13 Oktyabr 2022 14:55
1220
ƏDƏBİYYAT

Sərhədçilərin Məmməd Araz sevgisi - FOTOLAR

Oktyabrın 14-də xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ili tamam olur. Bununla əlaqədar olaraq Dövlət Sərhəd  Xidmətinin Xüsusi Məktəbində şairin xatirəsinə həsr olunmuş maraqlı bir tədbir keçirildi. 

Onu da qeyd edək ki, bu məktəb 2011-ci ildə fəaliyyətə başlayıb. Sərhəd Xidmətinin Akademiyası üçün kursantlar hazırlayır. Məktəbə 4-cü sinifi bitirən oğlanlar imtahan qaydasında qəbul olur və 7 il bu məktəbdə həm orta təhsil alır, həm hərbi bilikləri öyrənir, həm də hərbiçi kimi yetişdirirlər. Məktəbdə 700-ə yaxın kursant təhsil alır. Və bu kursantların təhsili ilə, təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Kursantlar üçün gözəl bir yataqxana da inşa edilib və yataqxanada onlar üçün hər cür şərait yaradılıb. 

Onu da qeyd edim ki, Xüsusi Məktəb ölkənin ən ideal orta təhsil ocaqları səviyyəsindədi. Və bu məktəb Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və məktəbin açılışında şəxsən özü iştirak edib. Qısası məktəbə və burda verilən təhsil və tərbiyəyə söz ola bilməz. Gələcək zabitlərin hazırlanması üçün yüksək səviyyədə şərait yaradılıb. 

Məktəbin müəllim heyəti və kursantları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad elədilər və Azərbaycanın Dövlət Himnini oxudular. Xatirə tədbirini məktəbin rəisi, polkovnik Asif Muradov açdı və dedi ki, gələn il şairin 90 illik yubileyidir. Belə qərara gəldik ki, elə 90 illik yubileyə bu ildən biz start verək. 

Ən maraqlısı da o idi ki, tədbirə Məmməd Arazın doğulduğu Şahbuz rayonunun ən ucqar dağ kəndi - Yuxarı Qışlaq məktəbinin müəllim və şagirdləri də video bağlantı şəklində qoşuldular. Məktəbin müəllimi, əməkdar müəllim Çərkəz Fətəliyev Məmməd Arazın yaradıcılığı haqqında geniş bir çıxış etdi. Sonra məktəbin kitabxana müdiri Qabil Fətəliyev şagirdlərin hazırladığı kompozisiyanı təqdim elədi. Həm də həmin məktəbin şairin Nursu kəndindəki ev muzeyindən hazırladıqları reportajı da nümayiş olundu. 

Sonra aparıcı, kapitan Ülviyyə Abdullayeva sözü məktəbin kursantlarına verdi. XI sinif kursantları «Dünya mənim, dünya sənin, dünya heç kimin» mahnısını ifa etdilər. Daha sonra söz VII sinifin «a» və «c» bölməsində oxuyan kursantlarına verildi. Onlar da şairin müxtəlif şeirlərindən hazırladıqları kompozisiyanı təqdim etdilər. Özü də hərbiçi intizamı ilə hiss olunurdu ki, bu kursantlar tədbir xatirinə hazırlaşmayıblar və elə əvvəldən Məmməd Arazın şeirlərini əzbər bilirlərmiş. 

Tədbirdə şairin qızı, «Ədalət» qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncay çıxış edərək kursantlara uğurlar arzuladı. Bildirdi ki, onlar gələcəkdə həm zabit şərəfini, həm də sərhədçi şərəfini ləyaqətlə qoruyacaqlar. 

Tədbirdə iştirak edən millət vəkili Aqil Abbas da sərhədçilərin 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıqlarından söz açdı. Bildirdi ki, 44 günlük müharibədə qazandığımız qələbə uğrunda 47 sərhədçi şəhid olub və onlardan 12-i Vətən Müharibəsi qəhrəmanı adına layiq görülüb.  Və onu da dedi ki, sərhədçilər təkcə müharibədə şücaət göstərmirlər, onlar qaçaqmalçılığa, narkomaniya və sərhəd pozuntularına qarşı daima şərəflə mübarizə aparırlar. 

Məclisin sonunda polkovnik Asif Muradov yekun sözü söylədi. Və həm də Şahbuzun Yuxarı Qışlaq kəndinin müəllim və şagird heyətinə tədbirdə video bağlantı ilə iştiraklarına görə təşəkkürünü bildirdi. 

Tədbirin sonunda xatirə şəkili çəkildi. 

Nicat Novruzoğlu