər keçirilir. Bu tədbirlərdə oftalmologiya sahəsində fərqlənən həkim və alimlərin fəaliyyəti yüksək qiymətləndirilir, beynəlxalq təcrübə mübadiləsi aparılır, müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir.
Həmçinin bu gün münasibətilə yüksək nəticələr əldə etmiş oftalmoloqlar mükafatlandırılır, göz xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hazırlanmış yeni tibbi avadanlıq və texnologiyalar nümayiş etdirilir.
Bir çox oftalmoloji mərkəz və institutlar Beynəlxalq Oftalmologiya Günündə vətəndaşlar üçün ödənişsiz konsultasiyalar, diaqnostik müayinələr, hətta bəzi hallarda cərrahi əməliyyatlar təşkil edir. Bu, insanların yüksək ixtisaslı mütəxəssislərin qəbuluna düşməsinə, peşəkar məsləhət və tibbi yardım almasına imkan yaradır.(Azərtac)
Digər Xəbərlər
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13


Bakı -°C

