adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
24 May 2022 15:07
492
MARAQLI

Saçların vaxtından tez ağarmasına səbəb nədir?!

Saç insanın xarici görünüşdə sözsüz ki, müstəsna rol oynayır. Saçlar adətən, insan görünüşünün bəzən də gözəlliyinin tərkib hissəsi kimi qəbul edilir. Lakin vaxtından tez ağaran saçlar bir çox adamlarda təbii olaraq məyusluq hissi yaradır. Həyata nikbin baxanlar üçün bəzən bu vaxtından əvvəl bəyazlaşan saçlar yeni xarici görünüşdə yeni üslub kimi pozitiv qarşılanır. Bəziləri üçün bunun heç bir fərqi olmur. Bəziləri isə tez ağaran saçları çox ciddi problem kimi qarşılayır. İstənilən halda hər kəs istəyər ki, daim gənc və gözəl görünsün. Bu dəfə vaxtından daha tez ağaran saçlardan danışacağam. Bununla bağlı bir sıra elmi və tibbi araşdırmalardan əldə olunan məlumatları nəzərinizə çatdırıram:

Mütəxəssislərin fikrincə saçların ağarması ümumilikdə bir irsi haldır, yəni daha çox genetik amillərdən asılıdır. Valideynlərdə erkən yaşlarda saçlar ağarırsa, demək, bu sizdə də özünü göstərə bilər.Saçların ağarması tək-tək formada 30 yaşdan sonra, sürətli ağarma 50 yaşdan sonra müşahidə olunur. Qeyri-düzgün qidalanma, tək pəhrizlər (hər hansı 1 məhsulla qidalanma), vitamin və mikroelementlərin çatışmazlığı da saçların erkən ağarmasına gətirib çıxarır. Bu səbəbdən saçların ağarmasının qarşısını almaq üçün sağlam qidalanmaq lazımdır.
Saçların ağarmasını ləngidən qidalar arasında: kərə yagı, pendir, ət, toyuq, dəniz məhsulları, süd və süd məhsulları, şokalad, qoz, qara çörək otu və s. Qızardılmış və yağlı qidalar, ədviyyatlı və turşulu yeməklər, spirtli içkilər, qəhvə, siqaret əksinə saçların ağarmasını tezləşdirir.

Digər mütəxəssislərin qənaətlərinə görə saçların, bədən tüklərinin ağarması normal təbii prosesdir, onun qarşısını almaq olmur, lakin hazırda gənclərdə erkən ağarma çoxalıb.Məlum olub ki, asiyalılar vaxtından əvvəl ağarmaya meyillidir, nəinki digər irqlər. Bununla bağlı həkimlər saçların vaxtından əvvəl ağarmasına səbəb olan insan amili, 5 zərərli vərdişi üzə çıxarıb.

Birincisi tez ağaran saçlar zəif qidalanma və vitamin azlığı səbəbindəndir.Saçlar üçün dəmir, D vitamini, kalsium, selen, sink çox vacibdir. Qanazlığı olan insanların saçı effektivliyini itirir. B vitamin, yod, fol turşusu, eləcə də hormonların əskikliyi baş dibindəki tük hüceyrələrinin qidalanmasını poza bilir. Saçların tez ağarmasına əsas səbəblərdən biri qida faktorudur.

Bundan başqa tütün məmulatlarının qəbulu da təsirsiz deyil. Hətta özünüz çəkməsəniz belə, ailə üzvünün hər gün siqaret çəkməsi saçların qan dövranını pozulmasına səbəb olur.

Növbəti faktor isə stress, həyəcan və əsəblə bağlıdır. Daim fikir çəkən, əsəbi insanların saçının ağardığı qədimdən məlumddur. Həm də normal yuxu almayanların saçı tez bəyazlaşır.

Daxili orqanlarında problem olanlarda da vaxtından əvvəl saç ağarması müşahidə olunur. xəstəlikləri vaxtında aşkar etməmək, qarşısını almamaq, müalicə olunmamaq dəri, saçlara da mənfi təzahürünü göstərir. Mədə-bağırsaq xəstə olduqda, faydalı maddələr bədənə lazımı şəkildə təsir etmir.

Daha bir səbəb isə saçların tez-tez kimyəvi maddələrə məruz qalması, keratin, boya, lak, zərərli şampunlar, isti fenlər, müxtəlif gellər, prosedurlarla əlaqəlidir. Məhz bu vasitələrlə saçların strukturunu pozur və onların canlılığını minimuma yetirir.

Saçlarla bağlı problemlər dermatoloq və trixoloqlar tərəfindən müalicə edilir. Buna görə də bu hal müşahidə edilən kimi dərhal mütəxəssislərə müraciət etmək lazımdır.

Sonda hər birinizə sağlam həyat arzu edirəm...

 

Hazırladı : Bünyamin Bünyadzadə