SEVİLMƏYİ HAQQ EDƏN AQİL ABBAS - Əbülfət Mədətoğlunun təəssuratı
Həmin gün , yəni iyunun 10-da Ağcabədidə mənim də, elə mənimlə birlikdə olan hər kəsin də ovqatı başqa idi. Çünki keçiriləcək tədbir özü bizi bu ruha kökləmişdi. Adətən millət vəkili Aqil Abbasın seçiciləriylə olan görüşlərin demək olar ki, böyük hissəsinin iştirakçısı və şahidi olmuşam. Açığını deyim ki, həmin görüşlər özünün aurası, fikir və mövzu yükü ilə həmişə məni sıxıb. Çünki iştirakçılar ancaq öz ehtiyaclarını, öz tələblərini dilə gətiriblər. Hamı deputatdan istəyib, umub - yardımı da, köməyi də. Bu dəfə isə fərqli bir görüş olacaqdı…
Görüşü Ağcabədi rayon İcra Hakimiyyəti və bir də rayonun mədəniyyət işçiləri birlikdə təşkil etmişdilər. Görüşün mövzusu, əslində yenə Aqil Abbas idi. Yəni onun bu ilin aprel ayının 1-də tamam olan 70 yaşının doğulduğu Ağcabədidə qeyd olunması idi. Mən görüşdən öncə keçirilən tədbirin proqramı ilə tanış olanda hiss etdim ki, təşkilatçılar bu işə məsuliyyətlə yanaşaraq , real mənzərəni, hava şəraitini və bir də vaxta dəyər verməyi az qala zərgər dəqiqliyi ilə hesablamışdılar. Adətən belə tədbirlərdə bir boşluq, bir sərbəstlik donlu şərait yaradılır. Bu dəfə isə sərbəstliyin özünə də bir önəm verilmişdi. Bu önəm də mahiyyəti sərbəstlikdən mükəmməl istifadə idi, yararlanmaq idi.
Görüş Ağcabədi rayon Mədəniyyət Evində təşkil olunmuşdu. Mədəniyyət Evinin həyətində xüsusi afişalar qoyulmuşdu. Bu görüşə dəvət afişaları idi. Binanın foyesində isə yaıçı Aqil Abbasın kitablarının sərgisi təşkil olunmuşdu. Görüşü «525-ci qəzet»in baş redaktoru, AYB-nin katibi, Mətbuat Şurasının sədri Rəşad Məcid idarə edirdi. Yəni biz tamaşaçılar, izləyicilər səhnədə Aqil Abbasla yanaşı əyləşmiş Rəşad Məcidin özünəməxsus üslubda, hər zaman olduğu kimi , yenə də aparıcı missiyasını bizlərə həzm etdirirdi. Onun yumoru da, təbəssümü də, hətta ciddi söylədiyi fikirlərin içindəki şirinlik də ürəyə yatım idi. Rəşad Məcid Aqil Abbas barəsində təqdimat xarakterli qısa çıxışını edəndən sonra söz millət vəkili, Milli Məclisin Komitə sədri Tahir Rzayevə verildi. Tahir müəllim hələ Dövlət Universitetində oxuduğu illərdən tanıdığı, tələbə yoldaşı olduğu Aqil Abbasla bağlı maraqlı xatirələrini danışdı, onun bir millət vəkili kimi xalqla təmasının şirinliklərindən söz açdı. Xüsusi olaraq vurğuladı ki, Aqil Abbası təkcə ağcabədililər yox, bütün Azərbaycan sevir, dəyərləndirir, hətta bu sevgi dövlətin bütün qurumlarında da birmənalı şəkildə qəbul olunubdur.
Rəşad Məcidin idarə etdiyi görüşdə musiqi də könülləri oxşayırdı. İstəyir Elnur Fərzəliyevin «Sevgili canan» romansı, istər Əhəd Təhməzovun «Sarı gəlin»i, eləcə də Ü.Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinin şagirdləri Ləman, Laləzar və Aylinin " Qarabağ şikəstəsi" bu görüşün daha da yaddaqalan olmasında öz sözünü deyirdi.
Görüşdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sözünə bir az uzaqdan başladı. O, öncə Aqil Abbası bir jurnalist, «Ədalət» qəzetinin baş redaktoru, Azərbaycanın bir ziyalısı kimi təqdim etdi. Onun torpağa, Qarabağa bağlılığını xüsusi vurğuladı. Rafil müəllim bildirdi ki, Aqil Abbas vəhylə Ağdamın necə azad ediləcəyini «Dolu» romanında yazmışdı. 15 il bundan öncə o, romanında yazmışdı ki, biz bir güllə atmadan Ağdama dönəcəyik. Həyat göstərdi ki, Aqil Abbas Vətən sevgisi ilə bu torpaqların necə azad ediləcəyinə inamını təkcə sözündə-söhbətində deyil, həm də əsərlərində bizlərə çatdırıb. Onun sonuncu «Çay qırağında bitib susuz qalan ağacların sağlığına» povesti də məhz həmin sevginin gerçək nümunələrindən biridir. Biz ağcabədililər sevinirik ki, eloğlumuz ölkə prezidentinin fərmanı ilə ən yüksək ordenə layiq görülüb. Həm mükafat, həm də yubiley münasibətilə Aqil müəllimi bir də təbrik edib, Ağcabədi rayon İcra hakimiyyəti başçısının fəxri fərmanını məmnuniyyətlə ona təqdim edirəm.
Görüşdə çıxış edən hər kəs, xüsusilə Aqil Abbasın şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış Bayat kənd kitabxanasının müdiri Təhminə Quliyevanın söylədiyi fikirlər böyük maraqla qarşılandı. Sonra söz yubilyara verildi. Tam səmimi deyəcəm, ilk dəfəydi ki, yazıçı Aqil Abbası doğulduğu məkanda çox kövrək, çox duyğulu bir halda gördüm... Həqiqətən ONUN bu halını ilk dəfəydi izləyirdim. Ona görə də verilən suallara, hətta replikalara da yığcam və içdən gələn bir sevgi ilə cavab verirdi. Ən maraqlısı da bu idi ki. Aqil Abbas hər kəsə elan etdi ki, 30 ildən sonra sizə deyirəm:
- Nə qədər ki Ağdam işğaldaydı, mən ağdamlıydım. İndi isə ağcabədiliyəm. Sizinlə fəxr edirəm!
Bəli, görüş başa çatdı. Amma heç kim ayrılıb getmək istəmirdi. Yazıçının avtoqrafla kitabını əldə etmək istəyənlər növbəyə düzülmüşdü. Mən isə kənardan dayanıb bu gün səhər-səhər Aqil Abbasın Rəşad Məcidl birlikdə Ulu Öndərin abidəsi önünə tər çiçəkləri qoyduğu andan orta məktəbin aşağı sinifində oxuyan VIII Muğam Televiziya müsabiqəsinin diplomantı Lətif Lətiflinin «Sarı bülbül»ü dinlədiyimiz ana qədər necə bir duyğulu halda olduğunu, gözlərinin dibindəki sevinc və qüruru və bir də hər dəfə Zəfərdən, Ağdamdan, Şuşadan danışanda ürəyinin necə atlandığını müşahidə edirdim. Haqqındı, Aqil Abbas. Sən təkcə doğulduğun Ağcabədinin yox, bütün Azərbaycanın sevilən söz adamı, millət vəkilisən. 70 yaşın mübarək olsun!