adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Iyun 2023 11:54
1250
MÜSAHİBƏ

Səhiyyə Nazirliyi: “Mentol ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir” - FOTO

“Mentol və nanə ətirli siqaretlər vaxtından əvvəl ölüm riskini artırır”.

Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik məlumatlarına görə, hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir. Siqaretin tərkibindəki maddələrin insan orqanizminə hansı zərəri var?

- Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir.

Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan təhlükəsiz tütünçəkmə üsuludur. Qəlyan çəkdikdə insan orqanizmi xərçəng yaradan çoxsaylı maddə qəbul edir və qanda dəm qazının səviyyəsini son dərəcədə yüksəldir. Qəlyan tüstüsündəki təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması siqaret çəkən insanlarda olduğu kimi, xəstəliklərin yaranmasına səbəb olur. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır.

- Bəs elektron siqaret və bu kimi yeni məhsullar barədə nə demək olar?

- Qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir. Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır. Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçirlər.

- İnsanlar tütün məhsullarının zərərləri haqqında lazımi qədər məlumatlıdırmı? Bu istiqamətdə hansı işlər aparılır?

- Əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması olduqca vacibdir. Ona görə də bu sahədə əhalinin məlumatlılığının artırılması tütün istehlakı normaların dəyişdirilməsi üçün zəruridir.
Maarifləndirmə, məlumatın ötürülməsi, sağlam həyat tərzinin təbliği, tütündən istifadə və tütün tüstüsünün zərərli təsirinə dair əhalinin məlumatlandırılması sağlam həyat tərzinə keçid vasitələrindən biridir. Qeyd etmək istəyirəm ki, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində müxtəlif Dövlət Proqramları çərçivəsində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən geniş tədbirlər və fəaliyyətlər görülür. Bu iş sektorlararası əməkdaşlıq prinsipi ilə həyata keçirilir, müasir texnologiyalardan və sosial şəbəkələrdən istifadə etməklə təşkil olunur və ictimaiyyət tərəfindən geniş dəstəklənir.

- Sonda tütün çəkməkdən imtina etmək istəyən oxucularımıza nə tövsiyə edərdiniz?

- Tütündən istifadə güclü asılılıq yaradır. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb.

Tütündən imtina cəhdləri bəzən uğursuz ola bilər, amma mən bu cəhdləri daha inamla təkrarlamağı tövsiyə edirəm. Əsas odur ki, insanın özündə tütündən imtina etmək istəyi olsun və bu vərdişdən qurtulmaq ümidini heç bir halda itirməsin. Tütündən imtina etmiş şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da tütün tüstüsü səbəbindən yaranan təhlükələrdən xilas edir.

Digər vacib məqam: siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil. Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq norma halını alır.

Sonda qeyd etmək istəyirəm ki, ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil tətbiq hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni istifadə etdikdə gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.